"Mən bura özümlə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əyani sübutu olaraq broşür gətirmişəm. Həmin broşürlar BQXK tərəfindən tərtib olunub və Azərbaycan Ordusuna verilib".
Teleqraf.com xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat xidmətinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.
"Biz həmin broşürları Azərbaycan Ordusunun bölmələrinə, xüsusən də ön xətt bölmələrinə paylamışıq. Həmin broşürlar dərs vəsaiti olaraq tədris edilir. Həmin broşürların bir üzündə döyüş zamanı yaralılara, zərərçəkmişlərə ilkin tibbi yardımın göstərilməsi qaydaları əksini tapıb. Digər tərəfində isə döyüşçülərin davranış qaydaları göstərilib. Yəni hərbi qulluqçu döyüşdə necə davranmalıdır, kimləri hədəfə almalıdır və kimləri hədəfə almamalıdır kimi legitim məsələlər izah olunur.
Beynəlxalq hümanitar hüquqda əksini tapan prinsiplər bizim xalqımız, Ordumuz üçün yeni deyil. Bunlar bizim milli mentalitetimizdə, dinimizdə, Ordumuzda mövcuddur. Bunlar bizə çox yaxşı tanışdır və Azərbaycan qanunvericiliyində öz əksini tapıb. Azərbaycan Ordusu döyüşün qızğın vaxtında belə döyüşdə iştirak etməyənlərə qarşı necə davranmalı olduqları təlimlərdə aşılanıb", o bildirib.