"Ermənistan ərazisindən artilleriya atəşlərinə baxmayaraq, biz Ermənistan ərazisinə heç bir zərbə endirmirik. Erməni tərəfi bu qarşıdurmaya KTMT-ni cəlb etməyə, münaqişəni beynəlmiləlləşdirməyə çalışır. Biz belə yanaşmanın yolverilməz olması barədə öz mövqeyimizi bildiririk".
Teleqraf.com xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Tvitter səhifəsində yazıb.
Dövlət başçısı əlavə edib: "Ermənilərin mövqeyi tarixi yalana, beynəlxalq hüququn norma və prinsiplərinin pozulmasına əsaslandığı halda, bizim mövqeyimiz beynəlxalq hüququn norma və prinsiplərinə, tarixi ədalətə əsaslanır. Nizamlama potensialına malik olan, ləyaqətinə, ədalətliliyinə, səmimiyyətinə görə Azərbaycanın hörmət etdiyi ölkələr uzunmüddətli sülhün qarantları olacaqlar. Status-kvonun qəbuledilməz və dəyişdirilməli olması barədə beynəlxalq ictimaiyyətin, ATƏT-in Minsk qrupunun həmsədrləri olan ölkələrin bütün çağırışları havada qalır".