Ermənistan silahlı qüvvələri cəbhənin Füzuli istiqamətində dinc əhaliyə qarşı qadağan olunmuş fosforlu bombalardan istifadə ediblər.
Teleqraf.com xəbər verir ki, xoşbəxtlikdən bomba partlamayıb.
Dərhal əraziyə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin əməkdaşları cəlb olunub. Xüsusi mühafizə qayda və şərtlərinə uyğun olaraq partlamayan bomba zərərsizləşdirilib.
Qeyd edək ki, fosforlu bombadan istifadə olunmasının qadağan edilməsi ilə bağlı müxtəlif beynəlxalq sənədlər var. İlk olaraq 1868-ci ildə Sankt-Peterburq deklarasiyası qəbul edilib. Bundan başqa, müharibə qurbanlarının qorunması haqqında 1949-cu il Cenevrə konvensiyaları və əlavə protokollar, "Adi silahların konkret növləri haqqında konvensiyaya" III protokol (1980) (Həddən artıq ziyan vuran hesab edilə bilən və ya qeyri-seçim hərəkətinə malik adi sliahların konkret növlərinin tətbiqinin qadağan edilməsi və ya məhdudiyyət qoyulması barədə konvensiya) var.
Sənədlərdə qeyd olunub ki, istənilən şəraitdə mülki əhaliyə, ayrı-ayrı mülki şəxslərə və ya mülki obyektlərə yandırıcı silahdan tətbiq etməklə hücum qadağadır.