15 Oktyabr 2014 16:41
1 445
12 Punto 14 Punto 16 Punto 18 Punto

Polşanın “Polonia Christiana” qəzeti bir neçə gün öncə olduqca qalmaqallı iddia ilə çıxış etdi. KQB arxivinə istinad edən qəzet NATO-nun yeni baş katibi Yens Stoltenberq və bacısının Sovet kəşfiyyatına işlədiyi xəbərini yaydı.

Qəzetə danışan KQB-nin keçmiş polkovniki Oleq Qordiyevskinin fikirləri əlavə suallara yer açdı. Keçmiş KQB-çi yeni baş katib və bacısını nəzərdə tutaraq deyir ki, “Dövlət Təhlükəsizliyi Komitəsi onları heç vaxt pulsuz buraxmayacağı barədə qəbzlərə malikdir”.

Polkovnikin bu açıqlaması Azərbaycan siyasi arenasında zaman-zaman gündəmə gələn “DTK agenti” iddialarını yenidən aktuallaşdırır. Keçmiş KQB-çi polkovnikin dediklərinə inansaq, o zaman ehtimal etmək olar ki, KQB-nin varisi olan bu günki Rusiya xüsusi kəşfiyyatı Azərbaycanda da kimlərəsə hələ də pul ödəyir.

“DTK agenti” ittihamları

Azərbaycanda hələ də siyasətdə olan şəxslərdən bəzilərinin DTK-ya işlədiyi haqqında fikirlər mövcuddur. Hələ 1990-cı illərdən bu günə qədər “KQB arxivləri” mövzusu aktual olub və zaman-zaman bu arxivlərin açılması gündəmə gəlib. Lakin məsələ iki yanaşma var: birincisi, cəmiyyətin agentlərdən xəbər tutması üçün arxivlərin açılmasıdır, hansı ki Baltikyanı ölkələr bu təcrübəni yaşayıblar. İkincisi, arxivlərin açılmasının cəmiyyətdə düşmənçiliyə səbəb olacağı haqda yanaşmalardır.

Arxivlər açılmayıb, amma “DTK agenti” ittihamları da gündəmdən düşmür. Misal üçün, bayraqdar Elman Türkoğlu bir müddət öncə AXCP sədri Əli Kərimliyə “Əli Kərimli, DTK-da sizin gizli adınız nə olub? Bu günə kimi azərbaycanlını satmısan və həbs etdirmisən” ittihamını irəli sürmüşdü.

Ötən seçki ərəfəsində Müsavatın o vaxtı başqanı İsa Qəmbər “Müxalif partiyalarının bir qismi hakimiyyətin, bir qismi İranın, digər qismi Rusiyanın nəzarətindədir” açıqlaması bu kontekstdə diqqətləri cəlb edir. Lakin İ. Qəmbərin özü də DTK-ya işlədiyinə dair ittihamlarla qarşılaşdığı vaxtlar olub.

“Müxalifətdə hələ də DTK agenti var” açıqlaması

Publika.az KQB-nin keçmiş polkovnikinin bu açıqlamasını əsas götürərək Azərbaycanın siyasi düşərgəsindən Rusiya kəşfiyyatına hələ də işləyənlərin olması və onlara hələ də bunun müabilində pul ödənməsini araşdırmağa çalışıb.

Bu məsələ diqqəti ilk olaraq MTN-nin keçmiş rəis müavini Sülhəddin Əkbərin “Müxalifətdə hələ də DTK agenti var” açıqlamasına çəkir.

S. Əkbər vaxtilə ondan uzun bir siyahı olduğu və bu siyahını prezident Əbülfəz Elçibəyin önünə qoyduğunu deyib. Amma siyahının ictimaiyyətləşdirilməsinə ehtiyac görülməyib.

MTN-nin keçmiş əməkdaşı: “DTK-ya işləyənlər ictimai-siyasi fəaliyyətini davam etdirir”

Milli Təhlükəsizlik Nazirliyinin keçmiş əməkdaşı, Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu Publika.az-a açıqlamasında SSRİ dağılandan sonra DTK varislərinin onun öhdəliyini yerinə yetirdiklərinə inanmır. Onun sözlərinə görə, SSRİ-dən sonra DTK-nın müxtəlif ölkələrdəki agentura şəbəkəsi rəqib kəşfiyyatların əlinə keçdi: “Bunu ya satdılar, ya məqsədli şəkildə verildi, bilmirəm. Amma bu artıq hər şeyin məhvi idi. Çünki ən böyük öhdəlik DTK üçün işləyənlərin təhlükəsizliyini qorumaq üçün adların məxfi saxlanılması idi ki, buna əməl edilmədi. Bütün agentlər, o cümlədən SSRİ ilə müttəfiq olan sosialist respublikadakılar ifşa olundu. Bütün bunlardan sonra, indiki dövrdə hansısa öhdəliklər haqqında düşünmək real deyil”.

Lakin keçmiş kəşfiyyatçı Rusiyanın Azərbaycanda kəşfiyyat işləri apardığını istisna etmir: “Rusiya marağı olduğu bütün ölkələrdə, Avropanın özündə, post-sovet məkanı, o cümlədən Azərbaycanda kəşfiyyat işlərinə xeyli pul xərcləyir. Bu dəqiqdir”.

Ə. Oruclu hesab edir ki, arxivlər açılmalıdır. Onun fikrincə, bu ən azından DTK-ya işləyənlər üçün də xeyirlidir.

“Əslində açılmaq məsələsinə yanaşmalar yanlışdır. Arxivlər açılsın deyəndə çoxları düşünür ki, bu afişalar halında divarlardan asılmalı, qəzet səhifələrində dərc edilməlidir. Hansı ki, bu belə deyil. Müxtəlif ölkələrdə müxtəlif proseslər olub, bəzi post-sovet ölkələrində bu ictimaiyyətləşdirilib, bəzilərində insanların özlərinə imkan yaradıblar ki, gəlsin, əməkdaşlığı dayandırmaq haqqında yeni öhdəlik götürsün. Hansısa ölkələrdə isə həmin şəxslərin siyasi həyatdan uzaqlaşdırılması haqqında qanunlar qəbul edilir. Hesab edirəm ki, Azərbaycanda da arxivlərin açılması zəruridir. Çünki mümkündür ki, DTK-ya işləmiş insanların xeyli hissəsi bu gün də ictimai-siyasi fəaliyyətini davam etdirir. İstisna deyil ki, arxivlər nə qədər məxfi qalsa, onları şantaj edib yenidən əməkdaşlığa məcbur etmək şansları da bir o qədər artır. Düşünürəm ki, bununla bağlı xüsusi dövlət komissiyası yaradılmalı və arxivlər üzərində işlənilməlidir”, - keçmiş kəşfiyyatçı vurğulayıb.

“Məndə olan məlumata görə, DTK casuslarına maaş vermirdi, əvəzində...”

Zaman-zaman adı DTK agentləri sırasında səslənən ASDP sədri Araz Əlizadə Publika.az-a açıqlamasında bildirib ki, dünya kəşfiyyat orqanları arasında ən az pul xərcləyən SSRİ kəşfiyyatı olub. Onun sözlərinə görə, DTK agentlərinin əksəriyyəti SSR-nin xeyirxah ölkə kimi gələcəyinə inanaraq ideoloji əsaslarla işləyirdilər. Məndə olan məlumata görə, DTK casuslarına maaş vermirdi, əvəzində onların mənzil probleminin həllinə, xaricə getməsinə, xidməti vəzifədə yüksəlməsinə köməklik edirdi”.

A. Əlizadə bildirib ki, AXC zamanında onu və qardaşı Zərdüşt Əlizadəni DTK-ya işləməkdə ittiham edirdilər.

“Onda mən dedim ki, gəlin arxivlər açılsın, hər şey məlum olsun. Amma Milli Məclisin sədri olan İsa Qəmbər dedi ki, arxivlər açılsa, ölkədə yeni inqilab olacaq. Elçibəy prezident olanda ona müraciət etdik ki, inqilab olmaması üçün təkcə mənimlə Zərdüştün haqqında olan məlumatlar açılsın. Elçibəy bunun ədalətsizlik olduğunu əsas gətirərək razı olmadı. Burdan belə məntiqi nəticəyə gəlmək olar ki, İsa Qəmbərin də, Əbülfəz Elçibəyin də, digərlərinin də KQB-də dosyeləri olub. Bizimsə yox. Mən bu gün də arxivlərin açılmasında narahat deyiləm”, -deyə o bildirib.

“Primakov Bakıda olarkən Vaqif Hüseynova demişdi ki...”

Hazırda DTK-ya işləyənlərin olmasına gəlincə, ASDP sədri “KQB-nin keçmiş əməkdaşı olmur, sadəcə ehtiyata buraxılırlar” sözlərini nümunə kimi göstərib: “Vaxtilə bir fakt məlum idi. Primakov 20 yanvardan əvvəl Bakıda olarkən Vaqif Hüseynova demişdi ki, kimə toxunursunuz toxunun, bircə İsa Qəmbərə toxunmayın. Biz ondan hələ çox istifadə edəcəyik. Primakov ömrü boyu Rusiya kəşfiyyatının böyük agentlərindən biri olub. O cümlədən, sonradan xarici kəşfiyyat idarəsinin rəisi oldu”.


Müəllif:

Oxşar xəbərlər