Prezident İlham Əliyev Azərbaycan xalqına müraciətində status-kvonun dəyişdirildiyini bəyan etdi. Azərbaycanın işğal olunmuş ərazilərində məskunlaşma siyasəti aparılırdı və buna cavab verilmirdi.
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün keçirilən brifinqdə deyib:
"Artıq Azərbaycanın bir çox torpaqları işğaldan azad edilib. Ermənistanın nəticə etibarilə sülhə məcbur edilməsi əməliyyatının birinci mərhələsi başa çatıb.
Çağırışlara cavab olaraq Xarici İşlər naziri Ceyhun Bayramov danışıqlar prosesində iştirak etdi. Humanitar atəşkəsin elan edilməsi hərbi əməliyyatın gedişidir. Lakin Ermənistan tərəfi hücumları davam etdirir və bu, xarici jurnalistlər tərəfindən qeydə alınır".
Hikmət Hacıyev bildirib ki, torpaqların azad edilməsi Ermənistana psixoloji zərbədir: "Azərbaycan ərazilərinin işğaldan azad edilməsi üçün tam şəkildə fəaliyyətə davam edəcək. Əsgərlərimizin qazandığı uğurları siyasi-diplomatik vasitələrlə də qeyd etməliyik.
Ermənistan baş naziri 7 şərtlə çıxış edib, danışıqlar prosesinin dəyişdirilməsini tələb edirdi. 30 ildir aparılan danışıqlar prosesində susqunluq vardı.
Azərbaycanı danışıqlara heç kim məcbur edə bilməz. Atəşkəs özlüyündə sülh deyil və ola bilməz. Atəşkəs sülh prosesinin irəli aparılması üçün vasitələrdən biri ola bilər. Biz yenə də Ermənistanın riyakarlığını görürük. Bu rolda Ermənistanın siyasi rəhbərliyi özünü göstərir.
1994-cü ilin atəşkəs haqqında sənədi Ermənistan təhrif edir və ona don geyindirməyə çalışırdı. Lakin bu gün Ermənistanın təkidi ilə humanitar qaydalar əsasında atəşkəs elan edilib. Əsas və yekun hədəfimiz beynəlxalq aləmdə tanınmış sərhədlərimizin, ərazi bütövlüyümüzün bərpa edilməsidir. Xalqımız da əmin ola bilər ki, Prezidentin bu siyasətində Azərbaycanın maraqları ən ali maraqlardır".