Ölkə başçısının rəhbərliyi və Birinci vitse prezidentin tapşırığı ilə Gəncədəyik. Hadisə ilə tanış olub, yerli sakinləri dinləmək üçün buradayıq.
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün keçirilən brifinqdə deyib.
"Ermənistan tərəfi öz xislətinə uyğun olaraq belə bir alçaq cinayət törətməkdədir. Gecə ikən mülki əhalinin yaşadığı yerlərə raket atılıb. Biz bunu terror aktı, soyqırımı aktı kimi qiymətləndiririk. Bunun arxasında Ermənistan siyasi rəhbərliyi durur. Onların törətdiyi cinayət əsasında dördü qadın olmaqla 9 nəfər həlak olub. Ali baş komandanın tapşırığı ilə beynəlxalq media üçün mətbuat konfransı təşkil olundu. Xarici İşlər Nazirliyinin xətti ilə toplanan məlumatlar aidiyyatı dünya ictimaiyyətinə çatıdırlacaq. Beynəlxalq ictimaiyyət tərəfindən bu hadisələrə qiymət verilməlidir".
O qeyd edib ki, Ermənistanın hücumuna qarşı əks həmlə əməliyyatları həyata keçirilməkdədir: "Cəbrayıl şəhəri, Hadrut qəsəbəsi və onun ətrafındakı kəndlər azad edildi. Azərbaycan Hava qüvvələri, hərbi hava hücumundan müdafiə qüvvələri tərəfindən bəzi hücumlar zərərsizləşdirilib. Bu hallar cəzasız qalmayacaqdır".