“Wargonzo” internet layihəsinin aparıcısı Semyon Beqov Artsrun Ovannisyanla Xankəndidən Füzuliyə (Hadrutdan keçməklə) gəlib, daş xaçkarın qarşısında müsahibə götürdüklərini əks etdirən video paylaşıb. Maşının içindən aparılan çəkiliş zamanı ətrafda bəzi bina və yollar görünür. Maraqlıdır ki, binaların heç biri zədə görməyib. Halbuki ermənilərin dediyinə görə, Xankəndidə salamat bina qalmayıb. Bu kadrlar ciddi şübhə yaradır. Çox böyük ehtimal ki, çəkiliş Ermənistan ərazisində aparılıb. Növbəti məqamlar dediklərimizi təsdiqləyir.
Teleqraf.com xəbər verir ki, bu barədə tanınmış jurnalist Sənan Nəcəfov qeyd edib.
“Füzulidə 4 yolayrıcında olan qılınc əks olunan daş xaçkarın qarşısında aparıcı izah verir ki, Azərbaycan tərəfi guya Füzulini aldığını deyir. Aparıcı sübut etmək istəyir ki, Füzuli Ermənistan işğalçı ordusunun nəzarəti altındadır. Əvvəla, Azərbaycan tərəfi rəsmi olaraq belə bir məlumat yaymayıb. İkincisi isə Füzuli ermənilərin nəzarəti altındadırsa, niyə şəhər içində çəkiliş etmirlər? Naməlum ərazidə 2-3 dəqiqəlik çəkilişlə xaçkar göstərərək Füzulidə olduqlarını demək qeyri-ciddi arqumentdir.
Yeri gəlmişkən, xaçkar məsələsi. Fakt-çekinq (araşdırma) texnologiyalarından ən sadəsini tətbiq edərək həmin xaçkarın əslində harada yerləşdiyini müəyyən etdik. Bəlli oldu ki, həmin xaçkardan Xocavəndin Marağa kəndində var. Amma çəkiliş dəqiq orada aparılmayıb. Növbəti yoxlamada həmin xaçkarın Dağlıq Qarabağ ərazisində deyil, Ermənistanın Artaşat şəhərindən şimal-qərbdə yerləşən Nor-Kyurin qəsəbəsində olduğunu müəyyən etdik”, - Sənan Nəcəfov bildirib.