13 Oktyabr 2020 18:26
1 634
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 10-da elan edilmiş humanitar atəşkəs rejimi düşmən tərəfindən pozulur. İşğalçı Ermənistan Tərtər, Ağdam, Goranboy, Mingəçevir, Ağcəbədini atəşə tutur. Terrorçu dövlət dinc əhalini və mülki obyektləri hədəfə alır, raket zərbələri endirir. Düşmən heç bir qaydaya, beynəlxalq hüquqa riayət etmir. İnsanlığa sığmayan bu hərəkətlər düşmənin faşizm xislətini, cinayətkar mahiyyətini ortaya qoyur.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin sədri, professor Hicran Hüseynova bildirib.

Komitə sədri qeyd edib ki, Ermənistan tərəfindən ikinci böyük şəhərimiz olan Gəncənin hədəf alınması bu dövlətin terrorist xislətinin növbəti nümunəsidir: “Ermənilərin Gəncədə çoxmənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində 10 nəfər mülki şəxs həlak olub. Həyatını itirənlərdən beşi qadındır. 35 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. Həmçinin 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektlərə ziyan dəyib”.

Millət vəkili bildirib ki, Gəncədə baş verən bu terror aktı sağlam düşüncənin məhsulu deyil: “Münaqişə zonasından uzaqda yerləşən əraziləri bombalamaq, mülki əhalini qurbana çevirmək açıq-aydın şəkildə soyqırımı hadisəsidir. Həlak olanlara Allahdan rəhmət, yaralılara isə şəfa diləyirəm. Qəhrəman Gəncə sakinləri ruhdan düşmür, Ali Baş Komandana, dövlətimizə, ordumuza inanır. Bu gün xalqımız hər bir mənada sınaq qarşısındadır, hər birimiz düşmənin məqsədini yaxşı anlayırıq. Lakin bir həqiqəti də bilirik ki, bizim qələbə əhval-ruhiyyəmizi qıra bilməyəcəklər”.

Deputat vurğulayıb ki, biz növbəti dəfə erməni terror aktı ilə üzləşdik: “Nə üçün dünya, həmsədr ölkələri susur? Münasibət göstərmir? Niyə bu mənfur, cinayətkar erməni rəhbərliyinə yerini göstərmirlər? Gəncədə erməni terrorunun qurbanı olan bu dinc insanların, uşaq və qadınların, yaşlıların, bir anda hər iki valideynlərini itirən 16 yaşlı Sevilin və qardaşı 8 yaşlı Hüseynin, körpə Nilayın günahı nədir?”.

Hicran Hüseynova əlavə edib ki, işğalçı Ermənistan bu cinayət əməlləri ilə heç bir beynəlxalq hüquqa əməl etmək niyyəti olmadığını göstərdi: “Biz bunu bilirik, lakin bütün dünya ictimaiyyəti bir daha əyani şəkildə şahid olsun ki, kriminal Ermənistan rəhbərliyi sülh istəmir, münaqişənin danışıqlar yolu ilə həll edilməsinə tərəfdar deyil. Bu hadisələr bir daha təsdiq edir ki, dövlət siyasətinin əsas mahiyyəti terrorizm olan Ermənistan region üçün böyük təhlükədir. Danışıqlar və atəşkəs üçün yalvaran Ermənistan yenə də silahı dinc əhaliyə, mülki və strateji obyektlərə istiqamətləndirib. Sözsüz ki, Azərbaycan təcavüzkarın əməllərini cavabsız qoymur. Düşmənin insanlığa yaraşmayan hərəkətləri onun üçün ağır nəticələrə gətirib çıxaracaq”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər