20 Oktyabr 2020 07:41
1 708
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda sosial-iqtisadi vəziyyət gərginləşir. Burada bir çox amillər öz sözünü deyir. Əlbəttə, ilk növbədə əsas səbəb müharibədir. Müharibə həm çox sayda canlı qüvvə, həm də iqtisadi resurslar tələb edir. Digər tərəfdən son günlər Ermənistanda koronavirus infeksiyasına yoluxma halları çox artıb.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq İlqar Vəlizadə bildirib.

O qeyd edib ki, artıq əksər günlərdə yoluxma halı 1500 nəfərə yaxınlaşır:

“Düşünürəm ki, bu rəqəm daha da artacaq. Çünki qış mövsümü getdikcə yaxınlaşır. Virusun ikinci dalğası Ermənistanın səhiyyə və sosial sisteminə çox böyük təsir göstərir. Belə vəziyyətdə resursu məhdud olan ölkənin durumunu təsəvvür etmək çətin deyil”.

Politoloq qeyd edib ki, Nikol Paşinyanın əleyhdarları xüsusilə fəallaşmağa başlayıblar:

“Daxili yerdəyişmələr, işdən çıxarılmalar, bir sıra yüksək rütbəli zabitlərin həbs olunması, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin vəzifədən azad edilməsi və bir çox digər məsələlər ondan xəbər verir ki, vəziyyət doğrudan da çox ciddidir. Siyasi durum da mürəkkəbləşir”.

İlqar Vəlizadə bildirib ki, digər tərəfdən Rusiyadakı erməni diasporu xeyli fəallaşıb:

“Onlar Paşinyanın yürütdüyü siyasətdən narazı və narahatdırlar. Onlar uzun illərdir Ermənistanda siyasi nüfuz sahibləri idilər. İndi də onların dayaqları qalmaqdadır. Onlar son vaxtlar fəallaşıblar və açıq deyilir ki, Paşinyanın devrilməsi istiqamətində planlar hazırlanır. Əlbəttə, bu planların nədən ibarət olduğu açıqlanmır. Biz bunu dolayı yollarla görə bilərik”.

Politoloq daha sonra deyib: “Hərbi əməliyyatların başlamasından bir-iki gün öncə Rusiya tərəfdaşı və təəssübkeşi olan Ermənistanın ikinci əsas müxalifət partiyası “Çiçəklənən Ermənistan”ın lideri Qaqik Sarukyanın həbs edilməsi ondan xəbər verir ki, Paşinyan ehtiyatlanır.

Xüsusilə Rusiya amilinin güclənməsindən ehtiyat edir. Bunun qarşısını almaq üçün müəyyən işlər görür. Amma onun resursları çox da böyük deyil, kifayət etmir. Çünki Ermənistanın repressiv maşınının resursları indi hərbə yönəlib. Düzdür, onlar daxili siyasi proseslərə nəzarət etməyə çalışırlar, amma düşünürəm ki, vəziyyət tədricən mürəkkəbləşə bilər. İnsanlar meydana axışar. Bununla da Paşinyanın devrilməsi sadəcə, vaxta bağlı məsələ ola bilər”.


Müəllif: Səxavət Həmid