Azərbaycan xalqı 30 ildir səbrlə və böyük dövlətlərin təklifi, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qərarı ilə ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərindən Qarabağla bağlı sülh sazişini gözləyirdi. 1994-cü ildə Ulu Öndər Heydər Əliyev Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atəşkəsə imza atmaqla dinc əhalinin günahsız ölümünun qarşısını aldı, habelə problemin həllinə dair ağ səhifədən danışıqlara başladı.
Bu sözləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Məzahir Əfəndiyev deyib.
Millət vəkili qeyd edib ki, bu danışıqlar Prezident İlham Əliyev tərəfindən davamlı və hədəfə doğru diplomatik uğurlarla yanaşı, Azərbaycanın hərbi-iqtisadi potensialının da yüksəlməsinə şərait yaratdı: “Dəfələrlə aparılan gərgin müzakirələr, çəkilən çətin siyasi xəritələr, böyük dövlətlərin təkidi ilə qəbul etdirmək istədikləri qərarlar, beynəlxalq təşkilatlar tərəfindən verilmiş ardıcıl vədlərin fonunda nəhayət ki, 2020-ci ilin sentyabrın 27-də Ali Baş Komandanın işğal olunmuş ərazilərimizin azad olunması istiqamətində əks-hücum əməliyyatları ilə bağlı əmri Azərbaycanın suverenliyinin bərpasını zəruri etdi. Azərbaycanın müzəffər Ordusunun Ali Baş Komandanın hərbi və taktiki əmrlərinə peşəkarcasına yanaşması, işğal altında olan torpaqlarımızın ardıcıl olaraq azad edilməsi Qarabağın bütün şəhər, rayon və qəsəbələrində müqəddəs Azərbaycan bayrağının dalğalanmasını təmin etdi”.
Onun sözlərinə görə, Ali Baş Komandanın müharibə dövrünün qaydalarına uyğun olaraq ordu ilə yanaşı, xalqın iradəsinin və birliyinin ifadəçisi olaraq qələbəyə doğru inamla addımlaması yalnız və yalnız liderlərə məxsus xarakter sayılır ki, bu da bütün Azərbaycanlıların Möhtərəm Prezidentimizi mahir siyasətçi olması ilə yanaşı, həm də strateq-sərkərdə kimi də tanımasına səbəb olub. Xüsusilə də bu sərkərdə iki cəbhədə - bir tərəfdən informasiya cəbhəsində düşmənə sardıcı zərbələr endirməkdədir, digər tərəfdən isə döyüş cəbhəsində hərbi, taktiki əmrlərin verilməsi, XXI əsrin yeni çağırışlarına uyğun olaraq müasir texnologiya tətbiq etməklə dünya tarixində görünməyən qələbənin əldə olunmasına rəhbərlik etməkdədir. Böyük xoşbəxtlikdir ki, bu gün Azərbaycan tarixində ilk dəfə olaraq itirilmiş və işğal altında olan torpaqlarımızın qaytarılması missiyası məhz bizim nəslin üzərinə düşüb və əldə olunan bu qələbələrə rəhbərlik isə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin taleyinə yazılıb”.
Məzahir Əfəndiyev vurğulayıb ki, tarix boyu öz ölkəsinin azadlığı və qorunması uğrunda yüzlərlə, minlərlə cəsur Azərbaycan övladları şücaət göstərərək ən yüksək qəhrəmanlıq adlarına layiq görülüblər: “Bu gün müasir dünyamızda bütün Azərbaycan xalqına bəxş olunan bu sevinc məhz qəhramanlıq səlnaməsinin bariz nümunəsidir və bu sevinci bəxş edən Milli Qəhraman isə – Ali Baş Komandan İlham Əliyevdir”.