“Azərbaycan işğal altında olan torpaqların müharibə yolu ilə azad edilməsinə tərəfdar olsaydı, savaşa illər öncə başlaya bilərdi”.
Bunu Teleqraf.com-a İqtisad elmləri doktoru, professor Fikrət Yusifov deyib.
O bildirib ki, uzun müddətdir Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasında yer alır: “Lakin biz yüksək humanizm prinsiplərini əldə rəhbər tutaraq, on illər boyunca bu münaqişəni sülh yolu ilə həll etmək istədik. Nə yazıq ki, qarşımızdakı terrorist erməni dövləti bunu dəyərləndirməyi bacarmadı. Erməni xalqının beynini yumuş Sərkisyan və Kəçəryan kimi cinayətkar cəlladların ardınca Ermənistanda hakimiyyətə demokratiya cildinə girmiş faşist xislətli yeni bir cəllad – Paşinyan gəldi.
Hakimiyyət kürsüsündə bir qədər oturduqdan sonra bu siyasi diletant inandı ki, Azərbaycanın əlindən nəinki Dağlıq Qarabağı almaq mümkündü, hətta işğal altına saxlanılan yeddi rayonunun ərazisində ikinci erməni dövləti də yaratmaq olar. Azərbaycanı o qədər gücsüz gördü ki, yeni torpaqlar işğal etmək sevdasına düşdü. Reallıqları dəyərləndirməyi bacarmadı. Azərbaycan ordusunun gücünü anlamaq istəmədi.
Anlamaq istəmədi ki, Azərbaycan dövləti iqtisadi, maliyyə, hərbi və bir çox digər cəhətlərdən regionun ən qüdrətli dövlətidir. Anlamaq istəmədi ki, Azərbaycanın sözü olmadan bu regionda bir qlobal məsələ belə həll oluna bilməz. “Qarabağ Ermənistandır” deyib, Azərbaycanı vətən müharibəsinə təhrik etdi”.
Professor onu da qeyd edib ki, Rusiya rəsmilərinin təşəbbüsü ilə müharibənin gedişində əldə olunmuş humanitar atəşkəsə Ermənistan tərəfi bir neçə dəqiqə belə əməl etmədi: “Atəşkəs əvəzinə döyüş sərhədlərindən yüz kilometr aralıda olan, yarım milyon insanın yaşadığıl Gəncə şəhərini ballastik raketlə atəşə tutdu. Bir sözlə, Azərbaycan bu razılaşmada öz üzərinə götürdüyü öhdəliklərə əməl etsə də, erməni tərəf buna imkan vermədi.
Azərbaycan Prezidenti dəfələrlə Ermənistanın siyasi rəhbərliyinə qoşunlarını işğal altında olan torpaqlardan çıxarıb sülh danışıqlarına getməsini təklif etdi, Paşinyan və onun komandası isə bu təşəbbüsü lazımınca dəyərləndirə bilmədi. Əksinə, bir qədər də irəliyə gedib, mümkün olan-olmayan bütün yollarla Dağlıq Qarabağa silah-sursat və muzdlu döyüşçülər daşımaqda davam etdirlər.
Başını itirmiş Paşinyan indi də Ermənistanın mülki əhalisini silahlanmağa və Azərbaycana qarşı müharibəyə qoşulmağa çağırıb. Bu düşük adam hələ də anlamır ki, beşinci nəsil silahlar qarşısında onların istifadə etdikləri odlu silaha qarşı sapandla daş atmaq qədər gülüncdür”.
Fikrət Yusifovun sözlərinə görə, Ermənistanın siyasi rəhbərliyi mövcud durumun reallıqlarını dəyərləndirmək qabiliyyətini tam itirib: “Bu müharibə Ermənistanı bir dövlət kimi çökdürəcək. Azərbaycan ordusunun döyüş meydanlarında bir neçə gün ərzində məhv etdiyi təkcə S-300 silahlarının ümumi dəyəri bir milyard dollar səviyyəsindədir. Bu, Ermənistanın xarici ticarət dövriyyəsindəki kəsirin yarısı və ya Ermənistan büdcəsinin 1/4-i qədər bir məbləğdir.
Bu gün Ermənistanın siyasi rəhbərliyi ordusunu ya müqəddəs torpaqlarımızdan çıxararaq atəşkəsə və sülh danışıqlarına getməlidir, ya da bunu şanlı Azərbaycan Ordusu edəcək.
Öz hakimiyyəti xatirinə erməni əsgərlərini ət maşınından keçirən siyasi diletant Paşinyan nə qədər ki, gec deyil Ermənistanın bir dövlət kimi mövcudluğunu təhlükə altına atdığının fərqində olmalıdır. Buna onun iradəsi və ağlı çatacaqmı?!
Görünən budur ki, o, son çırpıntılarını edə-edə sönəcək, ancaq kompromisə getməyəcək. Bu onun və erməni xalqının seçimi olacaq. Azərbaycanın şanlı ordusu isə yenilməz, qətiyyətli Ali Baş Komandanın rəhbərliyi altında müqəddəs torpaqlarımızın son qarışına qədər qaytarılmasına nail olacaq. Paşinyan və onun havadarlar bunu yaxşı bilsinlər!”