Vətən savaşının ən məsuliyyətli dönəmlərini yaşayırıq. Qəhrəman, şanlı Ordumuzun yeni qələbələr qazanacağına inamımız böyükdür. Amma bir çox ciddi narahatedici məqamları da qeyd etməliyik. Sosial şəbəkə istifadəçiləri ciddi səhvlərə yol verirlər. Həm səbrsizlik göstərərək əsgər və zabitlərimiz barəsində lazımsız qeydlər yazır, həm döyüşlərin getdiyi əməliyyat istiqamətləri ilə bağlı məlumat, video və şəkil paylaşır, həm də döyüşlərdə həlak olan, şəhidlik zirvəsinə ucalan qardaşlarımızın ad-soyadını açıqlayırlar. Bunlar qətiyyən yolverilməz hallardır.
Bu fikirləri Teleqraf.com-a hərbi ekspert Üzeyir Cəfərov deyib.
Onun sözlərinə görə, düşmən bu foto, video və qeydlərdən öz maraqları naminə istifadə edir, ordumuzun döyüş ruhunu, ona olan inamı sarsıtmaq üçün plan qurur, addımlar atırlar:
“Bu savaş bizim haqq işimizdir. Şəhidlər var və müharibə tam başa çatanadək yeni itkilərimiz qaçılmazdır. Sentyabrın 27-dən sonra, əməliyyatların ilk günlərindəki ümumi səliqə-sahman bir qədər eyforiya və məsuliyyətsizliklə əvəzlənib. Çox xahiş edirəm, buna əsla yol verməyək. Ən xırda ehtiyatsızlıqdan düşmən öz çirkin, mənfur məqsədləri üçün istifadə edir. Məsuliyyətli, ehtiyatlı, diqqətli olaq.
Sosial media ordumuza mane olur. İnanın, bunu tam səmimi və ciddi deyirəm. Bəzilərimiz bilərəkdən və ya bilməyərəkdən bir çox yanlışlıqlara yol verir”.
Üzeyir Cəfərovun fikrincə, ordumuzda da ciddi təlimatlandırma aparılmalıdır: “Kimliyindən və göstərdiyi qəhrəmanlıqdan asılı olmayaraq, hər kəs döyüş sirrini qorumalıdır. Əks halda ən sərt formada məsuliyyətə, hətta lazımdırsa cinayət məsuliyyətinə cəlb etmək gərəkdir. Cəbhə bölgəsindən video və ya foto paylaşan əsgər və zabitlər müəyyənləşdirilərək xəbərdar olunmalı və ya cəzalandırılmalıdırlar.
Müharibə səhlənkarlığı sevmir, ən xırda ehtiyatsizlıq həyat bahasına başa gəlir. Komandirlərimizi, qəhrəman oğullarımızı qoruyaq”.