Son günlər Fransada Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri yazan jurnalistlər, siyasətçilər, eləcə də ictimai şəxslər erməni təşkilatlarının hədə-qorxusu ilə üzləşirlər.
Hər hansı bir televiziya kanalını boykot etməyə çağırış və ya jurnalistin birbaşa ölümlə təhdid edilməsinin bu gün asanlıqla baş verməsi təəccüb və hiddət doğurur. Fransa kimi söz azadlığından danışan bir ölkədə erməni lobbisinin söz azadlığını boğması qəbuledilməzdir.
Jurnalistikanın fundamental prinsiplərinə sadiqlik nümayiş etdirərək, baş verənlər barədə qərəzsiz məlumat təqdim edən həm “TF1” kanalının rəhbərliyi, həm də Xanım Budul yayımlanan reportajdan sonra erməni lobbisinin təhdidlərinə məruz qalıb.
Yalanlarının ifşa olunduğunu görən erməni lobbisi öz məqsədlərinə nail ola bilmədikləri üçün hədə-qorxu və təhdidlərdən istifadə edirlər. Bu, bir daha erməni diasporunun iç üzünü, mətbuat azadlığına qarşı olan qərəzli münasibətini nümayiş etdirir.
Xatırladaq ki, Dağlıq Qarabağda müharibə başlayanda “Liberation” qəzetinin jurnalistləri də erməni lobbisi tərəfindən ölüm hədələri almışdı.
Fransada satirik “Charlie Hebdo” jurnalı üz qabığında Məhəmməd Peyğəmbərin karikatüralarına görə hücuma məruz qaldığı zaman Fransa başda olmaqla bütün Avropa ölkələri ayağa qalxdı, həmrəylik göstərdi. Fransa mətbuatı isə yaşanmış olayı təkcə Charlie Hebdoya qarşı işlənmiş bir cinayət kimi yox, Fransa xalqının mənəviyyatına və demokratik dəyərlərinə qarşı işlənmiş bir cinayət kimi dəyərləndirdi.
Təəssüf ki, bütün dünya liderləri Charlie Hebdoya qarşı hadisəni söz azadlığına qəsd kimi qiymətləndirdiyi halda ASALA-nın, eləcə də erməni terror təşkilatlarının jurnalistlərə və beynəlxalq hüququ dəstəkləyən deputatlara qarşı ölüm hədələrinə susqunluq və biganəlik nümayiş etdirir.
Məsələ burasındadır ki, bugün azadlıq ideyasından böyük dövlətlər digər dövlətlərə təsir etmək üçün alət kimi istifadə edirlər.
Onu da qeyd edək ki, “TF1” kanalı və digər mətbu orqanların təhdidə məruz qalan əməkdaşları hazırladıqları reportajlarda heç də Azərbaycan mövqeyindən çıxış etmirlər. Lakin biz xarici media nümayəndələrinin neytral hazırladıqları məlumatlara anlayışla yanaşır və onların əməyinə hörmətlə yanaşırıq.
Bundan başqa, ermənilər artıq aşkar şəkildə onlara dəstək olmayan müttəfiqlərini, bir sıra böyük dövlətləri terrorla hədələyir. Fransa Milli Assambleyasının (Parlament) Xarici İşlər üzrə Komissiyasının və Fransa-Azərbaycan Dostluq qrupunun üzvü, deputat Jerom Lamberin erməni lobbisinin üzvləri tərəfindən ona göndərilən təhdid dolu yazını Twitter hesabında paylaşıb. Dostluq qrupunun vitse-prezidenti Fransadakı erməni lobbisinin onların mövqeyini dəstəkləməyən avropalı siyasətçiləri belə təhdid etdiyini də bildirib.
Bugün biz erməni lobbisi həqiqəti deyən jurnalistləri və siyasətçiləri dəfələrlə susdurmaq üçün səfərbər olduğunun və fikir azadlıqlarına necə manipulyası edərək beynəlxalq hüquqa qarşı çıxdığının şahidi oluruq. Bütün bunlar ermənilərin çıxış yolu kimi terroru seçdiklərini təsdiqləyir. Bir daha təsdiq olundu ki, ermənilərin əsas metodlarından olan terrorçuluq Ermənistanda dövlət siyasətinin tərkib hissəsidir.
“Demokratiyanın beşiyi” adlandırılan Fransa kimi bəşəri ənənələrə malik ölkədə demokratizmin mühüm göstəricisi sayılan söz azadlığına qarşı ağlagəlməz basqı təəccüb doğurur. Necə olur ki, F1 kanalini, beynəlxalq hüququ dəstəkləyən deputatları terrorizmlə və ASALA ilə hədələyirlər, Fransada söz azadlıgına və demokratik prinsiplərə qarşı gedə bilirlər. Biz Avropa cəmiyyətində söz və ifadə azadlığı üçün qorxunc mənzərə görürük.
Başqa ölkələrdə insan hüquqları axtarışında olan Fransanın öz daxilində ASALA-nın, eləcə də daim himayə elədiyi erməni lobbisinin jurnalistlərə qarşı ölüm hədələrinə cavabı bu ölkə rəsmilərinin insan hüquqlarının müdafiəsinə, söz azadlığına verdiyi önəmi əks etdirəcəyinə ümid edirik.
Fransada fəaliyyət göstərən müstəqil kütləvi informasiya vasitəsinə və siyasətçilərə qarşı erməni lobbisinin göstərdiyi təzyiqlərə söz azadlığının müdafiəsi ilə məşğul olan beynəlxalq təşkilatlar, eləcə də insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən təşkilatlar öz münasibətini bildirməlidir. Təəssüf ki, beynəlxalq ictimaiyyətin təzyiqini və təpkisini görməyən erməni terrorizmi bu hadisələrə lazımi qiymət verilməməsi ucbatından getdikcə daha geniş miqyas alır.