29 Oktyabr 2020 09:05
9 724
12 Punto 14 Punto 16 Punto 18 Punto

İqtisadçı-ekspert Natiq Cəfərli Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Natiq bəy, Dağlıq Qarabağ münaqişəsi ətrafındakı beynəlxalq situasiyanı necə qiymətləndirisiz?

- Dağlıq Qarabağla bağlı məsələ ətrafında beynəlxalq aləmdə sülh danışıqlarına çağırışlar üstünlük təşkil edir. Bu da aydın məsələdir. Çünki istənilən şəraitdə dünya ölkələri, əsasən də Avropadan və Amerikadan bu tipli çağırışların gəlməsi normaldır, belə də olmalıdır. Heç kim “müharibə edin” deyə çağırış etməz. Bu, ritorikadır, danışıq dilidir. Amma bilinməlidir ki, hərəkətlər niyyətləri daha çox büruzə verir. Əks-hücum əməliyyatları başlanandan ən çox Fransanın qeyri-obyektiv mövqe tutduğunu gördük. Orada da müəyyən düzəltmələr oldu. Xarici işlər nazirinin bəyanatı vardı ki, biz hər iki tərəfə eyni münasibət göstərməliyik. Fransanın bu məsələdə bizim xoşumuza gəlməyən sərt münasibət bildirməsi daha çox Türkiyə-Fransa münasibətlərindən doğan məsələdən qaynaqlanırdı.

Ümumilikdə götürdükdə, işğal faktı ilə bağlı Azərbaycanın son 1 ayda gördüyü işləri daha anlaşıqlı qarşılayan dövlətlərin sayı artıb. Bu, həm də ona görə mümkün oldu ki, Azərbaycan dövləti, eləcə də Prezident İlham Əliyev və onun komandası xarici media ilə daha çox işləməyə başladı. Prezident son bir ayda çoxlu müsahibə verib. Bu da Azərbaycanın haqlı mövqeyinin daha geniş yayılmasına səbəb olur.

Müəyyən münasibətlərdə Azərbaycana qarşı gərginlik və təzyiq formalarını görürük. Əvvəlki illərə nisbətən beynəlxalq səviyyədə də Azərbaycanın haqlı mövqeyinin müdafiəsi və yaxud ən azı müdafiə olunmasa da, susmaqla anlayışla qarşılanmasının şahidi oluruq.

- Ermənistan ağır məğlubiyyətə uğrayıb. Bu proses Ermənistanın ictimai-siyasi mənzərəsinə necə təsir göstərəcək?

- Çox güman ki, Ermənistanda siyasi böhran dərinləşəcək. Bu ölkədə ciddi informasiya kirliliyi var. Öz xalqına həqiqətləri söyləməkdə çətinlik çəkirlər. Qubadlının işğaldan azad olunması ilə bağlı məlumatı rəsmən elan etsələr də, Xudafərinin, eləcə də digər kəndlərin və rayonların işğaldan azad edilməsini izlədirdilər. Amma adi məntiqlə xəritəyə baxanda da görmək olur ki, Qubadlı coğrafi ardıcıllıqla işğaldan azad olunub. Hələ də Ermənistan əhalisinin böyük bir qismi Füzulinin, Zəngilanın, Cəbrayılın azad olunması ilə bağlı məlumatlara inanmırlar. Bunu sanki bir təbliğat kimi görürlər. Hələ cəmiyyət olaraq tam ayılmayıblar.

Onsuz da Ermənistanda siyasi böhran var və bu böhran getdikcə daha da dərinləşəcək. Böyük ehtimalla bu böhranın nəticəsi olaraq Ermənistanda erkən parlament seçkiləri də olacaq. Hərbi əməliyyatların aktiv fazası bitdikdən sonra artıq Ermənistanda siyasi böhranın pik həddə çatdığını və yeni seçkilərlə bağlı çağırışların olacağını görəcəyik.

- ABŞ-ın bu məsələdə son zamanlar fəallığı sezilir. Bu aktivlik nəyə hesablanıb?

- Deyərdim ki, əvvəlki illərə nisbətən ABŞ-ın fəallığı daha azdır. Son vaxtlar atdığı addımlar isə seçkilərə hesablanıb. Məlumdur ki, noyabrın 3-də ABŞ-da prezident seçkisi keçiriləcək. Ciddi rəqabət var və aparılan son sorğulara görə, demokratların namizədi Co Bayden öndədir. Baydenin irəlidə olması fonunda Amerika seçicilərinə xarici siyasətdə daha aktivlik göstərilməsi mesajı verilməli idi. Bundan öncə Serbiya ilə Kosovo liderləri Vaşinqtonda “İqtisadi Normallaşma” müqaviləsini imzaladılar. Həmçinin İsraillə Birləşmiş Ərəb Əmirlikləri arasında diplomatik münasibətlərin tam yoluna qoyulması barədə saziş imzalandı. Tramp Administrasiyasının atdığı bu tipli addımların hamısı seçkilərə hesablanıb. Bir növ seçicilərə “Amerika güclüdür”, “Amerika nəzarət edir”, “Amerika barışdırır”, “Amerika dünyada moderatorluq edir” kimi mesajları vermək istəyirlər.

Bunun davamı olaraq da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsində də ABŞ-ın seçkilərdən öncə müəyyən aktivlik göstərməsi təbiidir. Amma bunu analitiklər də bilir ki, prezident seçkisindən sonra yanvarın 21-də keçirilən andiçmə mərasiminə qədər istər Co Bayden, istərsə də Donald Tramp olsun heç bir aktiv addım atmayacaqlar. Yəni noyabr-dekabr ayları keçid dövrü olduğu üçün ciddi təşəbbüslərin olması gözlənilmir.

- Qərb ölkələrindən Azərbaycanın dəstəkçiləri kimlərdir?

- Kifayət qədər ciddi dəstəklər var və biz bunu hiss edirik. Doğrudur, səlahiyyətlilər tərəfindən bəzi məsələlər açıqlanmır, amma dolayı yollarla bu dəstək görünür. İtaliya, Böyük Britaniya, Skandinaviya, Baltikyanı ölkələrdən Azərbaycana dəstək mesajları gəlir.

Susmaqla, məsələlərə müdaxilə etməməklə, şərh verməməklə Azərbaycanı dəstəkləməyi üstün tutan ölkələr də var. Çünki hər bir ölkənin daxili siyasəti var. Hansısa bir hökumət daha sərt mövqe bildirərkən daxildəki siyasi partiyalara və qruplara bu məsələ ətrafında diskussiya yaratmağa səbəb yaradır. Ona görə də bəzi ölkələr öz dəstəyini başqa formalarda ifadə edir, açıq şəkildə bildirmirlər. Yəni Azərbaycanın faktiki qurduğu koalisiyalar kifayət qədər güclüdür və kifayət qədər səmərəli çalışır.

- Natiq bəy, işğal bölgəsinin itirilməsi, həmçinin müharibə faktoru Ermənistan iqtisadiyyatına necə təsir göstərəcək?

- Ermənistan iqtisadiyyatı həddindən artıq primitiv bir modeldir. İşğalçı ölkə daha çox xaricdən – Rusiyadan və diaspor təşkilatlarının göndərdiyi vəsaitdən asılı olan bir iqtisadiyyata sahibdir. Hətta rəsmi olaraq təsdiq olunmuş məlumatlara görə, dövlət büdcəsinin 15 faizi birbaşa diaspordan olunan transfertlər hesabına formalaşır. Ermənistanda Rusiya şirkətləri çox güclüdür və demək olar ki, iqtisadiyyatın bir çox sahələrinə tam nəzarət edirlər.

Primitiv Ermənistan iqtisadi modelində məğlubiyyət və işğalın sona yetməsi faktoru, həm daxili siyasətin və sosial gərginliyin artmasına, həm də iqtisadi fəsadlara yol açacaq. Ermənistan həm də pandemiyadan əziyyət çəkən ölkələr siyahısındadır. Ən optimist proqnozlara görə, ölkənin ümumi daxili məhsulları (ÜDM) ən azı 5 faiz daralacaq. Ermənistanın milli valyutası dram da dəyərdən düşüb. Bir sözlə, yaxın zamanda kifayət qədər iqtisadi təlatümlərin olacağını gözləmək mümkündür.

- Bundan sonra proseslərin davamını necə görürsüz?

- Böyük ehtimalla yüksək hərbi gücə malik olan Azərbaycan öz şərtləri ilə masada oturmağa razılıq verəcək. Yaxın gələcəkdə qalıcı atəşkəsin və danışıqların olması ehtimalı mümkündür. Çünki aylarla davam edəcək bir müharibənin olması ehtimalı çox aşağıdır. Hesab edirəm ki, yaxın zamanda hərbi üstünlüyümüz nəticəsində yeni xoş xəbərlər eşidəcəyik. Bundan sonra Azərbaycanın şərtləri çərçivəsində masada oturmaq olar. Çox güman ki, bu masadan gələcək sülh quruculuğunun ilkin konturları daha aydın görünəcək.

Azərbaycanın Dağlıq Qarabağ məsələsində öz torpaqlarını işğaldan azad etməsi kifayət qədər ciddi bir addımdır. Bu, Azərbaycanın gələcəkdə iqtisadi inkişafının əsas motoru rolunu oynaya biləcək bir faktordur. Çünki o regionların bərpası, orada iqtisadiyyatın qurulması əlavə iqtisadi fürsətlər yaradır. İşğaldan azad olunan ərazilərə daha çox investisiya cəlb olunmalıdır.


Müəllif: Yeganə Oqtayqızı