29 Oktyabr 2020 11:00
17 317
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Cenevrədə çalışa bilərlər ki, Azərbaycan atəşkəsə və Minsk Qrupu həmsədrlərinin vasitəsilə sülh danışıqlarının davam etməsi öhdəliyə imza atsın. Buna heç bir halda imkan vermək olmaz. Təkcə ona görə yox ki, bu halda Azərbaycanın qazandığı üstünlük əldən verilmiş olacaq, həm də ölkə yenidən sonu görünməyən mənasız sülh danışıqlarına çəkiləcək. Eyni zamanda, ona görə ki, Azərbaycan qarşısında açılmış tarixi şansdan məhrum olacaq”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Ərəstun Oruclu deyib.

Ekspert qeyd edib ki, bizim savaşımız və həm də bizim ətrafımızda gedən savaşlar yeni dünya düzənində üstünlüklər əldə etmək və söz sahibi olmaq uğrunda gedən mübarizədir:

“Gələn 50, 100 ilə və bəlkə də, daha uzun müddətə formalaşdırılan geosiyasi konstruksiyanın müqəddəratı indi və bizim bölgədə həll olunur. Bizim üçün də bu, ağır sınaqlarla yanaşı, həm də dünyanın mühüm nöqtələrindən birinə çevrilmək deməkdir. Gələcəkdə geosiyasi güc nəqliyyat yollarına və kommunikasiyalara nəzarət edənin əlində olacaq. Əlbəttə, Azərbaycan kimi kiçik bir ölkə belə bir iddiada ola bilməz, amma öz ölkəmizə və ərazimizə sahib ola bilmək ilk növbədə özümüzdən asılıdır. Bu isə bizim üçün hər şeydən başqa, yaxın 50-100 ildə neftdən də, qazdan da dəfələrlə böyük və sabit gəlirlər demək olacaq.

Bunun üçün də sadəcə ölkəmizə sahib çıxa bilməyimiz kifayət edir. Bunu edə bilsək, təkcə Cənubi Qafqazda deyil, həm də Yaxın Şərqə çıxışın bir həssəsində (Böyük Orta Doğunun) və Şimali Qafqazda da söz sahibi ola, istəmədən belə güclü regional oyunçuya çevrilə bilərik”.

Ərəstun Oruclunun sözlərinə görə, bunun üçün isə ilk növbədə bir sıra addımları atmalıyıq:

“Birinci, torpaqlarımıza nəzarəti tam bərpa edənədək Ermənistanla sülh danışıqlarını uzatmaq. İkinci, bu istiqamətdə üzərimizə öhdəliklər qoya biləcək heç bir anlaşmaya, sazişə imza atmamaq. Üçüncü, ağır insan itkiləri hesabına başa gəlmiş uğurlarımızı qoruyub saxlamaq, ordumuzun işğaldan azad etdiyi ərazilərdə möhkəmlənmək. Dördüncü, bu yolda verə biləcəyimiz iqtisadi itkilərdən də çəkinməmək və öz milli maraqlarımızı qorumağa israrla davam etmək.

Beşinci, xüsusilə mühüm kommunikasiyaların keçdiyi və keçməsi nəzərdə tutulan ərazilərdə gücləndirilmiş ordu hissələri yerləşdirmək, çünki bütün bu planları hərbi gücə istinad etmədən reallaşdıra bilmərik. Bütün digər vasitələrə baxmayaraq, hərbi (fiziki) güc müasir dünyada hələ də həlledici amil olaraq qalmaqdadır.

Altıncı, Xəzər dənizi hövzəsində güclənmək. Bu məqsədlə ölkənin hərbi-dəniz qüvvələrini gücləndirmək, FHN, DSX və HDQ dəniz qüvvələri birləşdirilərək vahid komandanlıq altında donanma yaratmaq.

Yeddinci, istər Qarabağdakı savaşla, istərsə də digər məsələlərlə bağlı hər hansı səviyyələrdə aparılan danışıqlarda milli maraqlardan bir addım da geri çəkilməmək, əks halda davamlı şəkildə üzərimizə gəlməkdə davam edəcəklər. Səbəbi də sadədir: bizi təsvir etdiyim rolda görmək istəmirlər.

Səkkizinci, ərazi bütövlüyümüzü bərpa etdikdən sonra qonşuların təsiri altında olan Ermənistanın tərəfindən törədilə biləcək bütün təxribatlara hazır olmaq və onların qarşısını ən sərt üsullarla almaq. İstər indi, istərsə də gələcəkdə zəiflik göstərmək məhv olmağa bərabərdir. Doqquzuncu, bu mənada bu gün Azərbaycana tərəfdaş olan Türkiyə və İsrailin siyasətini öyrənmək və tətbiq etmək.

Onuncu, ölkə daxilində hərtərəfli həmrəyliyə nail olmaq və bütün vətəndaşların hüquq və azadlığını təmin etmək. Daxili sabitliyə nail olmağın əsas yollarından biri bundan keçir.

On birinci, ölkədə iqtisadi azadlıqların, mülkiyyət toxunulmazlığının və qanunun aliliyinin bərpasına nail olmaq, iqtisadi və siyasi amnistiya tətbiq etmək. Bu amillər daxili sabitliyin, güclü ordu isə xarici təhdidlərdən qorunmağın ən etibarlı təminatçısıdır.

On ikinci, yaxın yüzillik üçün yerimizin müəyyən olunduğu bir dönəmdə atmalı olduğumuz bu addımlarda qətiyyətli və cəsarətli olmaq, heç bir təzyiqə və təsirlərə məhəl qoymadan öz strategiyamızı həyata keçirmək. Əks təqdirdə heç bir davamlı uğur qazana bilmərik və indiyədək verdiyimiz qurbanlar da mənasız olar”.

Xatırladaq ki, Prezident İlham Əliyev oktyabrın 26-da xalqa müraciətində indiyədək baş tutan danışıqların səmərəsiz keçdiyini diqqətə çatdırmışdı: "Biz danışıqların əleyhinə deyilik və dünən Amerikada keçirilən danışıqlar nəticəsində qərara gəlindi ki, bir neçə gündən sonra Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri Cenevrədə görüşəcəklər. Mən etiraz etmirəm, görüşsünlər. Bu 28 il ərzində o qədər mənasız görüş olub ki, biri artıq, biri əskik, fərq etməz. Mən demək istəmirəm ki, mən bu görüşə mənasız görüş kimi baxıram. Yox. Biz istəyirik ki, bunun mənası olsun, münaqişənin həllini tezləşdirsin".


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər