“New York Times”da Bərdə və cəbhə xətti ilə bağlı reportaj yayımlandıqdan sonra düşündüm ki, ermənilər Fransanın “TF1” telekanalının başına açdığı oyunu bu qəzetə münasibətdə də həyata keçirəcəklər”.
Teleqraf.com xəbər verir ki, bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.
Şura rəhbəri erməni lobbisinin Azərbaycan həqiqətlərindən yazan nüfuzlu nəşrləri hədəf aldığını bildirib:
“Bu, gözlənilən idi, söhbət ABŞ-ın erməni lobbisinin “New York Times” nəşrini hədələməsindən gedir. Məlum olduğu kimi, Birləşmiş Ştatların bu nüfuzlu nəşri Ermənistanın Bərdə terrorunu işıqlandırmışdı.
“New York Times”da Bərdə və cəbhə xətti ilə bağlı reportaj yayımlandıqdan sonra düşündüm ki, ermənilər Fransanın “TF1” telekanalının başına açdığı oyunu bu qəzetə münasibətdə də həyata keçirəcəklər. Yada salım ki, Fransa telekanalı Fransadakı erməni lobbisinin üzvləri tərəfindən təzyiqlə üzləşmiş, media orqanının Azərbaycan həqiqətləri ilə reportaj hazırlamış əməkdaşı Liseron Budul ölümlə hədələnmişdi. İş o yerə çatmışdı ki, “TF1” yayımladığı materialı silmək məcburiyyətində qalmışdı.
İstər “TF1”, istərsə də "New York Times"la bağlı durum onu göstərir ki, erməni lobbi və diaspor təşkilatları üçün söz azadlığı, azad media dəyərləri yoxdur. Hər hansı kütləvi informasiya vasitəsində yayımlanmış material narazılıq doğura bilər. Amma bu narazılığın normal ifadə vasitələri var. Təəssüf ki, bu vasitələr ermənilər üçün tam yaddır.
Başlıca təəssüf doğuran məqam isə belə faktlarla bağlı zəruri hüquqi ölçü tədbirinin götürülməməsi ilə bağlıdır. Biz “TF1” telekanalının əməkdaşının ölümlə hədələnməsi faktına, bu istiqamətdəki açıq çağırışlara, o cümlədən bir KİV-ə qarşı təhdidə qarşı Fransa hakimiyyətinin susduğunu gördük. Çox miskin mənzərə idi”.
Əflatun Amaşov Fransa kimi, ABŞ-ın da baş verənlərə susqun yanaşdığını bildirib:
“İndi Birləşmiş Ştatlarda da susqunluq var. Nə qədər ki, erməni lobbi və diaspor təşkilarına yerləşdikləri ölkələrin ərköyün uşaqları kimi münasibət göstəriləcək, onlar da demokratik prinsiplərə bir o qədər sayğısızlıq göstərəcəklər. Heç şübhəsiz bu, olduqca mənfi presedent yaradır. Belə nəticə hasil olur ki, Qərb cəmiyyəti ali dəyərləri ermənilərə görə heçə sayacaq qədər aciz durumdadır”.