Azərbaycanın Xalq artisti Yusif Eyvazovun xanımı, vokal ifaçısı Anna Netrebko Vyanada baş verən terrorun şahidi olub.
Teleqraf.com xəbər verir ki, o, bununla bağlı “Instagram” hesabında məlumat verib.
Sənətçi bildirib ki, terror hücumu zamanı qonşuları ilə birlikdə qaldığı binanın damına çıxıb.
İfaçının sözlərinə görə, Vyanada qaldığı evin yerləşdiyi məhəllədə atəş səsləri eşidilib: “Burada silah səsləri eşidildi, yaxınlığımızda idi. Biz yaxşıyıq, qonşumuz atışmanı görüb, çox qorxub”, - o bildirib və əlavə edib ki, hazırda sakinlər bu hadisə ilə bağlı məlumatlar gözləyirlər.
Qeyd edək ki, axşam saatlarında silahlı şəxslər eyni zamanda Vyanada altı məkana hücum ediblər. Hadisə nəticəsində iki nəfər ölüb, 14 nəfər yaralanıb.
Polis silahlılardan birinin öldürüldüyünü deyib. Avstriyanın Baş naziri Sebastian Kurts hadisəni terror aktı adlandırıb.