“Təkcə kəndlər?”, “Bəs, Şuşaya nə vaxt çatacağıq?”, “Ordumuz niyə irəliləmir?” və bu kimi suallar sosial şəbəkələri bürüyüb. İnsanların gözləntisi anlaşılandır, 30 ildən sonra həsrətini çəkdiyimiz torpaqlara tezliklə qovuşmaq istəyirik, amma nəzərə almalıyıq ki, əsgərin əlindəki klaviatura deyil və “Enter”i basmaqla 30 illik işğala bir gündə son qoymaq olmur.
Azərbaycan əsgəri mümkün olan hər şeyi edir və bunun nəticəsi ortadadır.
Düşmənin 4 ilə işğal etdiyi ərazilərin yarısı cəmi 1 aya azad olundu: Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı da daxil olmaqla 200-dən çox yaşayış məntəqəsi azad edilib.
Bir cümlə ilə yazanda adi görünür və təəssüf ki, bəzən “cəmi 200, bəs qalanları?” kimi suallar irəli sürülür.
4 il öncəni, “aprel müharibəsini” xatırlayın: 23 il sonra ordumuz bir kəndi – Cocuq Mərcanlını azad etdi, 23 il sonra ilk dəfə üçrəngli bayrağımız Lələtəpədə dalğalananda keçirdiyimiz qüruru xatırlayın.
İdmançımızın erməni idmançını məğlub edərkən ekran qarşısında keçirdiyimiz həyacanı, erməni rəqiblərimizə qarşı siyasi, mədəni, idman platformalarında qazandığımız uğurlara görə keçirdiyimiz sevinc hissini xatırlayın.
Kiçik qələbəni bayram edən bizlər 30 il sonra 4 şəhəri, 3 qəsəbəni, 200 yaşayış məntəqəsinin azad olunmasına niyə bu qədər rahat və asanmış kimi yanaşırıq?
Axı bu torpaqların hər qarışı Azərbaycan əsgərinin qanı, canı bahasına azad olunur.
Qarşımızda kofe, isti evimizdə əyləşib fiberoptik internetlə klaviaturaya sarılır, səhər yeməyində Laçını, günorta yeməyində Xankəndini, axşam yeməyində Şuşanı alır, yatmamışdan öncə də “təkcə kənd?” gileyi ilə yumşaq yataqda yuxuya gedirik.
Və biz şirin yuxuda olarkən Azərbaycan əsgəri hər qarış torpaq uğrunda döyüşür, mübarizə aparır.
Və səhər açılır, əsgərin mübarizəsindən xəbərsiz halda biz yenə rayon tələbinə başayırıq.
Həqiqət olmasa belə bununla bağlı maraqlı və yerində olan mizah var: “Komandir zəng edir və deyir ki, sosial şəbəkələrdə yazanlara deyin ki, əsgərlər onların sürətinə çata bilmir, bir az yavaşlasınlar”.
Doğrudan da, bəlkə bir az yavaşlayaq, səbr edək, təmkinli olaq.
Azərbaycan Ordusu düşmənin 4 ilə işğal etdiyi, 30 ilə möhkəmləndirdiyi torpaqlarda döyüşür.
Cəmi bir aya bütün cəbhə boyu istiqamətdə düşmənin 30 il ərzində qurduğu təmas xətti yarıldı, bunkerlər yerləbir edildi. Ermənistan ordusu darmadağın olub, minlərlə canlı qüvvəsi məhv edilib, yüzlərlə hərbi texnika ələ keçirilib.
Bunu Azərbaycan ordusu edib və Ali Baş Komandanın bəyan etdiyi kimi, sona qədər gedəcəyik.
Amma biz nə edirik? Azad olunan kəndlərə lağlağı edir, “Cəbrayılın kəndləri qurtarsaydı, qabağa gedərdik” kimi zarafatlar qoşuruq.
Çünki döyüşən biz deyilik, hər kəndin, hər məhəllənin uğrunda mübarizə aparan biz deyilik və hər şey asan gəlir.
Halbuki, xəritəyə və baş verənlərə baxsaq anlamaq çətin deyil:
1. Ordumuzun sürətlə irəlilədiyi cənub cəbhəsi daha çox düzənliklərdir. İndi döyüşlər dağlarda gedir və irəliləmək o qədər də asan deyil.
2. Sürətli hücumla nəticəni daha tez əldə etmək mümkündür, amma bu, çoxsaylı itkilər hesabına başa gələcək. Bu lazımdırmı? Xeyr. Nəticə bir qədər gec ola bilər, əsas olan əsgərin həyatıdır.
Ali Baş Komandan İlham Əliyevin “minimum itki-maksimum nəticə” prinsipinin hədəfi də budur. Bunu unutmamalıyıq.
Həmdə unutmamalıyıq ki, indiyə qədər verdiyi vədləri yerinə yetirən Prezident İlham Əliyev Vətən torpaqlarının son qarışına qədər azad edəcək, beynəlxalq təzyiqlərə rəğmən sona qədər gedəcək.
Bizim üzərimizə çox sadə bir vəzifə düşür: Ali Baş Komandanın və ordumuzun arxasında olaq, arxa cəbhədə boşluqlara yol verməyək, düşmənin uydurma xəbərlərinə inanmayaq, əsgərimizin həyatını və hərbi əməliyyatların taleyini təhlükəyə atacaq dezinformasiyalar, eləcə də video-foto yaymayaq, təmkinli olaq, səbr edək.
Və unutmayaq ki, bu müharibədir, idman oyunu deyil, hər şeyin öz vaxtı var. Nəyi nə vaxt etmək lazım olduğunu Ali Baş Komandan bilir.
Etiraf edək, çoxumuz müharibəyə “Pubg” oyunu kimi baxırıq. Etiraf edək, sonra da dua edək: Allah əsgərimizi qorusun.