Teleqraf.com-un suallarını Azərbaycanın Misir Ərəb Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Tural Rzayev cavablandırıb.
Müsahibəni təqdim edirik.
– Cənab səfir, Azərbaycan-Misir ikitərəfli əlaqələrinin hazırkı səviyyəsini necə qiymətləndirirsiniz?
– 2020-ci ilə qədər və hətta 2020-ci ilin ilk üç ayı ərzində Azərbaycan və Misir ikitərəfli əlaqələrindəki inkişaf dinamikasını müsbət qiymətləndirmək olar. İlin əvvəlində istər siyasi, istər iqtisadi, istərsə də mədəni əlaqələrin inkişafı yolunda müəyyən planlar, müştərək layihələr nəzərdə tutulmuşdu. Belə ki, qanlı 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar tanınmış misirli jurnalist və ictimai xadim Məhəmməd Sələmənin “Qanlı 20 Yanvar – Sovet ordusunun Bakını işğal etməsi” kitabının təqdimatı keçirildi. Kitab ərəb dilində Qahirədə çap olunub.
Xocalı soyqırımının ildönümü ilə əlaqədar “Soic” kinematoqrafiya şirkətinin prezidenti, sənədli filmin bədii rəhbəri, doktor Əhməd İsmayıl və rejissor Nur Qureşinin ərsəyə gətirdiyi “Xocalı Soyqırımı və İtirilmiş Ədalət” sənədli filminin təqdimatı oldu.
İl ərzində Misir Ərəb Respublikasının Prezidenti Əbdül Fəttah Əs-Sisinin ölkəmizə rəsmi səfərinin, Azərbaycan Respublikası və Misir Ərəb Respublikası hökumətlərarası komissiyasının növbəti iclasının, Misirdə Azərbaycan mədəniyyəti günlərinin, iki ölkə arasında biznes-forumun, iki ölkə gənclərinin müştərək tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulmuşdu. Lakin bütün dünyanı cənginə alan COVID-19 pandemiyası bu planların təxirə salınmasına səbəb oldu. Bildiyimiz kimi dünya ölkələrində, o cümlədən Azərbaycanda və Misirdə karantin və özünütəcrid rejimləri tətbiq olundu, sərhədlər bağlandı. Bunun üçün tədbirlərin, planlarımızın və müştərək layihələrin əksəriyyəti post-pandemiya dövrünə təxirə salındı.
– Misir Ərəb Respublikası hökumətinin və xalqının Azərbaycanın apardığı Vətən müharibəsi ilə bağlı mövqeyi nədən ibarətdir?
– Misir Ərəb Respublikası həm İslam Əməkdaşlıq Təşkilatının, həm də Qoşulmama Hərəkatının fəal üzvlərindəndir. Bu iki beynəlxalq təşkilatın mövqeyi isə rəsmi şəkildə, bəyanatları vasitəsilə elan olunub. Misir Ərəb Respublikası Xarici İşlər Nazirliyinin bəyanatlarında da beynəlxalq təşkilatların mövqelərinə vurğu edilir.
– Misir tərəfinin Azərbaycanın haqlı davasına münasibətini qənaətbəxş saymaq olarmı?
– Yəni tək Misir deyil, digər müsəlman ölkələrindən də Türkiyə Respublikası və Pakistan İslam Respublikası tərəfindən olan dəstək kimi bir mövqe ilə çıxış etmələrini arzulayardım.
– Sirr deyil ki, Ermənistan xüsusilə son illərdə ərəb-müsəlman ölkələri ilə aktiv iş aparır. Hadisələrin ilk günlərində, daha doğrusu sentyabrın 30-da Ermənistan Prezidenti Armen Sərkisyan bir sıra ərəb ölkələrinin rəhbərlərinə, o cümlədən Misir Ərəb Respublikasının Prezidenti Əbdül Fəttah Əs-Sisiyə məktub ünvanlamışdı. Bu məktuba reaksiya nədən ibarət oldu və ümumiyyətlə oldumu?
– Bu məktub barədə həm Ermənistan, həm də Misir mətbuatı məlumatlar yaymışdılar. Ancaq bu məktuba cavab olub-olmaması barədə heç bir məlumat verilməyib.
– Sadə misirlilərin hadisələrə reaksiyası necədir? Səfirliyə ictimai dəstək ifadə olunurmu?
– Sentyabrın 27-dən etibarən səfirliyimiz Misir ictimaiyyətinin məlumatlandırılması yolunda fəal iş aparır. Azərbaycan Prezidenti İlham Əliyevin xalqa müraciətlərini, xarici KİV nümayəndələrinə müsahibələrini, tvit-mesajlarını, həmçinin, Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanat və məlumatlarını, Prezidentin köməkçisi, Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Hikmət Hacıyevin bəyanat və müsahibələrini, o cümlədən Milli Məclisin, deputatlarımızın, Ombudsmanın, Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam həzrətlərinin bəyanatlarını və səfirliyimizin bəyanat, müsahibə və press-relizlərini ümumilikdə 450-dən çox xəbər şəklində Misir KİV-lərində – qəzet, televiziya və xəbər saytlarında yayımlamışıq. Bütün bu 450 xəbər qeyd etdiyim kimi Azərbaycanın rəsmi mövqeyini ifadə edən məlumatlardır. Bununla yanaşı Misir xarici işlər nazirinin iki müavini, Ərəb Dövlətləri Liqasının Baş katibi, Misir Prezidentinin Təhlükəsizlik məsələləri üzrə baş müşaviri, Misir parlamenti sədrinin birinci müavini, komissiya sədri və digər rəsmi və ictimai-siyasi xadimlərlə görüşlərim keçirilib.
Misirin dörd nüfuzlu qeyri-hökumət strateji araşdırmalar mərkəzinin rəhbərləri və üzvləri ilə dəyirmi masa keçirdik. Gəncə və Bərdə hadisələri ilə əlaqədar səfirliyimizin press-relizi adı ilə 6 səhifəlik rəngli qəzet çap etdirdik. Əlbəttə ki, ölkədə ermənipərəst təbliğat da aparılır. Bu, xüsusilə xarici kütləvi informasiya vasitələrinin -“Reuters”, “Frans Press” və s. xətti ilə aparılır. Bilirsiniz ki, Ermənistan prezidenti, baş naziri, xarici işlər naziri də çox sayda müsahibələr verirlər. Lakin zənnimizcə, Azərbaycanın mövqeyinin bu qədər işıqlandırılması, Azərbaycan Prezidenti İlham Əliyevin müsahibələrində suallara verdiyi dəqiq və səlis cavablar, Azərbaycanın haqlı və ədalətli mövqeyini açıq şəkildə bəyan etməsi Misirin sadə xalqının da tam rəğbətini qazanmasına səbəb olub.
– Siz həm də yaradıcı bir insansınız. Sonuncu sualımız da bu istiqamətdədir. Şair Vasili Lebedev-Kumaçın yazdığı “Müqəddəs müharibə” vətənpərvərlik mahnısının mətni Böyük Vətən müharibəsinin başlamasından cəmi iki gün sonra – 1941-ci il iyunun 24-də eyni vaxtda “İzvestiya” və “Qızıl Ulduz” qəzetlərində dərc olunmuşdu. Bəstəkar Aleksandr Aleksandrov isə ona dərhal musiqi bəstələmişdi. Artıq iyunun 26-da bu mahnı Moskvadakı Belarus vağzalında hərbi ansambl tərəfindən ifa edilirdi. Beləliklə, müharibənin başlanmasından cəmi beş gün sonra Vətənin müdafiəsinin himninə çevrilən sənət əsəri hazır idi. Bizdə isə Vətən müharibəsinin başlanmasından bir aydan artıq vaxt keçməsinə baxmayaraq hələ də insanlarımızı qələbəyə səsləyən və kökləyən ciddi sənət əsəri ortaya qoyulmayıb. Sizcə, bizim şair və yazıçılarımızın, bəstəkarlarımızın, rəssamlarımızın bu susqunluğuna səbəb nədir?
– Qeyd edirsiniz ki, Böyük Vətən müharibəsi başlayandan dərhal sonra “Müqəddəs müharibə” mahnısı yazıldı, bizdə niyə ciddi əsərlər yoxdur? O zaman SSRİ-nin 200 milyon əhalisi var idi. Biz isə 10 milyonuq. Əsərlər partiyanın sifarişi ilə yazılırdı. İosif Stalinin vaxtında demokratiyadan söhbət gedə bilərdi? 30-40-cı illərdə şairlər, yazıçılar, bəstəkarlar, rəssamlar sosializm realizmi janrında ideoloji əsərlər yaradırdı. Bəlkə ona görə o dövrdə ən populyar olan əsərlər indi unudulub, yeni nəslin şüurunda eyni effekti vermir. Çünki həyat başqadır, dövr başqadır.
Əminəm ki, bizim Vətən müharibəsi ilə əlaqədar, cəbhədəki qəhrəmanlıqlar, arxa cəbhədəki fədakarlıqlar, Gəncədə, Bərdədə həyatını itirən o körpələr, bəzi dünya dövlətlərinin mərdliyi və dostluğu, digərlərinin ikiüzlülüyü və satqınlığı və sair barədə çox əsər yazılacaq, bəstələnəcək, çəkiləcək. Bunlar indi də baş verir. Neçə-neçə mahnı, rep, meyxana, şeir, hekayə yazılıb... Bütün bunlar davam edəcək. İndi isə hər birimiz intizardayıq. Bütün diqqət cəbhədədir. İnsanlar nəfəsini tutub xəbərləri izləyir. Bütün fikriniz bura cəlb olunursa, bu buxovdan çıxıb nə isə yaratmaq imkansızdır. Gərək hər şeydən uzaqlaşasan, bütün diqqətini, fikrini əsərə verəsən. Belə bir şey indi mümkündürmü? Televiziyada hər xəbərə, telefonda hər tvitə, hər votsap məlumatına dik atılırıq. Belə bir şəraitdə hamı mübarizədə, hamı cəbhədədir. Öz işi ilə ümumi qələbəmizə qulluq edir. Evində oturan da sosial şəbəkələrdə mübarizə aparır. İnşallah, Ali Baş Komandanımızın rəhbərliyi ilə bu mübarizədə qalibiyyətdən sonra hər şey olacaq. Biz müstəqilliyimizə belə sevinə bilmədik. O dövrdə torpaqlarımız işğal olunur, millətimiz şəhidlər verirdi. Eybi yox. Zənnimizcə az qalıb. Torpaqlarımızı müdrik rəhbərlik və əsgərimizin biləyi ilə qaytararaq əsl zəfəri, əsl müstəqilliyi o vaxt bayram edəcəyik. Ciddi əsərlər də o vaxt yaranacaq və uzun əsrlər boyu dildən-dilə ötürüləcək. Buna əminəm!