6 Noyabr 2020 21:26
1 066
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev noyabrın 4-də İspaniyanın EFE informasiya agentliyinə verdiyi müsahibədə bir sıra mühüm məsələlərə toxundu. Onlardan bir qismi sentyabr ayının 27-dək davam edən siyasi-diplomatik danışıqlar kontekstində münaqişənin həlli perspektivləri ilə, digər qismi isə sentyabrın 27-dən sonra başlayan yeni aktiv faza və onun yaratdığı hərbi-siyasi reallıqlarla bağlı idi.

Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu Teleqraf.com-a açıqlamasında belə deyib.

Onun sözlərinə görə, müsahibədən bir daha aydın oldu ki, Azərbaycan həmişə problemin sülh yolu və danışıqlar vasitəsilə həll edilməsində maraqlı olub. Onun danışıqlar prosesinə 30 ilə yaxın bir müddətdə sadiq qalması da bunun göstəricisi sayıla bilər:

“Ancaq nəticədə ortaya çıxan reallıq ondan ibarət olub ki, ATƏT-in Minsk Qrupu problemi həll edə bilməyib. Eyni zamanda onların “problemin hərbi yolla həlli yoxdur” tezisi də özünü doğrultmayıb. Çünki problemin uzun illər sülh yolu ilə həll edilməməsi əslində elə hərb yolu ilə həll edilməsini aktuallaşdırır və zəruri edirdi. Məsələ ondadır ki, ötən illər ərzində problemin sülh yolu ilə həlli üçün bütün mümkün imkanlardan istifadə edilməyib. Halbuki, belə imkanlar olub. Nəzərə almaq lazımdır ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri həm də BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən üçüdür və heç olmasa bu üç dövlət özlərinin səs verdikləri Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinin yerinə yetirilmsinə lazımı cəhdlər etməyiblər. İşğalçı Ermənistana sanksiyaların tətbiq edilməsi, silah embarqosu qoyulması, maliyyə və iqtisadi alətlərlə təsir edilməsi imkanları heç vaxt nəzərdən keçirilməyib, tam əksinə bəzi hallarda ayrı-ayrı həmsədrlər tərəfindən işğalçı ölkə silahlandırılıb və bu da işğalın davam etdirilməsində əsas faktorlardan biri olub. Ona görə vəziyyətin indiki fazaya daxil olması həm də bu cür yanaşmanın nəticəsi kimi meydana çxıb”.

Milli Məclisin deputatı qeyd edib ki, Azərbaycan artıq münaqişənin məhz hərbi yolla həll edilməsinin mümkünlüyünü döyüş meydanında yaratdığı yeni reallıqla sübut edib:

“Beləliklə rəsmi Bakı həm BMT Nizamnaməsinin 51-ci maddəsini təmin edib və edir, həm də BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrini icra edir. Ona görə də hər hansı xüsusi narahatlığa ehtiyac yoxdur. Nəticə etibarilə Azərbaycan eyni zamanda ATƏT-in Minsk Qrupunun müəyyənləşdirdiyi baza prinsipləri əsasında problemi sürətlə həll edir. Buna görə də Azərbaycanın hərbi-siyasi davranışları istər BMT və onun Təhlükəsizlik Şurası tərəfindən, istərsə də ATƏT və onun Minsk Qrupu tərəfindən təqdir edilməlidir”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər