Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Şuşa şəhərinin erməni işğalından azad edildiyini elan etdikdən sonra qardaş Türkiyədən təbrik mesajları gəlməyə başlayıb.
Publika.az xəbər verir ki, 28 il sonra Qarabağın incisi olan Şuşanın erməni işğalından azad edilməsi türkiyəli rəsmilər tərəfindən fərəhlə qarşılanıb, təbrik mesajları bir-birinin ardınca paylaşılır.
Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Şuşanın qələbəsini təbrik etdiyi paylaşımında Azərbaycan Prezidentinin “28 ildən sonra Şuşada dua səsi eşidiləcək” sözlərini xatırladaraq bunları qeyd edib: "Şuşa Azərbaycandır. Xeyirli, mübarək olsun".
Türkiyə Prezidentinin köməkçisi Fuat Oktay da qələbəmizi paylaşıb: “Şuşa Ermənistanın işğalından azad edildi. Qələbəniz, qəzanız mübarək olsun, qardaşım”.
Prezident Aparatının Mətbuat Xidmətinin rəhbəri Fahrettin Altun Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin "Sağ ol, qardaş Türkiyə" paylaşımına istinad edib: “Bayraqlarımız səmada əbədi dalğalansın, birliyimiz və həmrəyliyimiz sonsuz olsun qardaşım".
Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın, "Yeni zəfərləriniz mübarək, Şuşanın qurtuluşu uğurlu olsun", - deyə qeyd edib.
Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sözçüsü Ömer Çelik də qələbəmizi təbrik edib: “Azərbaycan Ordusu Dağlıq Qarabağın işğaldan azad edilməsi üçün kritik əhəmiyyətə malik olan Şuşa şəhərini işğaldan qurtarıb. Qardaş Azərbaycanı təbrik edirəm. Şuşa qələbəsi xeyirli olsun! Çox xoşbəxtik".