9 Noyabr 2020 11:39
2 396
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibənin ikinci hissəsini təqdim edirik:

- Bu yaxınlarda qızınız Ermənistanın Baş naziri Nikol Paşinyana məktub yazmışdı. İdeya haradan yarandı, öz seçimi ilə belə bir addım atdı?

- Əlbəttə, bu, onun öz təşəbbüsü idi. Nəzərə alsaq ki, indi ölkəmizdə uşaqdan böyüyə, hamı Vətən uğrunda müqəddəs savaşa köklənib, deməli hərə bu işə öz töhfəsini vermək istəyir. Biz böyüklər çox zaman uşaqlarımıza şəxsiyyət kimi yanaşmaqda gecikirik, onlara uşaq kimi baxır, fikirləri ilə hesablaşmaq istəmirik. Bu isə onların nəyə qadir olduğunu zamanında aşkarlamağa mane olur, özgüvənlərini zəiflədir.

Amma onu da deməliyəm ki, hələ kiçik yaşlarımdan ailəmizdə mənə də fikir bildirmək haqqı tanınırdı. Hətta ən ciddi məsələlər haqqında belə atam mənim nə düşündüyümlə maraqlanardı. Doğru, yanlış mənim də mövqeyim, fikrim öyrənilirdi...Zənnimcə, evdə rəyimin soruşulması hələ erkən yaşlarımdan özunə inam hissimin formalaşmasında böyük rol oynamışdı. Eyni ab-hava bizim evdə də var. Nigar bizimlə bərabərhüquqlu statusa malikdir. O, əksər müzakirələrimizdə iştirak edir, məsələlərə münasibət bildirir. Mənim özüm üçün də onun düşüncələri çox maraqlıdır.

- Qızınız Nigara Paşinyan cavab verə bilmədi...

-Təəssüf ki, bu ölkənin rəhbərləri onlara olan müraciətlərə bir qayda olaraq silahlarla cavab verirlər.
Nikol Paşinyan da cavab vermək istəmədi. Əvəzində Gəncədə və Bərdədə çoxsaylı mülki vətəndaşların və uşaqların qətli ücün fərman verdi. Həm də Nigarın müraciəti cavabı özündə olan çox çətin suallardan ibarət idi. Onu cavablandırmaq Paşinyana sərf etməzdi.

- Paşinyanın həyat yoldaşı Anna Akopyan əlində silah sülh çağırışları edir. Bu paradoksu necə qiymətləndirirsiniz?

- Bu, çox pis nümunə idi. Vətən uğrunda, qadınların da döyüşə atılmasını tarixdə görmüşük. Qadınların belə bir addım atmasına haqq qazandıran onun öz torpağı, ailəsi, öz evi uğrunda savaşıdır. Amma mənim torpağımda, evimdə məskunlaşaraq, sonra bundan daha artığını istəyənlərin belə hərəkətləri ilə işğalın dairəsini genişləndirmək cəhdləri isə qəbuledilməzdir.

Bir erməni qadını və birinci xanım kimi özünü sülh göyərçini rolunda təqdim edərək, əlində avtomat Azərbaycan ərazisində fotosessiya etdirən Anna Akopyanın da hədəfində azərbaycanlı uşaqlar, körpələr və günahsız mülki vətəndaşlar idi.

- Gəncə, Bərdə, Tərtərə və digər bölgələrimizə ermənilər tərəfindən raketlər atıldı uşaqlar öldürüldü, ailələr dağıldı. Bununla bağlı rəhbərlik etdiyiniz komitənin çağırışları oldu?

- Ən müxtəlif dövlət orqanları bununla bağlı lazımi sənədləşməni aparır. Bu hərbi, insanlıq əleyhinə cinayəti törədənlər beyəlxalq hüququn tələblərinə uyğun mütləq cəzalanacaq. Ermənilərin bu vəhşiliyinin nəticəsində Azərbaycan ailələrinə dəyən zərər, uşaqların ölümü, günahsız insanların qətlə yetirilməsini bütün dünyaya çatdırmaq üçün zəruri addımlar atılımaqdadır. Bununla bağlı komitə olaraq dünyanın ayrı-ayrı ölkələrindəki analoji qurumlara, beynəlxalq təşkilatlara müraciətlər edilir. Mətbuat konfransları və digər vasitələrlə bu məsələ ilə bağlı informasiyaların beynəlxalq ictimaiyyətə çatdırılması üçün davamlı işlər aparılır.

Bu gün əgər Azərbaycanda insanlıq əleyhinə bir cinayət həyata keçirilirsə, bu tək bizim ölkəmizin problemi deyil. Bu, bütün insanlığa qarşıdır. Hər kəs buna öz mövqeyini bildirməlidir. Eyni zamanda Komitədə müxtəlif ölkələrin səfirləri ilə görüşlərimiz keçirilir. Bu məsələlərlə bağlı bütün lazımi informasiyalar çatdırılır.

- Zərərçəkmiş ailələrə Komitənin dəstəyi, onların reabilitasiyası necə həyata keçiriləcək?

- Aktiv döyüş əməliyyatları getdiyi dövrdə çalışırıq ki, müəyyən qədər zərərçəkmiş ailələrə dəstək olaq. Amma hələ ki, bunu tam icra etmək mümkün olmur. Münaqişə sonrası dönəm üçün layihələrin üzərində işlər aparılır. Müharibədən sonra ailələrimizə necə dəstək ola bilərik? Bu istiqamətdə işlər, proqramlar nəzərdə tutulur. Bunlar çox vacib məsələlərdir.

- Beynəlxalq təşkilatların uşaq ölümləri ilə bağlı açıqlamalarını necə qiymətləndirirsiniz?

- Bəzi beynəlxalq təşkilatların açıqlamalarında bəzən mövqelər istənilən səviyyədə əksini tapmır. Bəzi hallarda isə faktların balanslaşdırılması, yaxud ümumiləşdirilməsi kimi bir yanaşmanı da müşahidə edirik. Bununla bağlı mövqeyimizi də bildirmişik. Məsələn UNİCEF-in müharibə şəraitində həyatını itirən, yaralanan və zərərçəkən uşaqlar haqqında bəyanatı oldu. Bununla bağlı da iradlarımız vardı. Bu haqlı iradları da onların diqqətinə çatdırmışıq.

Çünki həlak olanların daha çox azərbaycanlı uşaqlar olmasına baxmayaraq, onların soyadlarının və hansı ölkəyə mənsub olmasının, harada həlak olmalarının göstərilməməsi bir növ faktların gizlədilməsi kimi qəbul oluna bilər. Bu isə yolverilməzdir. Biz beynəlxalq təşkilatlardan tələb etmirik ki, onlar bizim tərəfimizi tutsunlar. Sadəcə faktları olduğu kimi göstərmək özü elə bir münasibətdir. Bu istiqamətdə danışıqlar, müzakirələr hələ də davam edir. Əlbəttə, əsl həqiqətlərin nədən ibarət olduğunu isbat edəcəyik.

Foto: Ceyhun Rəhimov


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər