Azərbaycan Respublikasının müstəqilliyinin 23-cü ildönümü münasibətilə ABŞ-ın Viskonsin Ştatının Miluoki Dairəsinin (Milwaukee County) rəhbəri Kris Abele 2014-cü il 18 oktyabr tarixinin bu dairədə Azərbaycan müstəqilliyi günü kimi tanınması barədə bəyanat qəbul edib.
Teleqraf.com-un Azərbaycanın ABŞ-dakı səfirliyinə istinadən məlumatına görə, bu əlamətdar gün münasibətilə Azərbaycan xalqının təbrik olunduğu bəyanatda həmçinin 23 il əvvəl müstəqillik yolunu seçmiş Azərbaycanın artıq beynəlxalq aləmdə öz yerini tutduğu göstərilib, müxtəlif mədəniyyətlərin bir araya gəldiyi Azərbaycanın qədim memarlıq, ədəbiyyat, musiqi ənənələri və folklor rəqs nümunələrinin qorunub saxlanması ilə məşhur olduğu açıqlanıb.
Bundan əlavə Miluoki Dairəsinin rəhbərinin imzaladığı sənəddə ölkəmizin Qafqaz dağları, Xəzər dənizi və eləcə də Yanar dağın təcəssüm etdirdiyi füsunkar mənzərələrə malik olduğunu bildirilir.