Qırğızıstan Milli Yazıçılar Birliyinin sədri Nurlan Kalıbekovdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlanıb.
Teleqraf.com-un məlumatına görə, məktubda deyilir:
"Çox hörmətli İlham Heydər oğlu.
İcazə verin, qırğız yazıçıları adından Sizə ölkələrimizin müxtəlif sahələrdə, o cümlədən mədəniyyət sahəsində aktiv qarşılıqlı fəaliyyətinə görə dərin minnətdarlığımızı bildirim. Siz qardaş Azərbaycan xalqının dahi lideri, adı dünya tarixinə qızıl hərflərlə həkk edilmiş Heydər Əliyevin layiqli davamçısısınız.
Çünki məhz Heydər Əliyev türk xalqlarının və dövlətlərinin hərtərəfli əməkdaşlığının inkişafı üçün böyük səy göstərmiş, Qırğızıstanla Azərbaycan arasında diplomatik münasibətlərin qurulması işində əvəzsiz rol oynamışdır. Heydər Əliyevin “Manas” dastanı bizin ümumi dilimizdə yazılmışdır” müdrik kəlamı bu gün də azərbaycanlıların və qırğızların dilində əzbərdir. Bu kəlam bizim qardaş ölkələrimiz arasında əlaqələrin möhkəmlənməsi və genişlənməsi üçün güclü təkan olmuşdur.
Azərbaycanı modernləşdirmək, xalqını öz ətrafında birləşdirmək, dövlətinizi inkişaf səviyyəsinə yüksəltmək kimi tarixi missiya Sizin üzərinizə düşmüşdür. Bu gün heç kəs inkar edə bilməz ki, Siz son dərəcə çətin olan bu missiyanın öhdəsindən layiqincə gəldiniz və beynəlxalq arenada böyük nüfuza sahib, inkişaf etmiş dövlət yaratmağa nail oldunuz.
Biz inanırıq ki, mərhum atanız bu gün Sizin tarixi ədaləti bərpa etmək və işğal olunmuş torpaqları azad etmək işindəki uğurlarınızla fəxr edərdi.
Belə bir gözəl deyim var: “Mehriban qardaşlıq hər cür var-dövlətdən daha qiymətlidir”. Qırğız xalqı da hər cəhətdən ona çox yaxın olan Azərbaycanla bütün sahələrdə dostluq tellərini yüksək dəyərləndirir. Qardaş ölkənin növbəti dəfə ağır sınaqlardan keçdiyi bu günlərdə bizim dualarımız, mənəvi dəstəyimiz Sizinlə olmuşdur. Bizim gücümüz möhkəm birliyimizdədir.
Qırğız yazıçıları Azərbaycanın Qırğızıstandakı səfirliyi ilə sıx əlaqə saxlayırlar. Biz Azərbaycan tarixinin, mədəniyyətinin, ədəbiyyatının ölkəmizdə tanıdılması üçün çoxsaylı birgə tədbirlər keçiririk.
2019-cu ildə ölkələrimizin yazıçılar birlikləri arasında imzalanmış əməkdaşlıq haqqında Memorandum çərçivəsində “Qarabağ hekayələri” toplusu qırğız dilinə tərcümə edilmişdir. Beləliklə, bizim ədəbi əlaqələrimiz sayəsində daimi mədəni mübadilə həyata keçirilir. Azərbaycanlılar üçün Qarabağın necə böyük önəm kəsb etdiyi, onun gözəllikləri barədə artıq qırğız dilinin daşıyıcıları da məlumatlanmış oldular.
Haqq kimin tərəfindədirsə, o güclüdür! Biz qətiyyən şübhə etmirik ki, ədalətsizlikdən və təcavüzkarlıqdan zərər çəkmiş ləyaqətli xalqınız qələbə qazanacaq.
Hərbi əməliyyatlar zonasından 10 kilometrlərlə uzaqda yerləşən Gəncə, Bərdə, Mingəçevir, Tərtər, Ağcabədi şəhərlərində dinc əhalinin amansızcasına atəşə tutulmasına heç cür bəraət qazandırıla bilməz. Mülki əhali arasında 92 nəfərin həlak olması və 405 günahsız vətəndaşın yaralanması bizi çox sarsıtdı. Bu cinayətlərə dünya ictimaiyyətinin susmaması üçün hələ nə qədər insan həlak olmalı və zərər çəkməlidir?! Biz bu terrorizmi qətiyyətlə pisləyir və təqsirkarların layiqincə cəzalanmasını tələb edirik.
Çox hörmətli cənab Prezident, bu il beynəlxalq hadisələrlə çox zəngin olmuşdur. Ümid edirik ki, bu il Azərbaycan tarixinə Dağlıq Qarabağ münaqişəsinin öz həllini tapdığı və hər bir azərbaycanlının qəlbinin bir hissəsi olan, bütün yaralardan daha ağrılı olan torpaq həsrətinin, əcdadlarımızın müqəddəs torpaqlarının qayıtdığı il olacaqdır.
Sizə və Sizin qüdrətli xalqınıza böyük daxili güc arzulayırıq. Yaxınlarını itirmiş bütün ailələrə dərin hüznlə başsağlığı veririk".