18 Noyabr 2020 17:33
3 146
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putinin səsləndirdiyi fikirlər bir sıra mühüm tərəfləri ilə diqqəti çəkir. Bunlardan biri hər şeydən öncə onun Dağlıq Qarabağın həmişə Azərbaycana aid olması ilə bağlı səsləndirilən fikirdir ki, əslində bununla 100 ildir ermənilər tərəfindən spekulyasiya edilən bu mövzuya birdəfəlik son qoyuldu. Nəzərə almaq lazımdır ki, bu fikrin müəllifi erməniləri 200 il əvvəl Azərbaycan ərazilərinə gətirən və onlara dövlət verən çar Rusiyasının varisi olan bir ölkənin birinci şəxsidir.

Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.

O qeyd edib ki, beləliklə, həm tarixi, həm də hüquqi kontekstdə ermənilərin Dağlıq Qarabağ manipulyasiyasını onların əlindən alır:

“İkincisi, Rusiya Prezidenti açıq şəkildə Azərbaycanı müstəqil dövlət və etibarlı tərəfdaş kimi qiymətləndirir, onun beynəlxalq hüquqa əsaslanan özünümüdafiə haqlarını qəbul edir və əslində həm də BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq ona edilən təcavüzə qarşı özünün seçdiyi müttəfiqlərilə birlikdə suveren hüquqlarını bərpa etmə haqlarının olduğunu normal hal hesab edir.

Elə Türkiyə-Azərbaycan müttəfiqliyinin də bu kontekstdə qiymətləndirilməli olduğunu irəli sürərək Türkiyənin bu hərəkətinin əsla beynəlxalq hüquqa zidd olmadığını ifadə edir.

Nəhayət, Rusiya Federasiyasının da beynəlxalq hüquqa hörmət edən və müttəfiqləri ilə münasibətdə öz öhdəliklərinə sadiq olan bir dövlət olduğunu, Dağlıq Qarabağ məsələsinin heç bir halda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına aidiyyatı olmadığını deyir. Bütün bunlar isə əslində Azərbaycanın regionumuzda yaratdığı yeni geostrateji reallığın yaratdığı yeni şərtlərin beynəlxalq hüquqla uzlaşması və Rusiyanın bunu qəbul etməsi deməkdir”.

Hikmət Babaoğlu hesab edir ki, Putinin bu mövqeyi bundan sonra bütün beynəlxalq və regional aktorlara yeni reallığı dərk etmələri üçün yaxşı maarifləndirmə xarakteri daşıyacaq:

“Eyni zamanda Rusiya informasiya məkanına da Rusiyanın rəsmi mövqeyinin necə olmasını izah edir. Ona görə bəzi rus media qurumları da bundan müəyyən nəticə çıxarmaqla öz informasiya siyasətlərinə korrektələr etməli olacaqlar. Ən sonda isə Putin Azərbaycan Ordusunun ən müasir və güclü ordulardan biri olduğunu olduqca düzgün qiymətləndirərək deyir ki, Ermənistan bu anlaşmanı qəbul etməsə, intihar etmiş olacaqdı. Bütün bunlar isə sonrakı mərhələdə Rusiya-Azərbaycan münasibətlərinin qarşılıqlı etimad və tərəfdaşlıq əsasında daha da inkişaf edəcəyi ilə bağlı yaxşı perspektivlər yaradır ki, bu da hər iki qonşu ölkənin milli maraqlarına uyğundur”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər