Türk alimlərinə məxsus “BioNTech” COVID-19 peyvəndinin klinik sınaq nəticələrində 95 faizdən çox effektiv təsirə malik olması təsdiqlənib.
Teleqraf.com xəbər verir ki, üçüncü klinik sınaqda peyvəndin heç bir yan təsirinin olmadığı vurğulanıb.
Vaksinin bir neçə gün ərzində təcili istifadəsinin təsdiqlənməsi üçün ABŞ Qida və Dərman İdarəsinə (FDA) təqdim ediləcək.
Türk alimləri professor Uğur Şahin və Özlem Türecinin sahibi olduğu “BioNTech” və Amerikan Pfizerin ortaq şəkildə hazırladığı peyvənd əvvəllər 90 faiz təsirə malik olub. Vaksin 43 mindən çox könüllü üzərində sınaqdan keçirilib. Hər yaşda olan könüllülər arasında aparılan sınaq sabit nəticələr verib. Yalnız ikinci dozada 3.7 faizdə yorğunluq əlamətləri göstərib.
Məlumata görə, ilin sonuna qədər iki dozada tətbiq edilməli olan vaksin 50 milyon doza, 2021-ci ilin sonuna qədər isə 1,3 milyard doza istehsal ediləcək.
Qeyd edək ki, Bill Qeyts tərəfindən də maliyyələşdirilən Moderna “MRNA-1273” adlı COVID-19 peyvəndinin 94,5 faiz təsirli olduğu bildirilir. 30 min insan üzərində sınaqdan keçirilmiş peyvənd COVID-19 infeksiyasının qarşısını alsa da, bəzi yan təsirlərinin olduğu bildirilir.