"Koronavirusa qarşı peyvəndin qoruyuculuğu 6 aydan 1 ilə qədər çəkə bilər. Peyvənd olunanlar ömür boyu qorunacalarını düşünməməlidir. Ancaq məsələnin nikbin tərəfi də var, yay aylarının əvvəlində maskalardan qurtulmaq ehtimalı çoxdur".
Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin Hacettepe Universitetinin professoru Ateş Kara deyib.
O bildirib ki, koronavirus infeksiyasının böyük bir dalğası gəlir: “Hazırda ən böyük dalğanın zirvəsini yaşayırıq. Qarşıdakı dövr bizi daha çox narahat edir. Mütləq tədbirlər görülməlidir”.
Türkiyədəki vəziyyətdən danışan professor hesab edir ki, yaxın 3 həftə ərzində tam məhdudlaşma təmin edilsə, rəqəmlər azalar: “Tam qapanma dedikdə evdə ailə üzvlərindən başqa heç kimlə təmasda olmamağı nəzərdə tuturuq. Heç kimin evi tərk etməməsi şərtilə 3 həftəlik sərt karantin rejimini təmin etsək, virusu bloklaya bilərik. Nəticəni ən tez 7-10 gün ərzində görməyə başlayırıq”.
Xatırladaq ki, son günlər Türkiyədə COVID-19-a yoluxma sayında kəskin artım var. Ötən gün bu ölkədə 4215 yoluxma, 116 ölüm faktı qeydə alınıb.