Pandemiya başlayandan dövlətimiz, səhiyyə sistemi öz üzərinə düşən vəzifələri uğurla icra edib. Bir müddət yoluxmada əldə olunan müsbət dinamika insanlarımızda rahatlıq, sərbəstlik yaradıb. Ona görə də, bu gün ölkəmizdə virusa yoluxmada artan say nisbəti həyəcan təbili çalmağa əsas verir.
Bunu teleqraf.com-a Milli Məclisin Səhiyyə Komitəsinin üzvü İlham Məmmədov deyib.
Onun fikrincə, Böyük Zəfər yaşadığıımız bu günlərdə cəmiyyətimiz daha diqqətli, məhsuliyyli olmalıdır.
Deputat qeyd edib ki, müqəddəs amallar uğrunda savaşımızda virusun yayılması mənfi tendensiyalara səbəb ola bilər: “Artıq ölkəmizdə gündəlik yoluxma 2000-i ötüb. Daha əvvəl maksimal rəqəm 1000-dən xeyli aşağı olurdu. Bu gün səhiyyə sistemi yüklənir. Ötən müddətdə ölkəmizdə 10-dan çox modul tipli xəstəxana açıldı. Xarici ölkələrdən qısa və uzun müddətli fəaliyyət göstərən tibbi mütəxəssislər gətirildi.
Tibbi personal vətən müharibəsində vuruşan əsgərlərimizə xidmət göstərməyə davam edir. Faktiki olaraq həkimlərimiz hər iki cəbhədə mübarizə aparır. Azərbaycan xalqı vətən müharibəsində olduğu kimi koronavirusa qarşı mübarizədə də birlik, bərabərlik nümayiş etdirməlidir”.
İlham Məmmədovun sözlərinə görə, yoluxma sayının artması nəticəsində xəstəxanalarda xəstələrin qospitalizasiyası üçün yer sayında azalma müşahidə olunur: "Əvvəllər gün ərzində maksimal 5000 test aparılırdısa, bu gün onu 13000-ə çatıb. Dünyasını dəyişən xəstələrimizin də sayı 10-dan 25-ə yüksəlib. Dünyanın gəldiyi nəticəyə görə, virusla mübarizədə karantindən başqa yol yoxdur. Hazırda Avropa ölkələrində də sərt karantin tədbirləri görülür. Qarşıdan gələn qış fəslinin yaradacağı tendensiyanı nəzərə alaraq hələlik başqa mübarizə yolu qalmır. Peyvəndin tətbiqinə başlayana qədər insanlar sosial izolyasiya və şəxsi gigyena qaydalarına ciddi nəzarət etməlidir”.
Komitə üzvü COVID-19 virusu ilə mübarizədə mövcud karantin tələblərinə ciddi riayət etməyə, zərurət olmadıqda kənar şəxslərlə təmaslardan yayınmağa, qapalı və açıq məkanlarda sosial məsafəyə əməl etməyə çağırıb.