Azərbaycanda “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adı təsis olunur.
Bu barədə Teleqraf.com-a Milli Məclisdən məlumat verilib.
Bildirilib ki, parlamentin bu gün keçiriləcək plenar iclasında “Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adının təsis edilməsi haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılacaq.
***
Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adının təsis edilməsi haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.
Qanun layihəsində qeyd edilib ki, “Vətən Müharibəsi Qəhrəmanı” Azərbaycan Respublikasının ən ali fərqlənmə dərəcəsidir.
“Vətən Müharibəsi Qəhrəmanı” fəxri adı Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunması zamanı düşmənin əlverişli ərazilərdə yerləşməsinə və inadlı müqavimətinə baxmayaraq, düşmənin qüvvələrinin tam məğlub edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırıqlarına və Azərbaycanın dövlət sərhədlərinin bərpa edilməsi üzrə döyüş əmədiyyatlarına yüksək peşəkarlıqla rəhbərlik edilməsinə, həmçinin döyüş əməliyyatlarında göstərdiyi şəxsi qəhrəmanlığa görə verilir.
“Vətən Müharibəsi Qəhrəmanı” müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun öz təşəbbüsü ilə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən irəli sürülmüş vəsatətlərə əsasən verilir.
“Vətən Müharibəsi Qəhrəmanı” adının xüsusi fərqlənmə nişanı - “Vətən Müharibəsi Qəhrəmanı” Azərbaycan Respublikasının medalıdır. “Vətən Müharibəsi Qəhrəmanı” medanının təsviri qanunla müəyyən olunur. “Vətən Müharibəsi Qəhrəmanı” medalı döşün sol tərəfinə, digər orden və medallardan yuxarıda taxılır.
“Vətən Müharibəsi Qəhrəmanı” adı almış şəxsə aşağıdakılar təqdim edilir:
- “Vətən Müharibəsi Qəhrəmanı” medalı;
- “Vətən Müharibəsi Qəhrəmanı” adının verilməsi haqqında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) aktı.
“Vətən Müharibəsi Qəhrəmanı” eyni şəxsə bir dəfə verilir. “Vətən Müharibəsi Qəhrəmanı” adı almış şəxslər qanunla müəyyənləşdirilmiş güzəştlərdən istifadə edir. “Vətən Müharibəsi Qəhrəmanı” adı almış şəxslər həmin addan Azərbaycan Respublikasının fəxri adları üçün müəyyən olunmuş qaydada məhrum edilir.
Qanuna dəyişiklik layihəsi müzakirələrdən sonra I oxunuşda qəbul edilib.