Paris şəhər meriyasının artıq mövcud olmayan Dağlıq Qarabağ adlı hansısa qurumu tanımaq həvəsinə düşməsi gecikmiş və puc olmuş siyasi romantizmdən başqa bir şey deyil. Görünür, kimlərəsə yeni avtoritar populizm lazımdır və konkret halda Fransa paytaxtının meri Ann İdalqo bununla məşğuldur. Əslində onu bu cür qeyri qanuni addımlara təşviq edən də erməni lobbisi və Fransada olan ermənipərəstlərdir.
Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib.
O qeyd edib ki, Paris Şəhər Şurası 163 nəfərdən ibarətdir. Şura şəhər merini və onun 40 müavinini seçir:
“Fransa Prezidenti Emmanuel Makronun yaratdığı və rəhbərlik etdiyi “İrəli Fransa” partiyası hazırda şurada geniş şəkildə təmsil olunur. Ona görə də belə düşünməyə əsas var ki, bu məsələ sadəcə Paris meriyasının deyil, həm də sentyabr ayının 27-dən bəri Azərbaycanın beynəlxalq hüquqa söykənən haqq işinə dair təxribatçı fikirlər səsləndirən bəzi fransız rəsmilərinin də təşəbbüsüdür. Bundan başqa mer Ann İdalqonun Fransa erməniləri ilə sıx əlaqələri var. Hətta onun müavinlərindən biri erməni əsilli Anuş Toronyandır. Anuş Toronyan isə Fransa ermənilərinin təşkilatı olan CCAF-ın rəhbəri Ara Toronyanın qızıdır. Bu fakt özlüyündə Paris meriyasının atmaq istədiyi qeyri-qanuni addımın kökündə nələrin dayandığını yaxşı izah edir”.
Hikmət Babaoğlu bildirib ki, ancaq bu da məsələnin hamısı deyil:
“Hələ 2015-2018-ci illərdə Parisin meri Anna İdalqo Ermənistan prezidenti Serj Sərkisyanla 4 dəfə görüşüb. Ann İdalqo Ermənistanda yaradılmış TUMO (Center for Creative Technologies) mərkəzinin Paris bölməsinin açılışında iştirak edib və hərtərəfli dəstək göstərib. TUMO-nun Xankəndidə də ofisi olub. Bütün bunlar erməni lobbisinin davamlı səyəri nəticəsində baş tutub. Ona görə də Paris meriyası hazırda belə spekulyativ hərəkətlər edir. Ancaq Paris kimi böyük bir şəhər meriyasının maraqları, ya da elə fransız xalqının maraqları bir qrup erməninin girovuna çevrilə bilməz, çevrilməməlidir. Bu təşəbbüsə dəstək verənlər sonda ya peşman olmağa, ya da geriyə addım atmağa məhkumdurlar”.
Qeyd edək ki, Paris meriyasının qondarma Dağlıq Qarabağı tanımağa hazırlaşdığına dair məlumat yayılıb. Bu barədə diplomatik mənbələrdən bildirilib. Separatçı qurumun tanınması təşəbbüsünün Fransa paytaxtının meri Ann İdalqodan gəldiyi qeyd olunur.