Noyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Ağdam şəhərində olublar.
Teleqraf.com xəbər verir ki, dövlətimizin başçısı Ağdamda Azərbaycanın üçrəngli bayrağını qaldırdı. İyirmi yeddi ildən sonra işğaldan azad olunan Ağdamda indi dövlət bayrağımız qürurla dalğalanır. Bu görüntüləri hər bir azərbaycanlı fəxrlə və böyük sevinclə izləyir.
Bir vaxtlar qaynar həyatın olduğu, əməksevər insanların qurub-yaratdıqları abad şəhərdən əsər-əlamət qalmayıb. Erməni işğalçılar xislətlərinə uyğun olaraq, Ağdamın ağ damlarını xarabalığa çeviriblər, şəhəri darmadağın ediblər.
Sonra dövlətimizin başçısı və birinci xanım Ağdam məscidini ziyarət etdilər. Xocalı soyqırımında sağ qalan xocalıların ümid, pənah yerinə çevrilən qoşa minarəli məscid də yırtıcı düşmən tərəfindən vəhşicəsinə dağıdılıb.
Prezident İlham Əliyev Məkkədən gətirdiyi “Qurani-Kərim”i Ağdam məscidinə bağışladı.
Dövlətimizin başçısı Ağdam məscidinin qarşısında çıxış etdi.
- Əziz həmvətənlər.
Bildiyiniz kimi, noyabrın 20-də Ağdam şəhəri və Ağdam rayonunun işğal altında olan hissəsi işğaldan azad edilib. Bu münasibətlə mən Azərbaycan xalqını təbrik etmişdim, ağdamlıları təbrik etmişdim. Bu gün mən buradayam, Ağdam şəhərindəyəm. Ağdam məscidini ziyarət etmişəm, Azərbaycan Dövlət Bayrağını qaldırmışam. Biz Ağdama qayıtmışıq. Bütün ağdamlıları bu tarixi hadisə münasibətilə bir daha təbrik etmək istəyirəm. Bilirəm ki, ağdamlılar bu günü uzun illər ərzində səbirsizliklə gözləyiblər. Həm işğal dövründə - 30 ilə yaxın müddət ərzində, eyni zamanda, İkinci Qarabağ müharibəsi, Vətən müharibəsi dövründə gözləyirdilər ki, Ağdam işğaldan nə vaxt azad ediləcək. Biz öz tarixi missiyamızı şərəflə yerinə yetirdik, işğal olunmuş torpaqları düşməndən azad etdik. Döyüş meydanında əldə edilən qələbə imkan verdi ki, Ağdam rayonu, eyni zamanda, Kəlbəcər və Laçın rayonları bir güllə atmadan, bir şəhid vermədən işğaldan azad edilsin.
Biz bu torpaqlara Azərbaycan xalqının, şəhidlərimizin canı, qanı bahasına, qəhrəmanlarımızın şücaəti hesabına qayıtmışıq. Biz güc toplamalı idik və toplayırdıq. Mən son 17 il ərzində xalqa müraciət edərkən dəfələrlə deyirdim ki, biz daha güclü olmalıyıq, daha qüdrətli ordu qurmalıyıq. Bu gün dünyada güc amili həlledici rol oynayır. Haqq-ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq bizim tərəfimizdədir, güc də bizim tərəfimizdə olmalıdır. Məhz gücümüzün yetərli dərəcədə olmaması nəticəsində Azərbaycan 1990-cı illərin əvvəllərində işğala məruz qalmışdır. Biz güc toplayırdıq, güclənirdik. Mən deyirdim ki, hər gün hər bir Azərbaycan vətəndaşı bu müqəddəs günü, bu zəfər gününü öz əməyi, zəhməti, Vətənə olan sədaqəti ilə yaxınlaşdırmalıdır.
Biz beynəlxalq müstəvidə böyük işlər apardıq və mən öz çıxışlarımda xalqa bu barədə kifayət qədər məlumat vermişdim. Bu gün, müharibə başa çatandan sonra və hətta müharibə dövründə bütün dünya, bütün Azərbaycan xalqı gördü ki, bunun nə qədər böyük əhəmiyyəti var idi. Əgər biz münaqişənin həlli üçün lazımi hüquqi baza yaratmasaydıq, bu gün problemlərlə üzləşə bilərdik. Biz bütün beynəlxalq təşkilatlarda ədaləti, beynəlxalq hüququ tanıyan, əks etdirən qərar və qətnamələr qəbul etdirdik. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi 1993-cü ildə qəbul edilmişdir. Amma ondan sonra biz BMT Baş Assambleyasının qətnamələrini, İslam Əməkdaşlıq Təşkilatının qətnamələrini, Qoşulmama Hərəkatının, Avropa Parlamentinin, Avropa Şurası Parlament Assambleyasının qərar, qətnamələrini qəbul etdirərək münaqişənin həlli üçün çox möhkəm hüquqi baza yaratdıq. 2003-cü ildən bu günə qədər bütün bu lazımi addımlar atıldı və biz siyasi müstəvidə qələbə qazandıq. Eyni zamanda, iki il bundan əvvəl Avropa İttifaqı ilə Azərbaycan arasında paraflanmış “Tərəfdaşlıq prioritetləri” sənədində də Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və sərhədlərimizin toxunulmazlığı haqqında açıq ifadələr var. Bu, bizim böyük uğurumuzdur. Çünki uzun illər ərzində biz buna nail ola bilməmişdik. Bəzi beynəlxalq təşkilatlar işğalçını öz adı ilə çağırmaq istəmirdilər. Bəzi beynəlxalq təşkilatlar işğalla bağlı qəbul edilmiş sənədlərdə işğalçının kim olduğunu göstərmək istəmirdilər. Hətta BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində Ermənistan işğalçı dövlət kimi göstərilmədi. Orada “erməni qüvvələri” yazılmışdı.
Biz son 17 il ərzində münaqişənin həlli üçün hüquqi baza yaratdıq. Mən bütün beynəlxalq təmaslarımda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini, tarixi həqiqətləri və mövcud vəziyyəti bütün həmkarlarıma çatdırmışdım. Mənim demək olar ki, bütün ikitərəfli beynəlxalq təmaslarımda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi xüsusi yer alır. Mənim bütün çıxışlarıma baxmaq kifayətdir. Son 17 il ərzində demək olar ki, bütün çıxışlarımda bu məsələ ilə bağlı öz fikrimi bildirmişdim, dünya ictimaiyyətini məlumatlandırmışdım. Çünki əfsuslar olsun ki, 1990-cı illərin əvvəllərində münaqişə ilə bağlı dünyada dolğun təsəvvür yox idi, təhrif edilmiş məlumat var idi. Erməni lobbisi tərəfindən ortalığa atılmış məlumat var idi. Əks təqdirdə, bizim torpaqlarımız işğal altına düşə-düşə Amerika Konqresi məşhur 907-ci düzəlişi qəbul etməzdi. Azərbaycan torpaqları işğal altına düşürdü, ancaq Amerika Konqresi Azərbaycanı təcavüzkar kimi tanımışdır və bizi humanitar yardımdan məhrum etmişdir. O vaxt erməni lobbisi buna nail oldu. Azərbaycan diplomatiyası, sadəcə olaraq, onların qarşısında adekvat addım ata bilməmişdir.
Biz informasiya müharibəsində qələbə qazandıq. Biz Xocalı soyqırımı haqqında dünyaya dolğun məlumat verdik. Xocalı soyqırımı haqqında dünyada məlumat yox idi. “Xocalıya ədalət!” kampaniyası, 10-dan çox ölkə tərəfindən Xocalı soyqırımının soyqırımı kimi tanınması demək olar ki, münaqişə ilə bağlı həqiqəti əks etdirən mənzərəni yaratdı və dünya ictimaiyyətinə çatdırdı.
Biz - Qoşulmama Hərəkatına sədrlik edən ölkə BMT-dən sonra ikinci böyük təsisat olan Qoşulmama Hərəkatına sədrlik etdiyimiz dövrdə də bu məsələni diqqət mərkəzində saxlamışıq. Bu gün 120 ölkəni birləşdirən təşkilata Azərbaycan sədrlik edir. Keçən il Zirvə görüşü keçirilmişdir. Bu gün Azərbaycan xalqı bir daha görür ki, bunun nə qədər böyük önəmi var idi. Çünki İkinci Qarabağ müharibəsi dövründə BMT-də, BMT Təhlükəsizlik Şurası tərəfindən yeni qətnamənin qəbul edilməsi cəhdləri də baş vermişdir. O qətnamə qəbul edilsəydi, əlbəttə ki, bizi dayandıra bilməzdi, ancaq lazım olmayan bir mənzərə yarada bilərdi. Məhz Qoşulmama Hərəkatına üzv ölkələr o qətnamənin qəbul olunmasına imkan vermədilər, bizi dəstəklədilər. Mən də onlara təşəkkürümü bildirdim və demişdim ki, onlar bizim arxamızda kişi kimi durdular. Baxmayaraq ki, böyük dövlətlər onlara böyük təzyiqlər göstərirdi. Qoşulmama Hərəkatının bir çox üzvləri Azərbaycanı həm müstəqil, həm güclü, həm də onları müdafiə etməyə hazır olan ölkə kimi tanıyır. Biz pandemiya dövründə 30-dan çox ölkəyə humanitar maliyyə yardımı göstərmişik, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatının xətti ilə Qoşulmama Hərəkatına xüsusi bir yardım göstərmişik. Görülmüş bütün bu işlər səmərəsini verdi. Biz bizim üçün əsas məsələ olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ məsələsində lazımi beynəlxalq dəstəyi ala bildik.
Biz bu gün təkcə Qoşulmama Hərəkatına yox, eyni zamanda, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına da sədrlik edirik. Bizim beynəlxalq nüfuzumuz kifayət qədər yüksəkdir və bu, münaqişənin həlli üçün xüsusi rol oynamışdır.
Mən bu 17 il ərzində daim deyirdim ki, biz iqtisadi sahəyə güclü təkan verməliyik, iqtisadi müstəqilliyimizi təmin etməliyik və təmin etdik. Bu gün biz iqtisadi cəhətdən heç kimdən asılı deyilik. Asılı olsaydıq, bizə təzyiqlər edilə bilərdi. Onsuz da edilmişdi, ancaq onların heç bir səmərəsi olmadı. Çünki bizə qarşı iqtisadi amildən istifadə etmək mənasızdır. Biz heç kimdən asılı deyilik, hansısa ölkədən, hansısa beynəlxalq maliyyə qurumundan asılı deyilik. Əksinə, biz özümüz indi donor ölkəyik, biz özümüz indi kreditlər veririk. Bizim kifayət qədər güclü iqtisadi potensialımız və maliyyə resurslarımız imkan verdi ki, iqtisadi müstəqilliyi tam təmin edək. Bu da qələbənin əldə edilməsində xüsusi rol oynayırdı. Çünki əgər biz iqtisadi cəhətdən müstəqil olmasaydıq, biz siyasi müstəqillik əldə edə bilməzdik. Siyasi müstəqillik olmadan torpaqlarımızı düşməndən azad edə bilməzdik. O düşməndən ki, onların arxasında böyük dövlətlər, o dövlətlərin çox nüfuzlu dairələri, erməni lobbi təşkilatları dayanır.
Bu amillər gücümüzü artırdı, qələbəmizi şərtləndirdi. O amillərin arasında birinci nömrəli məsələ hərbi gücümüzdür. Mən dəfələrlə demişdim ki, bizim üçün hərbi gücümüzün möhkəmləndirilməsi birinci məsələdir. Təsadüfi deyil ki, mənim prezidentlik dövrümdə bizim hərbi xərclərimiz hər il büdcə xərcləri arasında birinci yerdə idi. Mən deyirdim və ya vətəndaşlara izah edirdim ki, bəli, bizim çoxlu başqa məsələlərimiz var, həllini gözləyən problemlər var. Ancaq bizim əsas problemimiz torpaqlarımızın işğal altında olmasıdır. Ona görə bizim xərclərimiz arasında birinci yerdə hərbi xərclər dayanır. Biz lazım olan texnikanı aldıq. Bu texnikanı, müasir silahları Azadlıq meydanında dəfələrlə keçirilmiş paradlarda nümayiş etdirirdik. Biz ordumuzu inkişaf etdirərkən ən qabaqcıl meyilləri nəzərdən keçirmişdik. Biz o silahları alırdıq ki, bu silahlar bizim üstünlüyümüzü təmin etsin və İkinci Qarabağ müharibəsi bunu göstərdi.
Bu gün bir çox ölkələrdə, inkişaf etmiş ölkələrdə bizim təcrübəmiz öyrənilir. Bu gün bu məsələ ilə məşğul olan bir çox ekspertlər qeyd edirlər ki, Azərbaycan XXI əsrin müharibəsini aparıb. XXI əsrdə ilk dəfə olaraq, bu miqyasda və bu səmərə ilə qısa müddət ərzində tarixi nailiyyətlər əldə edilib. İndi buraya gələrkən mən ən azı üç müdafiə xəttini gördüm. Amma mənə hərbçilər tərəfindən verilən məlumata görə, beş müdafiə xətti var. Füzulidə də, həmçinin. Biz bu əsgər və zabitlərimizin qəhrəmanlığı, peşəkarlığı sayəsində müdafiə xəttini yarmışıq. Biz texniki cəhətdən ən müasir silahlarla təchiz edilmişik və İkinci Qarabağ müharibəsi bunu göstərdi, o videogörüntülər var. İndi onlar bir çox ölkələrdə öyrənilir və öyrəniləcək, hərbi kitablara salınacaq.
Eyni zamanda, biz ordumuzun döyüş potensialını gücləndirirdik. Çünki tam aydın idi ki, təkcə silahlarla qələbə qazanmaq mümkün deyil. Bayrağı qaldıran, bayrağı düşmənin mövqeyinə sancan, azad edilmiş torpaqlara sancan əsgərdir, zabitdir. Bizim əsgər və zabitlərimiz aslan kimi vuruşdular. Şəhidlər verdik. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Onların valideynlərinə Allah səbir versin! Yaralı hərbçilərimiz var, onlar da sağalırlar. Onların bir çoxu artıq sağalıb. Allah onlara şəfa versin! Biz qəhrəman əsgər və zabitlərimiz hesabına qələbə qazanmışıq. Təkcə Şuşanın işğaldan azad edilməsi əməliyyatı, əminəm ki, tarixdə əbədi qalacaq. Demək olar ki, yüngül silahlarla dərədən, meşələrdən, dağlardan keçərək əlbəyaxa döyüşdə düşməni məhv etdik, Qarabağın tacı olan Şuşanı azad etdik.
Bax, bütün bu amillər bizim qələbəmizi şərtləndirdi. Mən bir daha qeyd etmək istəyirəm ki, ağdamlılar bu günü uzun illər ərzində - 30 ilə yaxın idi gözləyirdilər. Eyni zamanda, İkinci Qarabağ müharibəsi zamanı da gözləyirdilər. Mən bilirəm və hiss edirəm ki, bizim şəhərlərimiz, rayonlarımız, kəndlərimiz işğaldan azad olunduqca ağdamlılar da fikirləşirdilər ki, nə vaxt onların kəndləri, Ağdam şəhəri azad olunacaq. Cəbrayıl azad olundu, Füzuli azad olundu, Hadrut azad olundu, Zəngilan, Qubadlı, Suqovuşan, Şuşa azad olundu və yəqin ki, ağdamlılar fikirləşirdilər ki, nə üçün Ağdam azad olunmur? İndi mən bunu deyə bilərəm. Amma mən istəyirdim, bunu hansısa formada ağdamlılara çatdırım, amma onlar da başa düşürlər ki, müharibə dövründə bunu edə bilməzdim. Burada beş müdafiə xətti var. Düşmən bizi buradan gözləyirdi. Biz imkan verə bilməzdik ki, düşmənin gözlədiyi yerdən hücuma keçək. Biz bu istiqamətdə kifayət qədər böyük hərbi birləşmə saxlamışdıq ki, düşmənin hərbi qüvvələri də burada qalsın, başqa yerə getməsin. Füzulini, Hadrutu, Xocavənd rayonunun böyük hissəsini və Şuşanı azad edəndən sonra təbii ki, biz artıq Ağdam şəhərinə istiqamət götürmüşdük və əmr verilmişdi ki, növbəti istiqamət Ağdamdır. Düşmən də bilir və artıq etiraf edir ki, əgər onlar torpaqlarımızın azad edilməsi ilə bağlı mənim şərtlərimi qəbul etməsəydilər, burada məhv olacaqdılar. Çünki biz Ağdama gəlirdik.
Müharibənin bütün sirlərini açmaq hələ ki, tezdir. Vaxt gələcək çox maraqlı məsələlər üzə çıxacaq. Ancaq bu gün tam rahat deyə bilərəm ki, Ağdam əməliyyatı planlaşdırılırdı. Biz Ağdamı onsuz da alacaqdıq. Amma itkilər olacaqdı, özü də böyük sayda. Ona görə Şuşanı və noyabrın 9-da 70-dən çox kəndimizi azad edəndən sonra düşmənin beli qırıldı, təslim oldu, ağ bayraq qaldırdı, mənim şərtlərimə əməl etdi və öz məğlubiyyətini etiraf etdi.
Mən, demək olar ki, müharibənin ilk günlərindən çoxsaylı müsahibələrimdə və xalqa müraciətlərimdə demişdim ki, - bütün bunları qaldırmaq olar, hər şey sənədləşdirilib, - bizə tarix versin. Dedim, Paşinyan, sən özün, sənin xarici işlər nazirin, yaxud müdafiə nazirin yox, hansılar ki, bu məğlubiyyətə görə işdən qovuldular, sən özün, Paşinyan, bizə tarix verməlisən, özün deməlisən və buna nail oldum.
Əgər mənim sözümə qulaq assaydı, indi belə rəzil durumda olmazdı. Tam qətiyyətlə deyə bilərəm, biz işğal olunmuş torpaqlarımızı onsuz da azad edəcəkdik. Ancaq düşmən hesab edirdi ki, ona kimsə kömək edəcək. Hesab edirdi ki, onun bütün havadarları gəlib onun yerinə bizimlə vuruşacaq. Səhv etdi, böyük səhv etdi. Füzuli, Cəbrayıl, Hadrut, Zəngilan, Qubadlı, Şuşa, Suqovuşan, Xocavənd rayonunun böyük hissəsi döyüş meydanında işğaldan azad olunandan sonra düşmən diz çökdü və bu gün diz üstədir. Biz düşmənin belini qırdıq, biz şanlı Qələbə qazandıq. Biz bütün dünyaya sübut etdik ki, onların əfsanələri, onların mifləri hamısı boş şeydir. On mindən çox fərari var Ermənistan ordusunda və daha da çox olacaqdı. Əgər biz Ağdama planlaşdırdığımız əməliyyatı həyata keçirsəydik, bax, burada minlərlə erməni hərbçisi ya fərari olacaqdı, ya da məhv olacaqdı. Biz göstərdik ki, döyüşkən xalq Azərbaycan xalqıdır. Biz göstərdik ki, heç vaxt bu işğalla barışmayacağıq. Açsınlar baxsınlar mənim çıxışlarıma, mən son 17 il ərzində bəlkə də min dəfə demişəm, biz bu işğalla barışmayacağıq. Hesab edirdilər ki, bizim torpaqlarımızı işğal altında əbədi saxlayacaqlar. Çünki bu qədər xərc qoyan, burada, Füzulidə, Cəbrayılda bu qədər istehkam quranlar onu da istəyirdilər. Cəbrayıl rayonunun Soltanlı kəndi uğrunda bir neçə gün şiddətli döyüşlər gedirdi. Orada elə istehkamlar qurmuşdular ki, bəlkə də heç dünyada belə istehkamlar olmayıb. Nə üçün? Çıxmaq istəmirdilər. Hesab edirdilər ki, orada əbədi oturacaqlar. Erməniləşdirmək istəyirdilər. Bax, bütün Ağdam şəhəri dağıdılıb. Oranı onlar 1990-cı illərdə dağıdıblar ki, əgər sülh müqaviləsi imzalansa, Azərbaycan xalqı gəlib burada yaşaya bilməsin. Hər tərəf minalanıb. Ən çox minalar məhz buradadır. Amma səhv etdilər. Biz bütün bu illər ərzində bir amalla, bir arzu ilə yaşamışıq ki, bu torpaqlara qayıdaq və qayıtmışıq. Ermənistan ordusunu məhv etmişik. Ermənistan ordusu demək olar ki, yoxdur. Hərbi cinayətkarları məhv etmişik, onların tör-töküntülərini məhv etmişik. Mən Füzuli şəhərində demişəm, bir daha demək istəyirəm, biz Koçaryan, Sarkisyan ordusunu məhv etmişik. Biz Koçaryana, Sarkisyana qarşı qüdrətimizi göstərmişik. Biz onları məğlub etmişik. Paşinyan kimdir, mən indi onun haqqında danışmaq istəmirəm, nə lazımsa demişəm.
Koçaryan, Sarkisyan, siz diz çökdünüz bizim qabağımızda, siz buranı, işğal edilmiş bütün torpaqları bax, bu günə saldınız. Siz bu məscidi dağıtdınız. İkinci Qarabağ müharibəsi dövründə qaçıb gizləndilər. Döyüş bölgəsinə burunlarını da belə soxa bilmədilər. Bəs, haradadır sizin qəhrəmanlığınız? Dedim ki, çıxarın dəmir-dümürləri, onun qiyməti yoxdur. Qəhrəman ordenləri taxmısınız döşünüzə. Yalançı qəhrəmandırlar bunlar. Bax, mən burada durmuşam, dağıtdığınız məscidin önündə, dağıtdığınız Ağdam şəhərində, öz ordumla buraya gəlmişəm. Qalib kimi gəlmişəm. Siz isə öz miskin həyatınızın sonuna qədər məğlub edilmiş, qorxaq damğası ilə yaşayacaqsınız. Nə gizlənirsiniz orada siçan kimi?! Koçaryan, Sarkisyan, mən sizə deyirəm. Paşinyan heç kimdir. İndi onun dərdi, azarı hakimiyyətdə qalmaqdır. Buna görə də bütün müxalifəti tutdurur. Qərb də susur buna, susur, ağzına su alıb. Görmür ki, nələr baş verir orada?! Hərbi cinayətkarlar, Xocalı qatilləri, sizi məhv etmişik. Azərbaycan əsgəri, Azərbaycan zabiti sizi məhv edib. Əcəb də eləyib!
Bu gün Ağdam şəhərini dağılmış vəziyyətdə görmək çox ağrılıdır. Amma mən bir neçə il bundan əvvəl bu bölgədə olarkən, bizim səngərlərdə olarkən, o binanı binoklla görmüşəm. Bu hissləri sözlə ifadə etmək çətindir, mümkün deyil. Öz torpağımızda öz şəhərimizi, bax, o binanı binoklla uzaqdan görmək, buraya gələ bilməmək nə qədər ağrılı idi. Dəfələrlə təmas xəttində olarkən, səngərlərdə olarkən, fikirləşirdim ki, gün gələcək biz qayıdacağıq, biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik.
Bu gün mən Ağdam məscidinə Məkkədən gətirdiyim “Qurani-Kərim”i bağışladım. Mən xoşbəxt adamam ki, dörd dəfə Məkkə ziyarətində olmuşam. Bir dəfə rəhmətlik atamla, üç dəfə isə Prezident kimi. Xoşbəxtəm ki, mən ailə üzvlərimlə bərabər müqəddəs Kəbənin içində dualar etmişəm. Hər bir insanın ürəyində nə varsa, mənim ürəyimdə də eyni duyğulardır. Etdiyim duaların arasında birinci duam torpaqlarımızın işğaldan azad edilməsi idi. Allahdan xahiş edirdim, mənə güc versin ki, biz torpaqları işğalçılardan azad edək, o xoşbəxtliyi bizə nəsib etsin, biz yenə də dədə-baba torpağımıza qayıdaq.
Bu gün burada, vandallar tərəfindən dağılmış məscidin önündə deyirəm ki, xoşbəxt adamam. Bir daha Allaha şükür edirəm ki, mənim dualarımı eşidib, bu gücü mənə verib. Biz gücümüzü səfərbər edərək bax, bu tarixi günləri yaşayırıq. Bu, həqiqətən də tarixi günlərdir. Bəlkə də çoxəsrlik Azərbaycan tarixində buna bənzər şərəfli və qürurlu günlər olmayıb. Biz bunu birliyimiz sayəsində qazanmışıq, gücümüz sayəsində qazanmışıq. Heç kim bizə kömək etməyib. Əksinə, ancaq maneçilik törədib. Gün gələcək bu barədə də ətraflı danışacağam.
Bu 44 gün ərzində bizə mənəvi və siyasi dəstək verən Türkiyə Cümhuriyyəti olub, mənim qardaşım Prezident Rəcəb Tayyib Ərdoğan olub və bir neçə digər müsəlman və qeyri-müsəlman ölkələrin rəhbərləri olub. Biz bu Qələbəni birlik, əzm, iradə və güc hesabına əldə etdik. Bu gün, müharibə başa çatandan sonra artıq Qərb dairələrindən bəzi Qərb liderləri məsələ qaldırırlar ki, bəs, Azərbaycanın nəzarətinə keçən azad edilmiş torpaqlarda xristian məbədləri necə olacaq? Həm mənimlə söhbət zamanı, həm rəsmi bəyanatlarda narahatlıq ifadə edirlər. Heç kim narahat olmasın, xüsusilə Qərb dövlətlərinin liderləri, hansılar ki, islamofob hissləri alovlandırırlar. Hansılar ki, İslam müqəddəslərinin təhqirlərinə göz yumurlar və hətta onları təhqir edənlərə bəraət qazandırırlar. Onların haqqı yoxdur bu barədə danışmağa, bu, birincisi. İkincisi, bizim ərazimizdə olan bütün məbədlər tarixi sərvətimizdir. Azərbaycanda hər il Bakı Humanitar Forumu, ya da ki, Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. Azərbaycanda dünya dinlərinin liderlərinin Zirvə görüşləri keçirilib. Baxın, görün, nələr deyilib bizim haqqımızda. İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanda İslam dininə olan münasibəti örnək kimi göstərir. Rusiya Pravoslav Kilsəsinin patriarxı Kiril Bakıda olarkən Azərbaycanda bu sahədə görülmüş işlərə yüksək qiymət verib, Pravoslav kilsələrində olub. Roma Papası Fransisk Bakıda olarkən rəsmi çıxışında Azərbaycanda tolerantlıq, dini dözümlülük, multikulturalizm haqqında danışıb. Kim bizə irad tuta bilər? Məscidləri bağlayan? Yaxud da ki, müsəlman məscidlərinə öldürülmüş donuzların başlarını atan bizə dərs deyəcək, narahatlıq ifadə edəcək? Bizə heç bir narahatlıq ifadə etmək lazım deyil. Bizim bütün tarixi abidələrimiz dövlət tərəfindən qorunur. Mənim göstərişimlə və dövlət vəsaiti hesabına hazırda iki pravoslav kilsəsi təmir edilir, üçüncü kilsə isə təmir olunub. İnzibati bina tikilir. Müharibə dövründə udi qardaşlarımızın kilsəsi Heydər Əliyev Fondu tərəfindən təmir olunaraq istifadəyə verilib. Bizim Qafqaz Albaniyası kilsələri milli sərvətimizdir. Gürcü kilsələrimiz, erməni kilsəsi. Vəhşi düşmən bax bu məsciddə inək saxlayıb, donuz saxlayıb. Bu şəkillər var internetdə. Azad edilmiş Zəngilan məscidində, Cəbrayıl məscidində donuz saxlayıb.
Biz UNESCO ilə çox sıx əməkdaşlıq edirik. Amma gəlib xristian məbədlərinə baş çəkmək istəsə, buraya gəlsin. Gəlsin və desin vəhşi erməni neyləyib burada. Bir də ki, bir neçə il bundan əvvəl Minsk qrupunun həmsədr ölkələrinin səfirləri bu məsciddə, burada olublar. Onlar iki dəfə faktaraşdırıcı missiyalar keçiriblər və mənə deyiblər ki, Ağdam məscidində olublar. Niyə məsələ qaldırmayıblar? Niyə bu, bəzi Qərb liderlərində narahatlıq yaratmayıb? Deməli, müsəlman məscidlərini təhqir etmək olar, inək, donuz saxlamaq olar, dağıtmaq olar. Belədirsə, belə də desinlər və getsinlər öz ölkələrində problemlərlə məşğul olsunlar, bizim işimizə burunlarını soxmasınlar. Heç kim bizim işimizə qarışmasın. Biz özümüz gəlmişik buraya. Bütün o ölkələrin səylərinə rəğmən gəlmişik, bütün təxribatlara rəğmən gəlmişik, qan tökə-tökə gəlmişik və durmuşuq bizim torpağımızda. Hərə getsin öz işi ilə məşğul olsun. Bizim işimizə qarışmaq istəyənin cavabını vermişik və verəcəyik.
Bu gün tarixi bir gündür. Biz şanlı Qələbəmizi qeyd edirik. Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın. Bu, böyük iş olacaqdır. Əlbəttə ki, böyük zəhmət tələb edəcək. Amma necə ki, biz 44 gün ərzində birlik göstərmişik, əminəm ki, azad edilmiş torpaqlarımızın bərpası işində də birlik, əzmkarlıq göstərəcəyik. Bütün şəhərlərimizi bərpa edəcəyik, daha da gözəl şəhərlər olacaqdır. Şəhərlərimizdə qalan tarixi abidələri bərpa edəcəyik və bir daha gücümüzü göstərəcəyik.
Biz Qələbəmizi dəmir yumruq hesabına, düşməni qova-qova qazanmışıq və indi durmuşuq öz torpağımızda.
Eşq olsun Azərbaycan xalqına! Eşq olsun Azərbaycan əsgərinə, Azərbaycan zabitinə! Ağdam bizimdir! Qarabağ Azərbaycandır!