25 Noyabr 2020 21:54
257

Bu gün Azəbaycan xalqı üçün çox əlamətdar, tarixi bir gündür. Azərbaycanın ərazi bütövlüyünün təminatı istiqamətində atılan sərt addımlar öz bəhrəsini verib. Ölkəmizin ərazi bütövlüyü təmin edilib. 10 noyabrda imzlanmış bəyanata uyğun olaraq bu gün Kəlbəcər rayonundan erməni silahlıları tamamilə çıxarılıb. Artıq Kəlbəcər Azərbaycan Ordusunun tam nəzarətindədir. Kəlbəcər noyabrın 15-də Azərbaycana qaytarılmalı idi. Ermənistanın müraciəti əsasında Rusiyanın xahişi ilə Kəlbəcərdən çıxmaq üçün 10 gün möhlət verildi. Kəlbəcərin azad olunması BMT qətnaməsinin Azərbaycan tərəfindən təmin edilməsi deməkdir.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı İlham Məmmədov deyib.

Deputat qeyd edib ki, Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də Ermənistan tərəfindən işğal edilib: “Həmin dövrdə hakimiyyətdə olan AXC-Musavat cütlüyünün səriştəsiz və xəyanətkar siyasəti rayonun işğalına şərait yaradıb”.

Millət vəkilinin görə, bu gün Kəlbəcəri tərk edən erməni əhalisi 1993-cü ildə rayonun işğalından sonra orada qeyri-qanuni məskunlaşıb: “BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən işğalçı Ermənistan Kəlbəcər ərazisində ermənilərin fəal məskunlaşmasına başlayıb. Qeyri-qanuni yaşadıqları əraziləri Azərbaycan torpaqlarını tərk edən ermənilər təhlükəsiz şəkildə, atəşə məruz qalmadan rahatlıqla bütün əşyalarını götürüblər. Azərbaycan Ordusu onlara ərazini tərk etmək üçün bütün şəraiti yaradıb”.

İlham Məmmədov vurğulayıb ki, Kəlbəcər həm də XXI əsrdə erməni vandalizminin əyani nümunəsinə çevrilib: “Ermənilər buranı tərk edərkən evləri yandırıb, vandallıq edib, meşələrə od vuraraq, suları çirkləndirərək ekoloji fəlakət törədib. Bu gün təhlükəsiz şəkildə və öz seçimi ilə ərazini tərk edən erməni əhalisindən fərqli olaraq, 1993-cü ildə rayonun azərbaycanlı əhalisi oradan zorakılıqla qovulub. Dağ yolları ilə, ayaqyalın, piyada şəkildə erməni təcavüzkarlarından qaçıb xilas olublar. Onların bir çoxu qırğına məruz qalıb, atəşə tutulub, meyitləri belə təhqir edilib. Nəticədə Kəlbəcərdə 500-dən artıq dinc sakin həlak olub, yüzlərlə insan girov və ya itkin düşüb. Azərbaycan əhalisi özü ilə heç nə götürə bilməyib, sakinlərin bütün əmlakı Ermənistan ordusu tərəfindən qarət olunub. Bu gün baş verənlər həm də Azərbaycan və Ermənistan arasındakı fərqi anlamaq üçün mühümdür”.

Deputatın fikrincə, müzəffər Ali Baş Komandanın qətiyyəti ilə hərbi qələbəmiz siyasi uğurumuzu şərtləndirib: “Bu diplomatik uğurun nəticəsində Ağdam kimi, Kəlbəcər də qan tökülmədən, şəhid verilmədən geri qaytarıldı. Azərbaycan Ordusu olduqca çətin relyefə, sərt iqlimə malik olan Kəlbəcərə şəhid vermədən, bir güllə atmadan daxil olub”.


Müəllif: Tapdıq Qurbanlı