“Dünən Fransa Senatında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul edilən qərar daxili siyasi məqsədlər naminə beynəlxalq hüququn fundamental prinsiplərinin, legitimlik və ədalətin heçə sayılmasının ibrətamiz nümunəsidir. Qərarda Türkiyəyə istinad edilərək qaldırılan iddiaları qəti şəkildə rədd edirik”.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir.
XİN-in bəyanatında deyilir:
“Fransa Senatının bu qərarı həm də ATƏT-in Minsk Qrupu həmsədrlərinin bu günədək münaqişəni niyə həll etmədiyi və necə qərəzli olduğunun əyani göstəricisidir. Ermənistanın əvvəlcə Tovuzda, daha sonra Dağlıq Qarabağda sərgilədiyi təcavüz və təxribatlardan sonra Azərbaycan lazımi cavabı verdi və 30 ilə yaxındır işğal altında olan torpaqlarını azad edərək ərazi bütövlüyünü bərpa etdi.
Əslində Azərbaycanın əldə etdiyi bu nəticələr BMT-nin qətnamələri və Fransanın da həmsədri olduğu Minsk prosesi zamanı qeydə alınmış, lakin həyata keçirilməmiş hüquqların konkretləşdirilməsidir. Başqa sözlə, BMT-nin müvafiq qətnamələri ermənilərin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tənzimləyir".
Bəyanatda qeyd edilib ki, Fransa Senatının Azərbaycanın işğaldan azad etdiyi ərazilərindən geri çəkilməsini tələb etməsi ciddiyə alınmayacaq qədər gülünc, qərəzli və həqiqətlərdən uzaq bir anlayışın təzahürüdür:
"Heç bir ağlabatan əsasları olmayan bu qərarın Fransanın məsələnin həllindəki rolunu da məhdudlaşdırır. Fransa hökumətinin də qəbul etmədiyi qərarın son dönəmdə Fransada hökm sürən anti-Türkiyə ab-havasının özündə əks etdirməsi təəccüblü olmasa da, düşündürücüdür”.
Bəyanatda Türkiyənin həmişə yaxın coğrafiyada baş verənlərə qanunların ali prinsiplərindən yanaşdığı bildirilib.
Sənəddə 30 il davam edən Azərbaycan-Ermənistan münaqişəsinin indiki mərhələsində Fransanın baş verənlərə konstruktiv münasibət göstərəcəyinə ümid bəslənildiyi də diqqətə çatdırılıb:
“Bunun üçün mövcud reallıqlardan çıxış edərək, beynəlxalq hüquqa uyğun şəkildə daimi bir həll əldə etmək naminə səy göstərməsi yetərli olacaq. Türkiyə indi digər tərəfdaşları kimi, Fransa ilə də illərdir davam edən bu münaqişənin regional sülh və sabitliyə töhfə verəcək şəkildə davamlı həllinə nail olmaq üçün çalışmağa hazırdır”.