Noyabrın 26-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Koreya Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Kim Tonq Opla görüşüb.
Komitədən Teleqraf.com-a verilən məlumata görə, görüşdə Ermənistanın işğalçılıq siyasəti, onun ağır nəticələrinin aradan qaldırılması, Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə bağlı mövcud vəziyyət, məcburi köçkünlər üçün tikilmiş qəsəbələrin artilleriya hücumu ilə dağıdılması, qaçqınların və məcburi köçkünlərin işğaldan azad edilən ərazilərə qayıtması məsələsi ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd olunub ki, Ermənistanın 1988-93-cü illərdə həyata keçirdiyi etnik təmizləmə və işğalçılıq siyasəti nəticəsində doğma yurdlarını tərk etməyə məcbur olmuş 1 milyondan çox həmvətənimiz respublikanın müxtəlif bölgələrində müvəqqəti məskunlaşıb. Prezident İlham Əliyev məcburi köçkünlərə hər zaman diqqət və qayğı göstərir. Bu kateqoriyadan olan soydaşlarımızın sosial problemlərinin həlli ilə bağlı dövlət başçısının müəyyənləşdirdiyi prioritet vəzifələr ardıcıllıqla yerinə yetirilir. Birinci vitse-prezident xanım Mehriban Əliyeva da məcburi köçkünlərə xüsusi qayğı ilə yanaşır, onun rəhbərliyi ilə böyük layihələr həyata keçirilir.
Görüşdə Ermənistanın hərbi təxribatının qarşısını almaq üçün Azərbaycan Ordusunun sentyabrın 27-dən noyabrın 10-dək apardığı əks-həmlə əməliyyatı haqqında məlumat verilib. Bildirilib ki, bu əməliyyat nəticəsində Azərbaycan özünün ərazi bütövlüyünü bərpa edib. Qeyd olunub ki, Ermənistan, Azərbaycan və Rusiya dövlət rəhbərlərinin Qarabağda silahlı münaqişənin dayandırılması məqsədilə imzaladıqları bəyanatda təsbit olunan tədbirlərin icrası azərbaycanlı məcburi köçkünlərin tarixən xalqımıza məxsus olan torpaqlara, oradakı ata-baba yurdlarına qayıtmasına şərait yaradır. Ölkə prezidentinin sərəncamlarına uyğun işlər aparılır, bu işlər bitdikdən sonra məcburi köçkünlər öz torpaqlarına qaytarılacaq.
Səfir Kim Tonq Op Koreyanın da bölünmə tarixini yaşadığından 10 milyona yaxın qaçqının olduğunu və bu səbəbdən qaçqın və məcburi köçkünlərin çətinliklərini çox yaxşı başa düşdüyünü qeyd edib. Koreya Respublikasının Azərbaycandakı səfirliyi 2014-cü ildən başlayaraq hər il Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz torpaqlarından didərgin düşmüş şəxslərə dəstək tədbirləri həyata keçirir. 2019-cu ildə Qaradağ rayonunda yerləşən məcburi köçkünlər üçün inşa edilmiş “Qobu Park” yaşayış kompleksinə səfər edərək sakinlər üçün könüllü tibbi xidmət, şagirdlər arasında inşa müsabiqəsi, məktəbin texniki avadanlıqlarla təmini, məcburi köçkün ailəsinə ziyarət kimi dəstək tədbirləri təşkil edib. Bu il pandemiya ilə əlaqədar olaraq yardım məhsullarının təminatı ilə kifayətlənməli olublar.
Daha sonra “2020-ci il Qaçqın və Məcburi Köçkünlərə Dəstək Tədbiri” çərçivəsində qaçqın və məcburi köçkünlərə çatdırılacaq yardım məhsullarını təqdimatı keçirilib.
Səfirə məcburi köçkünlərə dəstək məqsədi ilə keçirilən tədbirlərə görə təşəkkür edilib və nəzərə çatdırılıb ki, bu yardım rayonlarda yaşayan məcburi köçkün ailələrinə paylanacaq.
Koreyanın Azərbaycandakı səfirliyi məcburi köçkünlərə dəstək tədbirlərini gələcək illərdə daha da genişləndirməyi planlaşdırır.