30 Noyabr 2020 16:07
521
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. (Ümummilli Lider Heydər Əliyev)

Azərbaycanın müstəqilliyini bərpa etməsindən 29 il ötür. Təəssüf ki, müstəqilliyimizin ilk illəri Azərbaycanda faktiki hakimiyyətsizlik, iqtidarla xalq arasında ən ümdə milli hədəflər naminə vəhdət və həmrəyliyin olmaması, hakimiyyət uğrunda mübarizə şəraitində keçmiş, ölkənin maddi, mənəvi, iqtisadi resursları dağıdılmışdır. Belə bir vəziyyət Azərbaycanın ərazi itkilərinə səbəb olmuş, dövlətimiz vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qalmışdı.

Ümummilli Liderin xilaskarlıq missiyası

Vətən tarixinə şanlı qurtuluş səhifəsi kimi yazılmış 1993-cü ildən etibarən Ümummilli Lider Heydər Əliyev Azərbaycanı fəlakətdən xilas etmək missiyasına və dünya düzənində müasir dövlətçiliyimizin quruculuğuna başlamışdır. 1992-ci ildə xalqın adından onu yenidən ümumrespublika səviyyəsində aktiv siyasi fəaliyyətə dəvət edən 91 ziyalıya verdiyi cavabla Ümummilli Lider yalnız öz siyasi manifestini deyil, Azərbaycan dövlətinin gələcək hədəflərini müəyyən etdi, XIX əsrin sonları, XX əsrin əvvəllərində rüşeym halından Xalq Cümhuriyyətinin elanınadək qısa müddətdə sürətli inkişaf yolu keçmiş azərbaycançılıq ideologiyasının yeni baxışla yeni dövrə uyğunlaşdırılmasının əsasını qoydu. 1992-ci ilin siyasi mühitini yada salanda, bu gün həmin manifest-cavab dahiyanə uzaqgörənlik nümunəsi, müstəqil dövlət quruculuğu proqramı, milli xilas, islahat və inkişaf platforması kimi daha düzgün dərk olunur.

Ümummilli Lider o zaman dəbdə olan etnik millətçiliyin doğurduğu fəsadları diqqətə çatdırıb xalqçı-dövlətçi mövqe ortaya qoyaraq qeyd edirdi ki, Azərbaycan onilliklərlə, yüzilliklərlə mövcud ərazisində yaşayan bütün insanların vətənidir: “Yaranmış vahid, bütöv Azərbaycanın demokratik prinsiplər əsasında qorunub saxlanılması və inkişaf etdirilməsi müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsi üçün mühüm vəzifə və əsas şərtdir”. Ulu Öndərin təsəvvüründəki yeni Azərbaycanın gələcək inkişafının təməl prinsiplərini demokratik inkişaf, plüralist cəmiyyət, çoxpartiyalılıq, iqtisadiyyatın liberallaşdırılması kursu təşkil edirdi. Xalqın dəvətilə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra Heydər Əliyev müstəqil dövlətimizin məhz bəyan etdiyi həmin prinsiplər əsasında inkişafına nail oldu.

O vaxt ölkədə anarxiya hökm sürürdü. Yalnız Ulu Öndər Heydər Əliyev 1993-cü ilin oktyabrında Prezident seçildikdən sonra noyabrın 2-də radio və televiziya ilə Azərbaycan xalqına etdiyi müraciətlə ölkədə ciddi dövlət və ordu quruculuğuna başlanıldı, cəbhə xəttində düşmənə ilk böyük zərbələr vuruldu.1994-cü ilin mayında Ermənistanla müharibədə atəşkəs elan edilməsi ilə qazanılmış vaxtdan isə siyasi, iqtisadi islahatlar aparmaq, faktiki olaraq dağılmış ölkəni yenidən qurmaq, dünya birliyinin tamhüquqlu üzvünə çevirmək üçün istifadə edildi: vətəndaş müharibəsi təhlükəsi aradan qaldırıldı, hakimiyyətin silahlı çevrilişlər yolu ilə dəyişdirilməsi praktikasına son qoyuldu, Azərbaycanın gələcəyinə strateji təminat verən neft-qaz müqavilələri imzalandı, silahlı qüvvələrin komplektləşdirilməsi sürətləndi, beynəlxalq aləmlə münasibətlər sahmana salındı, tərəfdaş ölkələrin sayının artırılması üçün addımlar atıldı, yeni Konstitusiya qəbul edildi, çoxpartiyalı sistem əsasında parlament seçkiləri keçirildi, vətəndaş cəmiyyəti quruculuğu istiqamətində ciddi tədbirlər reallaşdırıldı, senzura, media üzərində dövlət nəzarəti mexanizmləri ləğv olundu, təhsil islahatları davam etdirildi, keçmiş sovet məkanında ilk dəfə olaraq geniş və ədalətli aqrar islahatlar aparıldı.

“Qara qızıl”ın insan kapitalına çevrilməsi

Ulu Öndərin başladığı quruculuq, inkişaf, beynəlxalq birliyə açılma, ümummilli hədəflər naminə cəmiyyətin bütün sosial və siyasi kəsimlərini əhatə edən həmrəylik kursu onun siyasi varisi, 2003-cü ilin oktyabrında Azərbaycan Respublikasının Prezidenti seçilmiş İlham Əliyev tərəfindən uğurla davam etdirildi. “Mən bütün Azərbaycan xalqının, hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm. Mənim borcumdur ki, imkan daxilində hər bir vətəndaş inkişafa, yaxşılığa doğru irəliləyişi görsün və onu hiss eləsin”, - sözləri təkcə yeni dövr üçün verilmiş seçki vədi deyildir. Bu sözlərin xalqa xidmət üçün fəaliyyət proqramı, siyasi kredo olduğu hər gün real işlərlə təsdiqlənir. Azərbaycana rəhbərlik etdiyi illər ərzində Prezident İlham Əliyev elan etdiyi platformaya sadiq qalmış, ölkənin dini, etnik, sosial və siyasi mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşının Prezidenti olduğunu əməldə nümayiş etdirmiş və bu gün də bu xəttə sədaqətini nümayiş etdirməkdədir.

Prezidentin ilk addımları Ümummilli Liderin əsasını qoyduğu neft siyasətini uğurla hədəf mərhələsinə çatdırmaq, daxil olan neft gəlirlərini nəzərdə tutulan məqsədlərə - böyük quruculuq işlərinə, əhalinin sosial rifahının yüksəldilməsinə yönəltmək oldu. Dövlətimizin başçısı demişdir: “Neft bizim üçün məqsəd deyil, daha yaxşı həyat yaratmaq, daha yaxşı ölkə qurmaq, daha yaxşı şərait yaratmaq üçün vasitədir”. Azərbaycanda yoxsulluğun azaldılmasına, regionların inkişafına dair dövlət proqramları qəbul olundu, böyük sosial-iqtisadi və mədəni-mənəvi irəliləyiş əldə edildi, iqtisadiyyatın hər bir sahəsində: neft-qaz hasilatında, neft-kimya sənayesində, kənd təsərrüfatında, turizmdə, enerji sektorunda, nəqliyyatda, mədən sənayesində, yüngül və qida sənayesində, qeyri-neft sektorunda və s. ciddi nailiyyətlər qazanıldı. İqtisadiyyata 250 milyard dollar investisiya qoyuldu, ölkənin iqtisadi potensialı bir neçə dəfə böyüdü, valyuta ehtiyatları 50 milyard dollara çatdırıldı, yoxsulluq və işsizlik minimum səviyyəyə endirildi, 2 milyona yaxın yeni iş yeri açıldı, əməkhaqqı və pensiyalar dəfələrlə artırıldı, biznes mühitinin yaxşılaşdırılması üçün ardıcıl tədbirlər həyata keçirildi, güzəştli şərtlərlə sahibkarlara verilən kreditlərin məbləği 2 milyard manatı ötdü.

Dövlətimizin başçısı ötən ilin əvvəlində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində bildirirdi: “Prezident kimi çalışmışam ki, xalqa ləyaqətlə xidmət edim. Bundan sonra da çalışacağam ki, Azərbaycanın inkişafı, Azərbaycanın gücləndirilməsi, xalqın rifahının artması üçün əlimdən gələni əsirgəməyim. Mənim bir amalım var: güclü Azərbaycan dövləti qurmaq və xalqa ləyaqətlə xidmət etmək”. İlham Əliyevin dövlətçilik fəlsəfəsinin qayəsini, siyasi fəaliyyətinin məhvərini məhz bu prinsip təşkil edir - xalqa ləyaqətlə xidmət etmək. Cənab Prezidentin leksikonunda tez-tez rastlaşdığımız “mən xalqın xidmətçisiyəm”, "hər bir məmur xalqının xidmətçisi olmalıdır” - fikirləri bu konseptual baxışın fəlsəfəsini dərk etmək üçün ən gözəl açar sözlərdir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda sadəcə zahiri modernləşmə, infrastruktur yenilənməsi baş verməyib, eyni zamanda, dövlət aparatının müasir standartlara uyğunlaşdırılması, optimallaşdırılması, sistem xarakterli fundamental islahatlar aparılması istiqamətində mühüm addımlar atılıb. “Şəffaflıq hər bir ölkənin gələcəyini müəyyən edən məsələdir”, - deyən dövlətimizin başçısının müvafiq sərəncamları ilə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Agentliyi təsis edilib, əhaliyə göstərilən xidmətlər vahid sistemdə birləşdirilərək “ASAN xidmət” mərkəzləri yaradılıb. Dövlətimizin başçısının əhalinin məşğulluğu, əmək və sosial müdafiəsi ilə bağlı çevik və innovativ xidmətlər göstərilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi”nin (DOST) yaradılması və digər qərarları xalqa xidmət siyasətinin davamıdır.

2003-cü ilin oktyabrından ötən müddət ərzində ölkədə 3000-dən çox məktəb, 650-dən çox tibb müəssisəsi, ali təhsil ocaqları, yüzlərlə tarixi bina, teatr, muzey, idman sarayı, sosial reabilitasiya mərkəzi, Olimpiya Kompleksi və s. obyektlər əsaslı təmir və ya inşa edilib, ən müasir avadanlıqlarla təchiz olunub.

Bütün bu addımlar, aparılan quruculuq işləri, islahatlar, əlbəttə ki, insan amilinə dayanır. Prezidentin bu illər ərzində gənclərlə və təhsillə bağlı siyasəti onun “qara qızılı insan kapitalına çevirmək” çağırışına necə əməl edilməsinin sübutudur. Bu sahələr üzrə çoxsaylı dövlət proqramları qəbul edilərək həyata keçirilmiş, yeni təhsil müəssisləri, müasir dövrün tələblərinə uyğun ixtisaslar açılmış, xaricdə təhsil proqramlarından minlərlə Azərbaycan gənci bəhrələnmişdir. Dövlətimizin başçısı demişdir: “Gənclər üçün əsas istiqamət, əlbəttə ki, təhsildir. Çünki bugünkü dünyada bilik, savad ön plandadır”.

Beynəlxalq aləmdə etibarlı tərəfdaş, regionda lider dövlət

Prezident İlham Əliyevin hakimiyyəti illərində ölkənin sosial-iqtisadi infrastrukturu bütövlükdə yenidən qurulmuş, 15 min kilometrdən çox yol çəkilmiş, 450 körpü inşa olunmuş, 4 yeni metro stansiyası açılmış, 7 hava limanı, Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı inşa edilmiş, Azərbaycan böyük enerji və nəqliyyat qovşağına çevrilmişdir. Beynəlxalq reytinqlərə əsasən, respublikamız avianəqliyyat, dəmir yolu sahələri üzrə dünyada 11-12-ci yerləri, yol infrastrukturunun keyfiyyətinə görə 27-ci yeri tutur. Azərbaycan artıq dünyanın kosmik dövlətlər klubuna qoşulmuşdur. Avropa və Asiyanı birləşdirən “Şərq-Qərb” və “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində böyük işlər görülmüşdür. Nəhəng transmilli energetika və nəqliyyat layihələri həyata keçirilmiş, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri istifadəyə verilmiş, “Yeni əsrin müqaviləsi” imzalanmış, Cənub Qaz Dəhlizi, onun tərkib hissəsi olan TANAP boru kəməri açılmışdır. Yaxın vaxtlarda TAP-ın açılacağı gözlənilir. Bu layihələr respublikamızın perspektiv inkişafına və iqtisadi maraqlarına xidmət etməklə yanaşı, yaxın tərəfdaşlarımız olan Türkiyənin, Gürcüstanın, İsrailin və Avropa dövlətlərinin enerji təhlükəsizliyini təmin edən yeganə alternativ mənbə və tranzit ölkə kimi Azərbaycanın geosiyasi dəyərini artırır.

Ulu Öndərin müəyyənləşdirdiyi balanslaşdırılmış çoxvektorlu xarici siyasət kursu uğurla davam etdirilmişdir. Dünyanın ən fərqli geosiyasi qütbləri ilə münasibətlər qorunmuş, beynəlxalq güc mərkəzlərindən gələn təzyiqlər nəinki uğurla neytrallaşdırılmış, həm də toqquşan maraqlar uzlaşdırılaraq Azərbaycan sabitliyin hökm sürdüyü əməkdaşlıq məkanına çevrilmişdir. Ermənistan istisna edilməklə Azərbaycanın heç bir region ölkəsi ilə problemləri yoxdur, bütün dövlətlərlə bərabərhüquqlu ikitərəfli, üçtərəfli formatlarda tərəfdaşlıq münasibətləri var. Bu gün regionla bağlı elə bir məsələ yoxdur ki, Azərbaycanın rəyi nəzərə alınmadan, iştirakı olmadan həll edilsin. Azərbaycan dünyada müsbət imicə malik olan etibarlı tərəfdaş kimi tanınır. Bunun ən bariz nümunəsi Azərbaycanın 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi idi. BMT, İslam Əməkdaşlıq Təşkilati, Avropa Şurası Parlament Assambleyası, Avropa İttifaqı, Avropa Parlamenti, Qoşulmama Hərəkatı, ISESCO, GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, NATO Parlament Assambleyası və digər beynəlxalq və regional təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən, Ermənistanın işğalçılıq siyasətini pisləyən çoxsaylı qərar və qətnamələr qəbul etmişlər. Azərbaycan bu gün iki nüfuzlu beynəlxalq təşkilata - Qoşulmama Hərəkatına və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrlik edir. Məhz beynəlxalq müstəvidə aparılan bu ölçüyəgəlməz fəaliyyətin nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü hərbi-siyasi yolla həll etmək üçün ciddi hüquqi baza yaratmışdır. Prezident işğaldan azad olunmuş Ağdama səfəri zamanı etdiyi çıxışda demişdir: “Bizim beynəlxalq nüfuzumuz kifayət qədər yüksəkdir və bu, münaqişənin həlli üçün xüsusi rol oynamışdır”.

Hər bir azərbaycanlının qürur mənbəyi

Ölkədə aparılan modernləşdirmə və quruculuq işlərində Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri, birinci xanım Mehriban Əliyevanın xüsusi rolu vardır. İlk dəfə XIX əsrdə meydana çıxan birinci xanım təsisatı, əsasən 1930-cu illərdə ABŞ-da Eleneora Ruzveltin aktiv ictimai fəaliyyəti ilə institusionallaşmış, sosial təşəbbüsləri, xalqla sıx təmasları, eləcə də hüquqların genişləndirilməsi, mədəni irsin qorunması kimi sahələrdə ardıcıl təşəbbüsləri ona xüsusi populyarlıq gətirmişdi. Beynəlxalq müstəvidə apardığı işi nəzərə alaraq E.Ruzvelti bəzən “dünyanın birinci xanımı” da adlandırırdılar.

Azərbaycanda birinci xanım təsisatı ilk dəfə Mehriban xanımın fəaliyyəti ilə gündəmə gəlmişdir. 2005-ci ildən parlamentin üzvü olan Mehriban xanım yalnız öz seçicilərinin deyil, bütün Azərbaycan vətəndaşlarının qayğı və problemlərinin həllinə yardım göstərir, qanunvericilik və amnistiya təşəbbüsləri ilə çıxış edirdi. Şəfqət, xeyirxahlıq, bağışlamaq bacarığı əsl dövlət xadimlərinə xas olan ali keyfiyyətlərdir. Mehriban xanımın 2004-cü ildən rəhbərlik etdiyi, Cənubi Qafqazın ən böyük qeyri-hökumət təşkilatı olan Heydər Əliyev Fondu milli-mənəvi dəyərlərin, multikulturalizm ənənələrimizin, mədəni irsimizin qorunmasında və dünyada təbliğində mühüm rol oynamış, elm, təhsil, mədəniyyət, səhiyyə və idmanın inkişafına töhfə verən bir sıra böyük layihələr həyata keçirmiş, ölkədə həm məscidlərin, həm də əsrlərlə xalqımızla dinc yanaşı yaşamış dini azlıq icmalarına məxsus məbədlərin bərpası və inşasında fəallıq nümayiş etdirmişdir.

Mehriban xanımın təşkilatçılığı ilə Bakıda Avroviziya Mahnı Müsabiqəsi, I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, Dünya gənclərinin IV məşğulluq sammiti (YES) və digər beynəlxalq tədbirlər yüksək səviyyədə keçirilmişdir.

Fondun dünyanın müxtəlif ölkələrində həyata keçirdiyi mədəni və sosial layihələr Azərbaycanın beynəlxalq nüfuzunun artırılmasına xüsusi töhfə verir. Fond Rumıniya, Pakistan, Rusiya və digər dövlətlərdə təbii fəlakətlərdən və ya xəstəliklərdən əziyyət çəkən insanlara yardımlar etmiş, Gürcüstan, Hollandiya, Misir, Rumıniya, ABŞ, Bosniya və Herseqovina, Pakistan və Rusiyada bir sıra məktəblərin yenidən qurulmasında və təmirində iştirak etmişdir. Tiflisdə Mirzə Şəfi Vazehin, Mirzə Fətəli Axundzadənin, Həsən bəy Ağayevin və Fətəli xan Xoyskinin qəbirüstü abidələri, Berlində Xocalı soyqırımı, Romada Nizami Gəncəvinin, Moskvada Mirzə Fətəli Axundzadənin, Vyanada Üzeyir Hacıbəylinin, İsgəndəriyyədə Nizami Gəncəvinin, Sankt-Peterburqda Hüseyn xan Naxçıvanskinin abidələri ucaldılmış, Parisdə Versal Sarayı parkındakı ümumbəşəri abidələr, Luvr Muzeyi, Berlin qəsri, Vatikanda Roma katakombaları, Romada Kapitolini Muzeyinin “Filosoflar zalı” təmir və ya bərpa edilmiş, Parisdə Azərbaycan Mədəniyyət Mərkəzi, Luvr Muzeyində İslam incəsənəti bölməsi yaradılmışdır.

Mehriban xanım UNESCO və ISESCO-nun xoşməramlı səfiri kimi hər iki təşkilatın Azərbaycanla əlaqələrinin genişlənməsində, ölkəmizin lehinə çoxsaylı qərarların qəbulunda bilavasitə iştirak etmişdir: Qobustan Dövlət Tarixi-Bədii Qoruğu, “İçərişəhər, Qız qalası və Şirvanşahlar Sarayı Kompleksi”, Şəki şəhərinin tarixi hissəsi və Şəki Xan Sarayı UNESCO-nun dünya mədəni irsi siyahısına; aşıq, xalçaçılıq, tar ifaçılığı və hazırlanması sənətləri, Novruz bayramı, dolma, lavaş və kəlağayı, Azərbaycan muğamı, Lahıc misgərlik sənəti, çövkən oyunu Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsi üzrə Reprezentativ Siyahısına daxil edilmişdir.

Fond tərəfindən “Diabetli uşaqlara ən yüksək qayğı”, “Talassemiyasız həyat naminə” layihələri icra edilir, 35 mindən çox insanın yerli klinikalarda müalicəsinə, 8 minə yaxın xəstənin respublikanın müxtəlif tibb müəssisələrində və ya xarici ölkələrdə cərrahi əməliyyat olunmasına kömək edilmişdir. Fondun dəstəyi ilə Bakıda, respublikamızın müxtəlif şəhər və qəsəbələrində yüzlərlə səhiyyə müəssisəsi, məktəb binası, uşaq bağçası, yeni mədəniyyət obyekti, muzey, musiqi məktəbi, kitabxana, Ağcabədidə Qarabağ və Bakıda Beynəlxalq Muğam mərkəzləri, Gəncədə Nizami Gəncəvi Muzeyi, Məhsəti Gəncəvi Mərkəzi, Bakıda Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi üçün binalar inşa və ya təmir edilmiş, Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi, Etno-Ekoloji Mərkəzi və Qala Əntiq Əşyalar Muzeyi, Bakı Müasir İncəsənət Muzeyi və s. yaradılmışdır.

Mehriban xanım bütün ictimai-siyasi fəaliyyəti ərzində Azərbaycanda bir çox ilklərə imza atmışdır. 2017-ci il fevralın 21-də Birinci vitse-prezident təyin edildikdən sonra Mehriban xanım Əliyeva bu ilki də Azərbaycanın siyasi reallığına çevirmiş, müxtəlif istiqamətlər üzrə dövlət siyasətinin daha müvəffəqiyyətlə həyata keçirilməsinə öz töhfələrini vermişdir. Dövlətimizin başçısı İlham Əliyev 2020-ci il oktyabrın 21-də Yaponiyanın “Nikkei” qəzetinə müsahibəsində Mehriban xanımın Birinci vitse-prezident kimi fəaliyyətini yüksək qiymətləndirərək demişdir: “Onun azərbaycanlılar arasında güclü dəstəyi var. Siz küçədə istənilən şəxsdən soruşa və vətəndaşların onu necə sevdiyini və dəstəklədiyini görə bilərsiniz...O, tamamilə sosial və humanitar məsələlərlə məşğuldur və on minlərlə insana yardım edir. Lakin o, bunu hər hansı bir piarsız, reklamsız və elansız edir. Beləliklə, o, xalqımızın qürur duyduğu bir şəxsdir”.

İslahatların yeni dalğası

Prezident İlham Əliyev 2018-ci il aprelin 18-də andiçmə mərasimində islahatların yeni dalğasını anons etmiş, ölkənin ictimai-siyasi-mədəni həyatının hər bir sahəsini əhatə edən çoxşaxəli islahatların yeni mərhələsi başlanmışdır. Dövlətimizin başçısı islahatlar modelini yığcam olaraq belə ifadə etmişdir: “Biz məqsədyönlü, düşünülmüş addımlar atırıq ki, ölkəmizin inkişafına yeni təkan verək, hələ də həll olunmamış problemləri həll edək, nöqsanları, xoşagəlməz halları, çatışmayan məqamları aradan götürək və bunu edirik”.

Bu gün hakimiyyətin bütün qollarında-qanunverici, icraedici və məhkəmə hakimiyyətlərində islahatlar gedir, prosesi asanlaşdırmaq məqsədilə yeni hüquqi aktlar qəbul edilir, heç bir dövlət orqanı yenilənmə, islahat kursundan kənarda qalmır. Ölkənin ictimai-siyasi həyatının mənzərəsini müsbət mənada dəyişdirən bu siyasi-hüquqi, institusional və kadr islahatları 2019-cu ilin son aylarından etibarən daha da intensivləşmişdir. Nazirlər Kabinetində, Milli Məclisin Aparatında, hüquq-mühafizə orqanlarında struktur və kadr dəyişiklikləri aparılmış, 2019-cu ilin noyabrında Prezident Administrasiyasının yeni strukturu təsdiqlənmiş, ilk dəfə olaraq Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi yaradılmışdır. Bu, ölkə rəhbərliyinin siyasi partiyalarla müntəzəm iş aparılması, sağlam əməkdaşlıq qurulması, habelə Milli Məclis ilə daha müntəzəm əlaqələrin təşkilinə verdiyi əhəmiyyətdən irəli gəlirdi.

Qanunverici hakimiyyətin islahatlar kursu ilə ayaqlaşması üçün hakim Yeni Azərbaycan Partiyası Mili Məclisin buraxılaraq seçkilərin vaxtının qabağa çəkilməsi təşəbbüsü ilə çıxış etmiş, islahatlara yeni sürət qazandırmışdır.

2020-ci il fevralın 9-da keçirilmiş parlament seçkilərində bütün siyasi qüvvələrin, siyasi partiyaların maneəsiz iştirakına şərait yaradılması sayəsində Milli Məclisin yeni tərkibdə, çoxpartiyalılığa əsaslanmaqla yenidən formalaşması islahatlara çox mühüm bir töhfədir. Həmin vaxt ölkədə rəsmən mövcud olan 55 siyasi partiyadan 20-si seçkilərdə iştirak etmişdir. Ümumilikdə, seçkilərə qatılmış 1314 namizəddən 305 nəfəri siyasi partiya üzvü olmuşdur. Həmin 305 şəxsdən 244-nün namizədliyi mənsub olduğu siyasi partiya tərəfindən, 61-nin namizədliyi isə özü tərəfindən irəli sürülmüşdür. Seçkilərin yekunu olaraq parlamentə seçilmiş 121 nəfərdən 70-i YAP, 10-u müxalif partiya nümayəndəsi, 41-i isə bitərəf olmuşdur.

Mütləq çoxluqda olan YAP üzvləri və bitərəflərlə yanaşı mandat qazanmış 8 müxalifət partiyasının üzvləri də müstəqil Azərbaycanın parlamentarizm tarixində ilk dəfə həm Milli Məclisin, həm də daimi komitələrin rəhbərliyində təmsil olunmuşlar. Milli Cəbhə Partiyasının və Respublikaçı Alternativ Partiyasının dövlət qeydiyyatına alınması ilə Milli Məclisdə təmsil olunan partiyaların sayı 11-ə çatmışdır ki, bunlardan 10-u müxalif mövqelidir.

Deputat seçilmiş şəxslərdən 44 nəfəri ilk dəfə parlamentari kimi fəaliyyətə başlamışdır. Onlardan 24 nəfəri hakim partiyanı, 18 nəfəri bitərəfləri, 2 nəfəri isə müxalif partiyaları təmsil edir. Beləliklə, deputat seçilmiş şəxslərin (121 nəfərin) ümumi tərkibinin təxminən 35,5 faizi yenilənmiş, cəmiyyətin daha geniş kəsimi parlament vasitəsilə dövlət idarəçiliyində təmsilçilik imkanı əldə etmişdir. Hakim siyasi partiya da “öz vitrininə” yeni simalar çıxarmaqla yenilənməyə başlamışdır. Müstəqil Azərbaycanın siyasi tarixində ilk dəfə olaraq Milli Məclisin sədri postuna qadın seçilmişdir. Yeni daimi komitələr yaradılmış, parlament aparatında struktur və kadr dəyişiklikləri aparılmışdır.

Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin yaradılmasından bir ilə yaxın zaman keçir və düşünürəm ki, ilkin yekunları qeyd etməyə artıq müəyyən əsaslar var. Şöbədə ölkənin siyasi həyatı üçün mühüm olan məsələlər, siyasi partiyaların fəaliyyəti, siyasi mühit, parlamentarizm ənənələri, qonşu ölkələrin Azərbaycanın daxili siyasətinə yönəlmiş addımları mütəmadi təhlil edilir, siyasi proseslər proqnozlaşdırılır, dövlətin görəcəyi adekvat tədbirlərlə bağlı təkliflər hazırlanır, qanunvericilik hakimiyyəti ilə icra hakimiyyəti arasında əlaqələrin və qanunvericilik prosesinin tənzimlənməsinə, eləcə də siyasi partiyalar haqqında qanunvericiliyin tələblərinə əməl olunmasına, siyasi işin daha təkmil qurulmasına, bu sahədə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının fəaliyyətinin əlaqələndirilməsinə nəzarət edilir.

Prezidentin daxili və xarici siyasətinin, apardığı Vətən müharibəsinin, eləcə də koronavirus pandemiyası ilə mübarizə sahəsində atılan məqsədyönlü addımların təbliği məqsədilə Milli Məclis, mərkəzi və yerli icra hakimiyyəti orqanları, siyasi partiyalar, ictimai-siyasi fəallar, müvafiq qeyri-hökumət təşkilatları, o cümlədən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Azərbaycan Ağsaqqallar Şurası və media ilə sıx əməkdaşlıq edilməkdədir.

Ölkədə yeni siyasi mədəniyyət yaranır

Şöbə üçün son bir ilin ən mühüm yekunu isə bundan ibarətdir ki, dövlətimizin başçısının qarşıya qoyduğu tapşırıqların icrası nəticəsində Azərbaycanın siyasi həyatı daha konstruktiv dinamikaya köklənmiş, yersiz qarşıdurma, siyasi ittiham, inciklik, süni hüquqi maneələrlə bu və ya digər siyasi xadimlərin və qüvvələrin marginallaşdırılması, partiyalar, siyasi qüvvələrarası ifrat qütbləşmə, bir-birini qəbul etməmək, ayrı-ayrı şəxslərə, bəzən şübhəli dairələrə xidmət etmək, sifariş əsasında hansısa qurumları hədəfə gətirmək kimi olduqca mənfi meyillər, demək olar ki, aradan qaldırılmışdır. Obrazlı desək, ölkədə gedən quruculuq işləri, islahat kursu, nəhayət ki, partiya təsərrüfatına da çatmışdır.

Bu ilin fevral ayında şöbə tərəfindən aparılmış ilk monitorinqin nəticəsində müəyyən edilmişdir ki, dövlət qeydiyyatında olan 55 siyasi partiyadan 8-nin sədri vəfat edib, 6-sının sədrinin səlahiyyət müddəti nizamnamə ilə tənzimlənməyib, mövcud siyasi partiyaların bir çoxunun uzun illərdir (bəzən 20 ilə qədər müddətdən söhbət gedir) ya sədri yoxdur, ya da sədr adına iddia edən şəxslər legitim deyillər. Nəinki sədrlər, uzun illər qurultayları keçirilmədiyindən 21 siyasi partiyanın heç bir ali orqanları seçkili və legitim sayılmırdı. 7 siyasi partiya isə qanunvericiliyin tələblərini nəzərə almadan maliyyə hesabatlarını Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim etməmişdir. Beləliklə, onlarla partiyanın legitimliyi şübhə altında idi. Yalnız 16 partiyanın qurultayı nizamnaməyə uyğun keçirilmiş və yeni sədrin seçilməsi ilə əlaqədar müvafiq sənədlər Ədliyyə Nazirliyinə təqdim edilmişdi.

Burada bir tərəfdən müvafiq orqanların səhlənkar münasibətinin rolu var idisə, digər tərəfdən fəaliyyətlərinə diqqət deyil, etinasızlıq, bəzən də dediyimiz kimi, süni maneələr hiss edən qüvvələr, faktiki olaraq, görüntü ilə, kağız üzərində işlə, yalnız seçki kampaniyaları zamanı bu və ya digər təmənna müqabilində özlərini yada salmaqla kifayətlənmişlər. Bəzən də qeydə alınmış partiyası olmaq, sözün müstəqim mənasında, sərmayə sayılmış, müəyyən cəlbedici təkliflərin qarşılığında partiyalar cari siyasi bloklara qoşulmuş, perspektivli və maddi imkanlı təsiri bağışlayan şəxslər ətrafında təmərküzləşmiş, yeni siyasi çətir qəbul etmişlər. Belə hüquqi nizamsızlıq, real partiyaların qeydiyyatı önündə süni əngəllər olduğu halda real fəaliyyəti olmayan partiyaların işinin hüquqi çərçivədə tənzimlənməməsi hər hansı fors-major hallar üçün də ciddi problemlər mənbəyidir.

Azərbaycan Prezidentinin tapşırığı ilə Şöbənin rəhbərliyi cari il fevralın 17-dən martın 12-dək 55 siyasi partiyanın fəaliyyətdə olan 43 sədrindən 38-i ilə, eləcə də bir çox tanınmış siyasi xadimlə görüşlər keçirmişdir. Sonralar da görüşlər davam etdirilmiş, artıq real fəaliyyətdə olan 52 partiyadan 51-nin rəhbəri ilə təkrar görüşlər keçirilmişdir. Görüşlərdə səsləndirilən fikir və təkliflər araşdırılaraq, müvafiq addımlar atılmışdır. Zaman məhdudiyyəti qoyulmayan görüşlərdə müstəqilliyin qorunması, milli həmrəylik, korrupsiyaya qarşı mübarizə, iqtidar-müxalifət dialoqunun inkişafı, yeni siyasi konfiqurasiyanın formalaşması, Prezidentin islahatlar kursu, çoxpartiyalı sistemin inkişaf perspektivləri, ölkənin tolerant və sülhpərvər imicinin qorunması, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüz siyasəti və digər aktual ictimai-siyasi mövzular müzakirə edilmişdir.

Ölkə ictimaiyyəti Prezident İlham Əliyevin milli və siyasi həmrəyliyə xidmət edən təşəbbüslərinin şahididir. Bu il martın 10-da Prezident İlham Əliyev altıncı çağırış Milli Məclisin ilk iclasındakı nitqində bu görüşlərin xarakteri, məqsədi və ilkin nəticələri haqqında məlumat vermiş, gələcəkdə çoxpartiyalı idarəçilik sisteminin oturuşması üçün iqtidar komandasının iradəsi olduğunu və parlamentin də bu istiqamətdə hüquqi baza yaratmalı olduğunu vurğulayaraq demişdir: “Prezident Administrasiyasının nümayəndələri son vaxtlar, demək olar ki, bütün siyasi qüvvələrin rəhbərləri ilə görüşlər keçirir. Mənə bu görüşlər haqqında müntəzəm olaraq məruzə edilir. İndiki genişmiqyaslı islahatlar dövründə siyasi islahatlar mütləq aparılmalıdır. Siyasi islahatlar partiyalararası geniş dialoq olmadan həyata keçirilə bilməz...Azərbaycanın yeni siyasi konfiqurasiyası formalaşır. Qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımlar atılacaq və Azərbaycanda çoxpartiyalı sistem daha da möhkəm əsaslar üzərində qurulacaq”.

Şöbə tərəfindən bu il martın 11-də Milli Məclis Sədrinin iştirakı ilə parlamentdə təmsil olunan siyasi partiyalarla parlamentdə, iyulun 7-də isə “Azərbaycanda yeni siyasi konfiqurasiya: Pandemiya dövrü və yeni çağırışlar” mövzusunda videokonfrans formatında görüşlər keçirilmişdir. İyul görüşünün sonunda müzakirə olunan istiqamətlər üzrə dövlətimizin başçısının siyasətini dəstəkləyən bəyanat qəbul olunmuşdur.

Aparılan siyasi dialoqun məntiqi nəticəsi kimi bu il iyulun 15-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində baş vermiş hərbi təxribatla əlaqədar müstəqillik tariximizdə ilk dəfə olaraq ölkədə fəaliyyət göstərən siyasi partiyaların 43-ü, sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı ilə əlaqədar 52 siyasi partiyadan 50-si, oktyabrın 10-da Fransanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tutduğu ədalətsiz mövqeyə dair 50 siyasi partiya, oktyabrın 12-də Ermənistanın yeni hərbi təcavüzü, dinc sakinləri, uşaqları, mülki obyektləri, beynəlxalq nəqliyyat-kommunikasiya və tranzit xətlərini hədəfə alması haqqında 50 siyasi partiya sədri daxil olmaqla 140 tanınmış ziyalı, ictimai-siyasi fəal, etnik azlıqların nümayəndələri, oktyabrın 17-də Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi mütəmadi olaraq raket atəşinə tutması, mülki əhaliyə qarşı müharibə cinayətləri törətməsi, Gəncəyə dəhşətli hücumu haqda 50 siyasi partiya, noyabrın 25-də Fransa Senatında Dağlıq Qarabağdakı qondarma qurumun tanınması məsələsinə baxılması ilə bağlı 49 siyasi partiya beynəlxalq və regional təşkilatlara birgə bəyanat və müraciətlər ünvanlamışlar. Bəyanat və müraciətlərdə siyasi partiyalar, vətəndaş cəmiyyəti institutları Müzəffər Ali Baş Komandanın Vətənimizin ərazi bütövlüyünün və vətəndaşların təhlükəsizliyinin qorunması, Ermənistanın ölkəmizə genişmiqyaslı terror təxribatlarının qarşısının alınması məqsədilə həyata keçirdiyi bütün siyasi-hərbi tədbirləri yekdilliklə dəstəklədiklərini və onun yanında olduqlarını bildirmiş, beynəlxalq təşkilatların, ATƏT-in Minsk qrupu həmsədrlərinin ikili standartlardan çıxış etməsi tənqid olunmuşdur.

Noyabrın 8-də Şuşanın işğaldan azad olunması münasibətilə 50 siyasi partiya Prezident, Müzəffər Ali Baş Komandanı təbrik edərək, bu qələbəni illərlə yürüdülmüş müdrik siyasətin, siyasi uzaqgörənliyin, iqtisadi islahatların, xalqın iqtidara göstərdiyi yüksək etimadın, xalq-dövlət vəhdətinin ən ali təcəssümü olduğunu bildirmişlər. Azərbaycanın yaxın siyasi tarixində ilk dəfə olaraq radikal müxalif qanadı təmsil edən AXCP və Müsavat rəhbərləri də qazanılmış qələbə münasibətilə Müzəffər Ali Baş Komandanımızı, milli Ordumuzu və Azərbaycan xalqını təbrik etmiş, onları qələbənin əsas müəllifləri adlandırmışlar.

Azərbaycanın müstəqillik tarixində fəaliyyətdə olan siyasi partiyaların əksəriyyətinin iştirakı ilə ilk dəfə keçirilən görüşlər, qəbul edilən birgə müraciət və bəyanatlar birmənalı olaraq siyasi sabitliyə, etibarlı münasibətlərə və davamlı inkişafa xidmət edir. Real praktikada bəzən eyni siyasi cinahda olan iki partiyanın öz aralarında dialoq qura bilmədiyini nəzərə alsaq, 52 real siyasi partiyadan 51-nin bir araya gəlməsi, ümummilli məsələləri müzakirə edərək vahid mövqe ortaya qoyması ciddi nəticədir. Bu, dövlətçilik uğrunda birləşməyin, milli vəhdətin bariz nümunəsi, həm də aparılmış ardıcıl, gərgin, məqsədyönlü fəaliyyətin nəticəsidir. 1990-cı illərdə Ermənistan-Azərbaycan münaqişəsinin daxili siyasi mübarizə alətinə çevrilməsinin bizi hansı fəlakətlərlə üz-üzə qoyduğunu unutmamalıyıq. Qazanılmış tarixi Qələbə münasibətilə xalqa müraciətində də Prezident İlham Əliyev bütün siyasi partiyaların vahid milli hədəf naminə birləşməsini xüsusi qeyd etmişdir: “Hətta fərqli siyasi baxışlara malik olan, bir çox hallarda əsassız tənqidlər ifadə edən insanlar bu dövrdə yüksək şüur nümunəsi göstərdilər. Dövlətə müxalifətdə olmaq olmaz, dövlətçiliyə müxalifətdə olmaq olmaz”.

Burada haşiyə çıxaraq yada salmaq istəyirəm ki, Prezident İlham Əliyev hələ 2000-ci illərin əvvəllərində AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri olanda ümummilli hədəflər naminə siyasi mənsubiyyətindən asılı olmayaraq hər bir kəslə sinerji ruhu ilə işləməyin, həmrəy olmanın nümunəsini təqdim etmişdi. Prezident seçildikdən sonra da dediyi “Mən bütün Azərbaycan xalqının, hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm” sözləri həm də keçmiş siyasi opponentlərinə verilmiş aydın və güclü bir mesaj idi. Çox təəssüf ki, Prezidentin mesajı o zaman narıncı qiyafəyə üstünlük verən kəsim tərəfindən lazımınca dəyərləndirilməmişdir.

Ölkədə aparılan iqtidar-müxalifət dialoquna töhfə vermək məqsədilə çoxlu sayda müxtəlif siyasi partiya fəallarının və tanınmış ictimaiyyət nümayəndələrinin özlərinin və ailə üzvlərinin tibbi və ya digər şəxsi problemlərinin həllinə kömək edilmişdir. Partiyaların ofislə təmin edilməsi üçün ilk dəfə olaraq addımlar atılmışdır. Sabit siyasi mühitin dəstəklənməsi və siyasi partiyaların bölgələrdə normal fəaliyyətinin təmin olunması üçün şöbə tərəfindən mütəmadi qaydada yerli icra orqanları ilə iş aparılır, bütün siyasi qüvvələr üçün bərabər şəraitin yaradılması məqsədilə siyasi partiyaların fəallığının təşviqi istiqamətində müvafiq tədbirlər görülür.

Siyasi partiyaları respublikanın ictimai-siyasi həyatında daha yaxından iştiraka cəlb etmək məqsədilə “Azərbaycan”, “Yeni Azərbaycan, “İki sahil”, “525-ci” və “Ədalət” qəzetlərində, İctimai Televiziya, “Xəzər”, “Space”, ARB və “REAL TV” televiziya kanallarında müvafiq mövzular üzrə çıxışları şöbə tərəfindən təmin edilir.

Novruz bayramı, 28 May - Respublika Günü, 18 oktyabr Müstəqillik Günü, 9 noyabr Bayraq Günü, Şuşanın azad olunması münasibətilə Prezidentlə 50 siyasi partiyanın rəhbərləri arasında qarşılıqlı bayramlaşma ölkədə yeni, mütərəqqi siyasi mədəniyyətin təşəkkülünü göstərir.

Prezident BMT Baş Assambleyasının 75-ci sessiyasının iclasında çıxış edərkən də ölkənin bütün siyasi qüvvələrinin dialoq təşəbbüslərini dəstəklədiyini bildirərək demişdir: “Uğurla başlayan bu siyasi dialoq bizim siyasi sistemimizi gücləndirəcək və Azərbaycanın dayanıqlı inkişafının təmin olunması işinə xidmət edəcəkdir”. Sitatdan da göründüyü kimi, hakimiyyət dialoqa sırf Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı ümummilli mövqe müəyyən etmək vasitəsi kimi yanaşmır, - hərçənd bu, özlüyündə mühüm məqsəddir, - həm də dövlətimizin gələcək inkişafı, siyasi sistemin gücləndirilməsi üçün dialoqun davam etdirilməsində maraqlıdır.

Yaradılmış süni əngəllərin aradan qaldırılması nəticəsində uzun illərdən sonra 6 yeni siyasi partiya qeydə alınmışdır. Uzun müddət obyektiv və subyektiv səbəblərdən qurultayları çağırılmayan 11 siyasi partiyanın videokonfrans formatında qurultayı keçirilmiş və nəticələri dövlət qeydiyyatına alınmaqla onların fəaliyyətində legitimlik təmin edilmişdir.

Atılan bütün addımlar ölkədə çoxpartiyalı sistemin inkişaf etdirilməsinə yönəlmişdir. Əlbəttə ki, dövlət partiyalara süni nəfəs verməklə siyasi palitranın rəngarəng görünməsinə nail olmaq niyyətindən uzaqdır. Azərbaycan hakimiyyəti vətəndaşların siyasi həyatda iştirakı, siyasi birliklərdə təmsil olunmağa təşviq edilməsi, seçki və partiya institutunun təkmilləşməsi üçün ortaya güclü iradə qoymuşdur. Siyasi partiyalarla qurulan konstruktiv əməkdaşlıq, iqtidar-müxalifət münasibətlərinin sağlam təməllər üzərində müzakirələr vasitəsilə inkişaf etdirilməsi daxili siyasi mühitdə yeni mərhələnin başlandığından xəbər verir.

Bu ilin fevralından etibarən başlamış danışıqlar və partiyalararası konstruktiv əməkdaşlığın qurulması prosesindən özünü kənara çəkən Azərbaycan Xalq Cəbhəsi Partiyası və özünü “Milli Şura” adlandıran qurum olmuşdur. Ölkənin siyasi rəhbərliyi tərəfindən yeni siyasi islahatlar kursu təqdim olunmasına, yeni konfiqurasiya elan edilməsinə, dialoq təklifləri səsləndirilməsinə, Prezident Administrasiyasının müvafiq strukturunun təşəbbüslərinə baxmayaraq, təəssüf ki, AXCP və onun yandaş qurumu olan “Milli Şura” inadla siyasi dialoqdan yayınmışdır. Bu, əslində, Azərbaycanda guya demokratiya sahəsindəki çatışmazlıqlar olmasını siyasi təzyiq məqsədilə istifadə etmək istəyən müəyyən xarici dairələrə bəhanələr yaratmağa xidmət edir.

Yaranmış yeni sağlam mühit təşəbbüskar gənclərin siyasi birliklərdə iştirakını artıracaq, eyni zamanda, sağlam rəqabət aparmağa qabil olmayan qüvvələr siyasi səhnəni gec-tez tərk edəcəklər. Prezident İlham Əliyev deyib: “Mən yeni siyasi islahatlar proqramını təqdim etmişəm, o, bütün siyasi partiyaların mütləq əksəriyyəti tərəfindən dəstəklənib... Biz siyasi dialoqun çox aktiv fazasındayıq”.

Koronavirus pandemiyasına qarşı mübarizədə Azərbaycan nümunəsi

Bu il bəşəriyyəti ciddi bir bəla - koronavirus pandemiyası təhdid etməkdədir. Bu ümumbəşəri bəla Azərbaycandan da yan ötmədi. Lakin işin düzgün təşkili, dövlətin dərhal müdaxiləsi sayəsində Azərbaycan qlobal bəladan mümkün qədər az itki ilə çıxmağa çalışır. Dövlətimizin başçısının göstərişi ilə koronavirusun yayılmasının qarşısını almaq məqsədilə çevik və vacib qabaqlayıcı tədbirlər görülmüş, Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılmış, vaxtında sosial təcrid tədbirləri, eləcə də xüsusi karantin rejimi tətbiq edilmiş, koronavirus xəstələrinin ödənişsiz müalicəsi üçün onlarla xəstəxana ayrılmış, müasir modul tipli 11 xəstəxana və 2 hospital, 2 tibbi maska fabriki istifadəyə verilmiş, ölkəyə virusun diaqnostikası və müalicəsi üçün zəruri olan laborator testlər, tibb avadanlığı və ləvazimatlar gətirilmişdir. Təsadüfi deyil ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu mübarizədə Azərbaycanı nümunəvi ölkə adlandırmışdır. Prezident çıxışlarında qeyd etmişdir ki, dövlət üçün prioritet məsələ insanların sağlamlığı, həyatı və sosial müdafiəsidir.

İqtisadi sabitliyin təmin edilməsi və məşğulluqla bağlı problemlərin həlli üçün 3,5 milyard manatdan artıq sosial-iqtisadi dəstək paketi qəbul olunmuşdur. Dövlətimizin başçısının təşəbbüsü ilə təsis edilmiş Koronavirusla Mübarizəyə Dəstək Fonduna Prezidentin ehtiyat fondundan 20 milyon manat ianə ayrılması, eləcə də Prezidentin və Birinci vitse-prezidentin özlərinin birillik əməkhaqqı məbləğlərini ianə etmələri xüsusi rəğbət doğurmuşdur. Pandemiyanın yaratdığı çətinlikləri aradan qaldırmaq məqsədilə dünyanın 150 ölkəsi kredit üçün müraciət etdiyi halda, Azərbaycanın iqtisadi potensialı bu bəlaya qarşı öz gücüylə mübarizə aparmağa imkan verir. Eyni zamanda, Azərbaycan ÜST-ə könüllü ianə ayırmış, 30-dan artıq dövlətə humanitar yardım göstərmişdir.

Azərbaycan Prezidenti koronavirusa qarşı beynəlxalq mübarizənin gücləndirilməsi məqsədilə çoxsaylı təşəbbüslər irəli sürmüş, dünya ölkələrini qlobal həmrəyliyə səsləmişdir. Prezidentin təşəbbüsü ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası dövlət və hökumət başçılarının, Qoşulmama Hərəkatının Təmas Qrupunun Zirvə görüşləri keçirilmişdir. Prezidentin qeyd olunan məqsədlə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təşəbbüsü də dəstəklənmişdir. Pandemiya şəraitinə baxmayaraq keçirilən çoxsaylı beynəlxalq tədbirlərin Azərbaycanın dünya miqyasında nüfuzunun artmasında xüsusi əhəmiyyəti vardır.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin Vətən müharibəsi modeli

Sentyabrın sonlarından Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu ədalətin bərpa olunması üçün müqəddəs tarixi savaşa başlamışdır. Danışıqları pozmaqla, Azərbaycana qarşı müxtəlif təxribatlar törətməklə Ermənistan özü bu tarixi müəyyənləşdirdi. İkinci Qarabağ müharibəsinin 44-cü günü, noyabrın 10-da Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri tərəfindən imzalanmış üçtərəfli Bəyanat münaqişənin həlli istiqamətində son nöqtə oldu. Prezident İlham Əliyev dəfələrlə bildirib ki, məqsəd qan tökmək və ərazi qəsb etmək deyil, düşməni ədalətli sülhə məcbur etməkdir. Adətən, uğurlu döyüşlər uğurlu diplomatik danışıqlarla yekunlaşır. Azərbaycan diplomatiyasının belə danışıqlar aparmağa qadir olduğunun noyabrın 10-da bir daha şahid olduq. Cəmiyyətimiz “Heç bir təhdid, heç bir hədə, heç bir təzyiq mənim iradəmə təsir edə bilməz. Bizim siyasətimizin mənbəyi Azərbaycan xalqıdır, onun iradəsidir və onun maraqlarıdır”, - deyən Müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşib, bu inam, bu həmrəylik də Qələbəmizin əsas rəhnidir.

Müzəffər Ali Baş Komandamızın rəhbərliyi ilə hər günü, hər saatı, hər anı qızıl hərflərlə yazılmış tarixə çevrilən 44 günlük Vətən müharibəsinin yekunlarını, Qələbəni şərtləndirən amilləri Prezidentimizin müxtəlif çıxışlarında səsləndirdiyi fikirlər əsasında belə ümumiləşdirə bilərik:

• Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri tərəfindən imzalanmış üçtərəfli bəyanat ölkəmizə maksimum sərf edən sənəddir. Noyabrın 10-da düşmən faktiki olaraq kapitulyasiya aktı imzaladı;

• Azərbaycan həm döyüş meydanında, həm danışıqlar masası arxasında istədiyinə nail oldu;

• Ermənistan əvvəlcə imtina etsə də, sonradan üçtərəfli bəyanatı imzalamaqla müstəqil siyasi iradəsinin olmadığını, forpost olduğunu bir daha təsdiqlədi;

• Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu, Azərbaycan bu il sentyabrın 27-də başlamış İkinci Qarabağ müharibəsini müvəffəqiyyətlə, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında böyük zəfərlə başa vurdu;

• Azərbaycan iqtisadi cəhətdən heç bir ölkədən, heç bir beynəlxalq maliyyə qurumundan asılı deyil. İqtisadi müstəqilik ordumuzu gücləndirmək üçün imkan yaratdı, Qələbə qazanmaq potensialımızı təmin etdi;

• Azərbaycanda bu və ya digər maraqları olan qüvvələr dövlətimizin, Ordumuzun gücünü, iradəsini gördü, “hər kəs bizim dəmir yumruğumuz nədir, anladı”;

• Bəyanatda Dağlıq Qarabağın statusu haqqında bir kəlmə də yoxdur. Qarabağa heç bir status, inzibati muxtariyyət verilmədi;

• Hakimiyyətdə olduğumuz illər ərzində beynəlxalq vəziyyət düzgün təhlil edilərək ölkənin güclənməsi yolunda ardıcıl addımlar atıldı, lazım olan anda düşməni məğlub etmək üçün zərbə endirildi;

• Azərbaycan müharibənin əvvəlcədən sülhə məcburetmə əməliyyatı olduğunu, qantökmə və torpaq qəsb etmək məqsədi güdmədiyini deyirdi və bəyanatın Ermənistan tərəfindən imzalanması sülhə məcburetmə əməliyyatının uğurla bitməsini təsdiqlədi;

• İşğal edilmiş ərazilərimizdə etnik təmizləməyə məruz qalmış azərbaycanlılar o torpaqlara qayıdacaq, Şuşada və işğaldan azad edilmiş digər bütün torpaqlarda həyat qaynayacaq. İnsanlarımızın 30 illik həsrətinə son qoyuldu;

• Bəyanata uyğun olaraq Ermənistan qoşunlarının Ağdam, Kəlbəcər və Laçın bölgələrindəki işğalçı qoşunlarını dağlıq və keçilməsi çətin olan, istehkam-sığınacaq sahələri yaradılmış ərazilərdən təxliyə edilməsi ilə Azərbaycan böyük insani-humanitar itkilərin qarşısını alaraq, bu bölgələri əlavə qan tökmədən, diplomatik qələbə hesabına geri qaytardı;

• Naxçıvanın 30 illik blokadası bitir, eyni zamanda, türk dünyasının yerüstü tranzit–rabitə əlaqələri bərpa olunur. Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşdirmə istiqamətində tarixi addım atıldı;

• Dağlıq Qarabağ və işğal edilmiş ətraf ərazilərin erməniləşdirilməsi üçün aparılmış bütün təbliğati işlər, köçürmə siyasəti puça çıxarıldı;

• Ermənistan bu 30 ilə yaxın müddətdə müstəqil ölkə ola bilməyib, bu gün də müstəqil deyil. İşğalçılıq siyasəti Ermənistanı uçuruma apardı;

• Ermənilərin yaratdıqları mif dağıldı, onların “yenilməz” ordusu məhv oldu, fərarilik başladı. İkinci Qarabağ müharibəsi iki ordunun, iki cəmiyyətin nə qədər fərqli dəyərlərin daşıyıcıları olduğunu da nümayiş etdirdi;

• Azərbaycan Ermənistan istisna edilməklə bütün qonşuları ilə normal münasibətlərə malikdir. Türkiyə bütün müharibənin gedişində birmənalı olaraq Azərbaycanı dəstəklədi, Gürcüstan və İran isə hava məkanlarını Ermənistanın üzünə bağladı;

• Müharibə göstərdi ki, Azərbaycan xalqı böyük, vətənpərvər və dəmir iradəyə malik xalqdır. 30 ilin əziyyəti, 30 ilin ümidsizliyi, 30 ilin əzabları xalqımızı sındırmadı, iradəmizə heç bir mənfi təsir göstərmədi. Xocalı qurbanlarının, şəhidlərimizin də qisası alındı;

• Daxildəki həmrəylik, milli birlik, vahid amal uğrunda birləşməyimiz bəzi mənfur xarici dairələrin öz çirkin planlarını həyata keçirmələrinə imkan vermədi. Azərbaycanın gücü milli birlikdədir, dini, etnik, regional, siyasi və sosial mənsubiyyətindən asılı olmayaq bütün Azərbaycan xalqı birlik, həmrəylik göstərib Vətən naminə, Qələbə naminə Müzəffər Ali Baş Komandanın ətrafında yumruq kimi birləşdi.

Hələ 2016-cı il Aprel döyüşlərindən sonra Azərbaycan Prezidenti Dağlıq Qarabağ məsələsində qəti və dönməz mövqeyini ifadə edərək düşmənə ciddi xəbərdarlıq edirdi: “Hərbi güc də, iqtisadi potensial da, siyasi nüfuz da bizdədir... Biz məsələni istədiyimiz kimi həll edəcəyik”.

Hər bir Azərbaycan vətəndaşına sevinc bəxş edən hərbi nailiyyətlər ona görə əldə edilir ki, istər daxili opponentlərin, istərsə də müəyyən beynəlxalq qurumların tənqidlərinə baxmayaraq, uzun illər ərzində Ermənistan kimi təcavüzkarın mövcudluğu nəzərə alınaraq müdafiə xərcləri yüksək səviyyədə saxlanmış, ordu ən müasir silah-sursat və hərbi texnika ilə təchiz edilmiş, silahlı qüvvələrin kadr hazırlığına xüsusi diqqət yetirilmiş, gənc zabit və əsgərlərimiz müxtəlif beynəlxalq missiyaların tərkibində bilik və bacarıqlarını təkmilləşdirmişlər. 2003-cü ildə Azərbaycanın hərbi xərcləri 135 milyon ABŞ dolları idisə, 2020-ci ilin dövlət büdcəsi xərclərinin 3 milyard 853,6 milyon manatı müdafiə və milli təhlükəsizliyin maliyyələşdirilməsinə yönəldilmişdir. Builki müdafiə xərclərimiz Ermənistanın analoji xərclərindən 3 dəfədən çoxdur. Geniş çeşiddə yerli hərbi məhsulların istehsalında qazanılan nailiyyətlər də Ermənistan üzərində hərbi üstünlüyümüzün artmasına birbaşa təsir etmişdir.

Beləliklə, İkinci Qarabağ müharibəsinə daxil olarkən Azərbaycanın yüksək təchizatlı ordusu, hərb elmini yaxşı mənimsəmiş, hətta ona yeniliklər gətirə bilən ali zabit korpusu, ən əsası, bu ordu ilə qələbə qazanmağı, Dağlıq Qarabağ problemini hərbi-siyasi yolla, milli maraqlarımız çərçivəsində həll etməyi qarşısına məqsəd qoymuş Ali Siyasi İradə var idi. Ordumuzun şanlı zəfərlərində Prezident İlham Əliyevin Ali Baş Komandan qətiyyəti ilə bərabər, əsl böyük dövlət xadiminə, strateji təfəkkürlü siyasətçiyə xas müdrik qərarları da mühüm rol oynadı: “İndi Ermənistan dalan ölkəyə çevrilib. Biz gizlətmirik ki, səylərimiz nəticəsində Ermənistanı bütün regional layihələrdən təcrid etmişik və bu siyasət öz nəticələrini verməkdədir”.

İki əsrə yaxındır ki, Azərbaycan tarixi torpaqlarını itirə-itirə gəlib. 2020-ci ilin 27 sentyabrından isə tam fərqli bir Azərbaycanın doğuluşu yaşanır. Oktyabrın 4-də Cəbrayıl, 17-də Füzuli, 20-də Zəngilan, 25-də Qubadlı, noyabrın 8-də Şuşa təxminən üç onillikdən sonra düşmən əsarətindən qurtuldu, noyabrın 10-da Ermənistan kapitulyasiya sənədini imzalamağa məcbur oldu, noyabrın 20-si Ağdam, noyabrın 25-i Kəlbəcər, dekabrın 1-i Laçın rayonları Azərbaycanın yuridiksiyasına qaytarıldı. Hər il rayonlarımızın işğal günlərini qeyd edirdiksə, bundan sonra azad olunma və Vətən müharibəsində Qələbə günümüzü qeyd edəcəyik. Bu tarixi Qələbə İlham Əliyevi, sözün həqiqi mənasında, Milli Liderə çevirib. O, xalqın ən ümdə gözləntilərini doğruldan praqmatik siyasi xadim, qətiyyətli Ali Baş Komandan, mahir diplomatdır. Vaxtilə Xalq Cümhuriyyətinin elan olunması, Bakının xilas edilməsi ilə tarix səhnəsinə yeni bir siyasi etnos kimi daxil olmuşduqsa, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığımız qələbələr Ümummilli Liderin dediyi “Gün gələcək, Azərbaycan dünyaya günəş kimi doğacaq” sözlərini gerçəkləşdirdi. Azərbaycan qalib, məğrur bir gənc etnos, möhtəşəm dövlət kimi yenidən dünyaya gəlir.

Prezidentin yazının əvvəlində xatırlatdığımız “Mən hər bir azərbaycanlının prezidentiyəm” fikri indi ümumxalq sevgisinin ifadəsinə çevrilib. Bu, Müzəffər Ali Baş Komandana, xalqı rifahlı gələcəyə aparan Milli Liderə olan sevgidir. Hələ AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri olanda gərgin fəaliyyəti sayəsində ölkəmizin ərazi bütövlüyünü dəstəkləyən, Ermənistanın işğalçılıq siyasətini qınayan hüquqi aktların qəbuluna nail olan, sonradan bu fəaliyyəti daha mühüm beynəlxalq kürsülərdə davam etdirən, müxtəlif nüfuzlu beynəlxalq və regional təşkilatlarda Azərbaycanın haqq işini müdafiə edən qərar və qətnamələrin qəbuluna nail olan müdrik diplomata, Münhen Təhlükəsizlik Konfransında, Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunda, Aşqabadda, Vyanada Ermənistan baş naziri Nikol Paşinyanı öz çıxışları ilə susduran milli təəssübkeş dövlət xadiminə, Vətən müharibəsini həm döyüş meydanında, həm də diplomatik danışıqlarda qalibiyyətlə başa çatdıraraq düşməni diz çökməyə məcbur edən Qarabağ Xilaskarına bəslənən sevgidir.

Ermənistan rəhbərliyi “Dağlıq Qarabağın müstəqilliyinin tanıdılması üçün” müraciət etdiyi heç bir dövlət və beynəlxalq qurumdan cavab ala bilmədi, çünki o qurumlar dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü tanıyan, Ermənistanın işğalçılıq faktını təsdiqləyən hüquqi aktlar qəbul etmişlər. Bu gün biz Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, Türkiyənin digər dövlət və hökumət rəsmilərinin, tanınmış siyasətçilərinin - bütövlükdə türk cəmiyyətinin Azərbaycanı birmənalı olaraq dəstəklədiyinə görə sonsuzadək minnətdarıq. Azərbaycanın mübarizəsində daim xalqımızın yanında yer alan Türkiyə ilə bağlı məsələlərdə də biz Prezidentin qətiyyətli mövqeyinin, Türkiyə nümayəndələrinin olmadığı diplomatik masalarda “mən buradayam” deyərək qardaş ölkəni sonadək müdafiə etməsinin dəfələrlə şahidi olmuşuq. Bu, bir tərəfdən dövlət rəhbərinin Ümummilli Liderin irəli sürdüyü “Bir millət, iki dövlət” konsepsiyasına, digər tərəfdən Azərbaycanı bölgədə sabitləşdirici, əsas söz sahibi olan ölkəyə çevirmək kursuna sadiqliyinin sübutudur.

Paralel olaraq ölkədə sosial gərginlik ocaqları aradan qaldırıldı, dialoq, siyasi əməkdaşlıq mühiti yarandı, iqtisadiyyat dəfələrlə böyüdüldü, regionlar, qeyri-neft sektoru inkişaf yoluna qədəm qoydu, yeni iş yerləri yaradıldı, ərzaq asılılığına son qoyuldu, ölkənin geosiyasi çəkisi artırıldı, Ermənistanın siyasi, iqtisadi, hərbi təcridi gücləndirildi, regionun və dünyanın enerji təhlükəsizliyinə töhfə verən layihələr reallaşdı, nəhayət, düşməni sülhə məcbur etmək üçün hərbi-siyasi yola üz tutuldu. Vətən müharibəsi modelini tətbiq etmək üçün necə bir gərgin və uzun məsafə qət edildiyi bu günlər daha aydın görünür. Prezident qeyd edir: “Mən bu 17 il ərzində daim deyirdim ki, biz iqtisadi sahəyə güclü təkan verməliyik, iqtisadi müstəqilliyimizi təmin etməliyik və təmin etdik. Bu gün biz iqtisadi cəhətdən heç kimdən asılı deyilik. Asılı olsaydıq, bizə təzyiqlər edilə bilərdi. Onsuz da edilmişdi, ancaq onların heç bir səmərəsi olmadı”.

Ulu Öndər 2003-cü il oktyabrın 1-də prezident seçkilərində xalqa müraciətində demişdir: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin dövlətçilik irsini inkişaf etdirərək yeni, modern Azərbaycan dövləti qurmuşdur. Ümummilli Lider Azərbaycanı parçalanmaq, dağılmaq, siyasi xəritədən silinmək təhlükəsindən xilas edib davamlı inkişaf yoluna çıxarmışdısa, İlham Əliyev Azərbaycanı qüdrətli bir dövlətə çevirməyi, dövlətin bütün resurslarını ərazi bütövlüyümüzün bərpası üçün səfərbər edib böyük uğurlar əldə etməyi bacardı. Prezidentin noyabrın 8-də Şəhidlər xiyabanında etdiyi çıxışda dediyi kimi, bu vəsiyyət yerinə yetirildi, Şuşa azad olundu, noyabrın 10-da isə Vətən müharibəsi Qələbə ilə başa çatdı. Müzəffər Ali Baş Komandanın vurğuladığı kimi, Ordumuzun parlaq Qələbəsi təkcə Azərbaycanın ərazi bütövlüyünün bərpası deyil. Bu, şərlə xeyir qüvvələrinin mübarizəsində xeyirin, dağıdıcılıq stixiyası üzərində qurucu ruhun qazandığı qələbədir. Azərbaycan işğalçı vandalların dağıtdığı bütün infrastrukturu yenidən bərpa edəcək, Qarabağın dağıdılmış bütün dini –tarixi-mədəni abidələri dövlətin himayəsi altında olacaq, Qarabağ yenidən Vətənimizin gur inkişaf edən dilbər guşəsinə çevriləcək. Azərbaycan xalqı döyüş meydanlarında olduğu kimi, quruculuq sahəsində də bir daha öz böyüklüyünü göstərəcək.

Yazını Azərbaycan Prezidentinin Respublika Günü münasibətilə çıxışında səsləndirdiyi, bu gün hər bir azərbaycanlının altına imza atmağa hazır olduğu fikirləri ilə bitirirəm: “Azərbaycan heç vaxt indiki qədər güclü olmayıb. Biz öz taleyimizin sahibiyik, biz müstəqil ölkəyik, biz azad xalqıq, biz dünya miqyasında öz layiqli yerimizi tutmuşuq və bundan sonra da müstəqillik, inkişaf yolu ilə gedəcəyik”. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bu yolda hər birimizə yeni uğurlar arzulayıram.

Ədalət Vəliyev,

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər