30 Noyabr 2020 20:45
1 246
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabr ayının 10-da imzalanan üçtərəfli bəyanatda əksini tapan 9 maddənin tələbləri ardıcıl olaraq yerinə yetirilir. Bu, Azərbaycanın tam qələbəsini təmin edən sənəd olmaqla bərabər üç rayonumuzun da döyüşsüz olaraq qaytarılması deməkdir. Hazırda anlaşma əsasında nəzərdə tutulmuş Ağdam və Kəlbəcər rayonlarımız müzəffər ordumuzun tam nəzarəti altındadır və yaxın bir neçə saatda da Laçın rayonumuz işğaldan azad ediləcək. Bu böyük qələbələr xalqımızın və bütövlükdə regionumuzun tarixində yeni sülh və əməkdaşlıq mərhələsinə yol açır.

Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.

O qeyd edib ki, hazırda prosesin tərkib hissəsi olaraq rus sülhməramlılarının regiona gəlməsi davam etdirilir:

“Sonuncu belə sövqetmə Azərbaycanın Rusiya Federasiyası ilə həmsərhəd bölgəsi olan şimal rayonlarımızdan daxil olmaqla Bərdəyə istiqamətləndirildi və sülhməramlılar və humanitar yüklər tam təhlükəsiz şəraitdə təyinat məntəqəsinə çatdırıldı. Bu fakt Rusiya ilə Azərbaycan arasında qarşılıqlı etimada söykənən münasibətlərin daha bir göstəricisi olmaqla bərabər həm də Azərbaycanın üzərinə götürdüyü hər hansı anlaşma şərtlərini məsuliyyətli dövlət kimi yerinə gətirməsi hadisəsidir. Bu vaxta qədər Rusiyadan gətirilən yüklər və sülhməramlı kontingent hava nəqliyyatı vasitəsilə Ermənistan üzərindən baş tuturdu ki, bu da əlavə xərclər və vaxt itkisi hesabına başa gəlirdi. Azərbaycan üzərindən keçən yol nəqliyyat kommunikasiyası isə həm əlavə xərclərin, həm də vaxt itkisinin qarşısını alır”.

Hikmət Babaoğlunun sözlərinə görə, dekabr ayının 1-dən sonra biz de-fakto post-müharibə mərhələsinə qədəm qoyacağıq ki, bu da özlüyündə üçtərəfli bəyanatda əksini tapan kommunikasiyaların açılmasının başlanacağı mərhələsi hesab olunacaq:

“Kommunikasiyaların açılması isə yeni qarşılıqlı inteqrasiya və əməkdaşlıq üçün lazımı şərtləri formalaşdıracaq. Hesab etmək olar ki, yüklərin Azərbaycandan daşınması artıq bu yeni mərhələnin başlanmasının işarəsidir və onun hər hansı insidentsiz baş tutması özlüyündə növbəti əməkdaşlıq münasibətləri üçün də çoxtərəfli etimad mühitinin yaranmasına xidmət edir. Nəticə etibarilə hamımız bilirik ki, regionumuzda sülhün və əməkdaşlığın bərqərar olunması və xüsusilə bunun Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunmasından sonra baş verməsi hamıdan çox elə Azərbaycanın istəyi idi və biz bu məqsədimizə çatmışıq”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər