1 Dekabr 2020 09:50
1 077
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin dəfələrlə çıxışlarında bəyan edib ki, Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisidir. Sülhməramlı qüvvələrin yüklərinin Azərbaycan və Rusiya arasında imzalanmış protokola uyğun Azərbaycan ərazisi ilə daşınması ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə hörmətin nümunəsi və nümayişidir. Eyni zamanda, Rusiyanın Qarabağı ölkəmizin tərkibində görməsidir. Ermənilərin separatçı rejiminin isə otuz il heç bir ölkə və təşkilat tərəfindən tanınmamasıdır. Bu, həm də Rusiyanın beynəlxalq hüquqa, Azərbaycanla strateji tərəfdaşlıq münasibətlərinə sadiqliyinin əyani göstəricisidir. Rusiyanın məsələ ilə bağlı nümayiş etdirdiyi bu mövqe Qarabağa humanitar yardım göstərmək istəyən beynəlxalq təşkilatlar üçün örnəkdir.

Bu fikirləri ehtiyatda olan polkovnik Şair Ramaldanov Teleqraf.com-a müsahibəsində deyib.

Hərbi ekspert bildirib ki, Rusiyanın sülhməramlı qüvvələri Azərbaycan ərazisinə beş il müddətinə dəvət olunub və ərazidə fəaliyyət göstərəcəklər. Rusiyanın sülhməramlı qüvvələrinin əsas məqsədi azərbaycanlılarla və Azərbaycanda yaşamaq istəyən ermənilərin təhlükəsizliyini təmin etməkdir. Həm də ermənilərlə azərbaycanlılar arasında ola biləcək xoşagəlməz halların qarşısının alınmasıdır. Vətən müharibəsi yeni başa çatıb. Müəyyən təhlükəsizlik tədbirləri görmək üçün Rusiyanın sülhməramlı qüvvələri Qarabağda yerləşdirilib və onların fəaliyyəti ərazidə sülhü qorumaqdır.

Ş.Ramaldanov qeyd edib ki, Azərbaycanın Qarabağ bölgəsində yerləşdirilmiş Rusiyanın sülhməramlı kontingentinin təminatı və humanitar yüklərin ölkəmiz vasitəsilə daşınması barədə Müdafiə Nazirliyimiz məlumat yayıb. Bu kontingentin təminatı ilə bağlı Azərbaycan və Rusiya arasında imzalanmış protokola əsasən müvafiq fəaliyyətlər həyata keçirilir. Razılaşdırılmış hüquqi çərçivəyə uyğun Rusiya bölgəyə çatdırılacaq yüklərin məhz Azərbaycan vasitəsilə daşınmasını qərara alıb. Sülhməramlıların yerləşmə yerləri, onların yüklərinin marşrutu Azərbaycan tərəfi ilə razılaşdırılıb və yollar müəyyənləşdirilib. Bu yüklər beynəlxalq hüquq normaları və Azərbaycanın qanunları çərçivəsində respublikamıza daxil olur. Bütün fəaliyətlər müvafiq qurumların nəzarəti altında reallaşdırılır.

Polkovnik xatırladıb ki, Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin noyabrın 10-da imzaladıqları birgə bəyanatın müddəalarına əsasən, Rusiya tərəfi müəyyən edilmiş kvotaya uyğun sülhməramlılarının Qarabağda yerləşdirilməsi ilə bağlı müvafiq tədbirlər görüb. Gələn sülhməranlı heyət və yük üçtərəfli bəyanatda qeyd olunan Rusiyanın 1960 sayda hərbi qulluqçusu, müvafiq sayda hərbi texnika, avtomobil və xüsusi texnikadan ibarət kontingentin bir hissəsidir. Bu kontingent Ermənistandan gəlməklə Laçın dəhlizi vasitəsilə Qarabağa daxil olub. Bəyanatın müddəalarının hamısı Azərbaycan tərəfi ilə razılaşdırılıb. Ölkəmizin mövqeyi və maraqları həmin sənəddə əksini tapıb. Rusiyanın sülhməramlı qüvvələrinin funksiyalarının icrası üçün logistika və təminat məsələri həll olunmalıdır. Azərbaycanın müasir nəqliyyat-logistika infrastrukturu belə əməliyyatların həyata keçirilməsi üçün əlverişlidir.

Hərbi ekspert məlumat verib ki, yüklərin digər hissəsi isə Rusiyadan Azərbaycanın şimal sərhəd məntəqələrindən keçməklə gətirilir. Ermənistanın silahlı birləşmələri isə Azərbaycanın işğal altındakı digər əraziləri tərk edir. Rusiyanın sülhməramlılarının fəaliyyəti üçün müəyyən infrastruktur bərpa olunmalı, avadanlıqlar gətirilməlidir. Rusiya Ermənistanla həmsərhəd deyil. Yüklərin təyyarələrlə daşınması, sonra isə buraxılış imkanları məhdud Laçın dəhlizi ilə Qarabağa çatdırılması vaxt itkisinə və böyük məsrəfə səbəb olur. Müəyyənləşdirilmiş razılıq əsasında ərazidəki Rusiya sülhməramlılarının təminatı üçün orada tibbi məntəqələr olacaq. Qarabağ Ermənistan sərhədindən təxminən otuz-qırx kilometr aralıda olmaqla Azərbaycanın tərkibindədir. Ermənistan yalnız Laçın dəhlizindən istifadə edəcək. Bu baxımdan düşünürəm ki, Prezidentin atdığı addımlar Azərbaycanın maraqlarına tam uyğundur və ərazi bütövlüyümüzün bərpasının təminatına yönəlib.

"Zəmanət kimi, Türkiyə hərbçilərinin Qarabağda atəşkəsə nəzarət üzrə monitorinq mərkəzində yer alması və sülhməramlı vəzifəsini icra etmək üçün Azərbaycanda yerləşdirilməyə hazırlığı qardaş ölkənin bizə növbəti dəstəyinin göstəricisidir. Bütün bu proseslər istədiyimiz hədəflərə çatmaq üçün bizə şərait yaradır. Əsas vacib məqam odur ki, Türkiyə kimi dünyada nüfuzu olan dövlət bu məsələdə bizimlə həmrəydir", - deyə Ş.Ramaldanov əlavə edib.

Qeyd edək ki, noyabrın 28-də Rusiyadan ölkəmizə dəmir yolu ilə daxil olan sülhməramlı hərbi qulluqçular, avtomobil və xüsusi texnika, digər maddi-texniki təminat vasitələri sərhəd və gömrük nəzarətindən keçib. Sülhməramlıların yükü noyabrın 29-da Yalama-Bakı-Yevlax-Bərdə dəmiryolu ilə Bərdəyə aparılıb. Bu yüklər Azərbaycan Müdafiə Nazirliyi Hərbi Polisinin müşayiəti ilə Bərdə-Ağdam-Xankəndi marşrutu üzrə avtomobil nəqliyyatı ilə təyinat məntəqəsinə çatdırılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər