Perunun nüfuzlu “Diario UNO” qəzetində Ermənistanın Azərbaycana qarşı təcavüzünün tarixi və atəşkəs bəyanatı haqda bu ölkədəki səfirimiz Məmməd Talıbovun “Azərbaycan hər zaman sülh tərəfdarı olub” başlıqlı müsahibəsi dərc olunub.
Bu barədə Teleqraf.com-a Azərbaycan Respublikasının Meksikadakı Səfirliyindən məlumat verilib.
Müsahibədə səfir Ermənistanın 1991-94-cü illər ərzində Azərbaycanın beynəlxalq qaydada tanınmış Dağlıq Qarabağ və 7 ətraf rayonunu işğal etdiyini, bu ərazilərdə etnik təmizləmə apararaq 1 milyon azərbaycanlını oradan qovduğunu, BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş və Ermənistandan işğal etdiyi əraziləri azad etməsini tələb edən qətnamələrə məhəl qoymadığını, əvəzində işğalın nəticələrini gücləndirmək siyasəti apardığını və bu səbəbdən 28 il ərzində Minsk qrupu çərçivəsində aparılan danışıqlarda da heç bir nəticə əldə olunmadığını bildirib.
Qeyd edib ki, Azərbaycanın daim münaqişənin danışıqlar yolu ilə həllinə tərəfdar olsa da, Ermənistanda 2018-ci ildə milliyətçi qüvvələrin hakimiyyətə gəlməsindən sonra bu ölkənin Azərbaycana qarşı təxribat əməlləri artmış, 27 sentyabr tarixindən etibarənsə Ermənistan silahlı qüvvələri dinc yaşayış məntəqələrini bombalamağa başlamış, nəticədə Azərbaycan ordusu özünümüdafiə hüququ çərçivəsində mülkü əhalinin təhlükəsizliyini təmin etmək, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasına nail olmaq və ərazi bütövlüyümüzü bərpa etmək üçün əks-hücum əməliyyatları aparmağa başlamışdır. Ermənistanın 44 günlük müharibə ərzində üç dəfə əldə olunmuş humanitar atəşkəsi pozduğunu deyən səfir, bu zaman Azərbaycanın münaqişə zonasından kənarda yerləşən iri şəhərlərinə raket zərbələri endirdiyini, mülki əhali arasında qorxu yaymaq məqsədi daşıyan bu hücumların qadınlar və uşaqlar da daxil olmaqla çoxsaylı itkilərə səbəb olduğunu və bu kimi müharibə cinayətlərinin Ermənistanın dövlət səviyyəsində terror həyata keçirdiyinin sübutu olduğunu məlumat verib.
Rusiyanın vasitəçiliyi və Türkiyənin yaxından iştirakı ilə əldə olunan atəşkəs razılaşması barədə danışan səfir, Azərbaycan və Rusiya Prezidentləri və Ermənistanın Baş naziri tərəfindən imzalanan bu sənədin tələblərinə əsasən, Ermənistan ordusunun Azərbaycanın işğal altında qalan ərazilərindən çıxarılmaqda olduğunu, bölgədə 5 il müddətinə Rusiya sülhməramlı qüvvələrinin yerləşdirildiyini və razılaşmanın müddəalarının icrasına nəzarət məqsədilə Rusiya və Türkiyənin daxil olduğu birgə monitorinq mərkəzinin yaradılacağını söyləyib.
İşğaldan azad edilmiş Azərbaycan şəhərlərinin 30 il ərzində Ermənistan tərəfindən tamamilə darmadağın edildiyini, razılaşmanın tələblərinə əsasən ermənilərin tərk etdiyi Azərbaycan şəhər və qəsəbələrində də infrastruktura və tarixi-mədəni irsə qarşı kütləvi talan hallarının müşahidə edildiyini və işğalçı ölkənin törətdiyi bu talanlarla bağlı Azərbaycanın beynəlxalq məhkəmə instansiyalarına müraciət edəcəyini bildirən səfir, bu ərazilərdə Azərbaycan tərəfindən yenidənqurma işlərinin başa çatmasından sonra məcburi köçkünlərimizin öz yurdlarına qayıdacağını qeyd edib.
Azərbaycan çoxmədəniyyətli ölkə olduğunu, 40-a yaxın müxtəlif etnik mənsubiyyətdən olan insanlara, o cümlədən on minlərlə erməni ailəsinə ev sahibliyi etdiyini, bu baxımdan Dağlıq Qarabağ ərazisində məskunlaşmış ermənilərlə də heç bir problemimiz olmadığını deyən səfir, ermənilərin Xocalı soyqırımı kimi insanlıq əleyhinə cinayətlər törətmiş olmasına və bu səbəbdən barışığın çətin olmasına rəğmən, azərbaycanlı məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmasından sonra iki xalqın birlikdə barışıq içində yaşaması gərəkdiyini, Ermənistanın da qisasçı və təcazükar xislətini kənara qoymalı və öz xalqını davamlı sülhə hazırlamalı olduğunu qeyd edib.