3 Dekabr 2020 18:30
2 025
12 Punto 14 Punto 16 Punto 18 Punto

2021-ci ildən etibarən Rusiya Federasiyası Silahlı Qüvvələrinin bütün hərbi dairələrində (hazırda onların sayı 4-dür, gələn ildən Şimal donanması da hərbi dairə statusu alacaq) sülhməramlı birləşmə mövcud olacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə “İzvestiya”ya Rusiya Müdafiə Nazirliyindəki mənbə bildirib.

Məlumata görə, cari ilin sonunadək yeni təşkilati-ştat strukturu və onun say tərkibi təsdiqlənəcək. Artıq ümumi parametrlər müəyyənləşdirilib, hazırda texniki detallar üzərində iş gedir.

Hərbi dairələrin hər birində bir motoatıcı tabora, aviasiya eskadrilyasına, mühəndis-istehkam bölüyünə və tibbi dəstəyə sülhməramlı fəaliyyətlərinin öyrədilməsinə başlanacaq.

Həmçinin, Qərb, Cənub və Şərq hərbi dairələrinin hər birində bir dəniz piyadaları taboru, Şimal donanmasında isə hava-desant taboru sülhməramlı fəaliyyəti yerinə yetirəcək.

Hazırda bu tapşırıqların yerinə yetirilməsi sahəsi üzrə Rusiya Quru Qoşunlarının tamamilə müqavilə əsasında xidmət edən 15-ci xüsusi motoatıcı briqadası (sülhməramlı) və Hava-Desant Qüvvələrinin 31-ci xüsusi hava-desant briqadası, Cənub Hərbi Dairəsinin iki hərbi polis taboru və Burdenko xüsusi təyinatlı hospitalının tibb dəstəsi ixtisaslaşıb. “İzvestiya”nın mənbəsi qeyd edib ki, bunlar bir neçə gün ərzində istənilən yerə köçürülə bilən daim döyüş hazırlıqlı hərbi hissələrdir.

Hərbçilər ingilis dili, beynəlxalq humanitar hüquq, münaqişəli vəziyyətlərin həlli, mülki insanlarla qarşılıqlı əlaqə, nəzarət məntəqələri qurmaq və nəqliyyat vasitələrini yoxlamaq kimi sahələrdə təhsil alırlar.

“Ekspertlər qeyd edirlər ki, onların münaqişə zonalarına yerləşdirilməsi daha tez ola bilər, nəinki BMT-nin kontingentini. Bu amil özünü Dağlıq Qarabağda nümayiş etdirdi”, – deyə “İzvestiya” yazır.

Qeyd edək ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə də Rusiya Quru Qoşunlarının 15-ci xüsusi motoatıcı briqadası (sülhməramlı) yerləşdirilib.


Müəllif: Səxavət

Oxşar xəbərlər