4 Dekabr 2020 17:33
427
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov Venesuela Bolivar Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Kristofer Alberto Martinez Berroteran ilə görüşüb.

Qonağı salamlayan Anar Kərimov iki ölkə arasında müxtəlif istiqamətlərdə münasibətlərin inkişaf etdiyini bildirib, mədəni əməkdaşlığın genişləndirilməsi üçün müvafiq tədbirlərin həyata keçirilməsinin vacibliyini diqqətə çatdırıb.

Teleqraf.com-un məlumatına görə, Anar Kərimov xalqımızın Vətən müharibəsindəki zəfəri barədə söhbət açıb, 30 ilə yaxın Ermənistanın işğalı altında qalan torpaqlarımızın talan olunduğunu, o cümlədən mədəniyyət müəssisələrinin, tarixi abidələrin məhv edildiyini diqqətə çatdırıb. Azad edilmiş rayonlarda geniş quruculuq işlərinin başlanacağını, həmin ərazilərdə mədəniyyət infrastrukturunun yaradılması, tarixi-mədəni abidələrin bərpası ilə bağlı böyük işlərin görüləcəyini qeyd edib.

Qəbula görə minnətdarlığını bildirən səfir ölkələrimiz arasındakı münasibətlərinin mədəniyyət sahəsində ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığa zəmin yaratdığını bildirib. Venesuelada hər il mədəniyyət sahəsində keçirilən beynəlxalq tədbirlərdən bəhs edən səfir bu sırada dünyanın 40-dan çox ölkəsinin qatıldığı beynəlxalq kitab sərgisini vurğulayıb və Azərbaycan tərəfini növbəti sərgidə iştirak üçün dəvət edib. Mövcud pandemiya şəraitinin 2021-ci ildə sabitləşəcəyinə ümidvar olduğunu deyən səfir gələn il Azərbaycanda bir sıra mədəniyyət tədbirlərinin, o cümlədən Venesuela filmləri festivalı, Venesuela rəssamlarının sərgisi, yazıçılar və şairlər arasında mübadilə, mədəni irsin qorunması və bərpası barədə müzakirələr keçirməyi planlaşdırdıqlarını deyib.

“Azərbaycan-Venesuela mədəni əlaqələrinin inkişafı ilə bağlı təklif və təşəbbüslərə də dəstək göstərməyə hazır olduğunu bildirən Anar Kərimov keçiriləcək tədbirlərin Venesuela mədəniyyəti haqqında Azərbaycan xalqına və Azərbaycanın mədəni irsi haqqında Venesuela xalqına geniş məlumat verəcəyinə inamını ifadə edib.

Görüş qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirəsi ilə davam edib.


Müəllif: Teleqraf.com