5 Dekabr 2020 20:38
1 205
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dekabrın 4-də şəhidlərin Anım gününün Azərbaycan xalqı və dövləti tərəfindən qeyd olunması tarixi əhəmiyyətli hadisədir. Azərbaycanın dövlət siyasəti və ictimai mənafelər səviyyəsində tarixi hadisələrə və ərazi bütövlüyümüzün bərpa olunmasına nə qədər müqəddəs və əziz yanaşdığının bir daha nümayiş olunmasıdır. Ölkə ictimaiyyətinə və dünyaya maraqlı mesajların verilməsidir.

Bunu Teleqraf.com-a açıqlamasında “Bakı-Xəbər” qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev bildirib.

Onun sözlərinə görə, bu, Azərbaycanın həm dostlarına, həm də düşmən qüvvələrə bir daha xatırladıcı mesajlardır ki, Azərbaycan dövlətinin və xalqının özünün ərazi bütövlüyünə nə qədər önəm verdiyi sözdə deyilən deklarativ bəyanatlar deyil:

“Bunlar Azərbaycan xalqının özünün tarixi miraslarına, milli-mənəvi dəyərlərinə, mədəni sərvətlərinə, abidələrinə və ata-babalarından miras aldığı torpaqlara nə qədər müqəddəs və əvəzolunmaz bir dəyər kimi baxdığının nümunəsidir.

Anım günündə Azərbaycanın çoxmillətli və çoxkonfessiyalı ölkə olmasına baxmayaraq monolit bir qüvvə kimi çıxış etməsi çox vacib bir təzahür idi. Diqqəti çəkən amillərdən biri də məhz bundan ibarət oldu. Sanki bu ölkədə çoxlu sayda xalqlar və müxtəlif xalqların nümayəndələri yaşamır. Sanki hər kəs bir vətəndaş olaraq Azərbaycanın bu böyük qələbəsinin və bu qələbə naminə həyatlarını qurban vermiş şəhidlərin ruhu qarşısında bir qüvvə kimi özünü nümayiş etdirdi.

Bir daha göstərdik ki, Azərbaycan həqiqətən də multikultural bir dövlətdir. Burada milli, etnik və dini fərqlərin heç bir təsiri və ayırıcı rolu yoxdur. Əksinə, hər xalqdan, hər dindən olan insanlar bir Azərbaycan vətəndaşı olaraq bizim bu əziz qələbəmizin və bu yolda qurban gedən şəhidlərin xatirələri qarşısında nə qədər bölünməz və yenilməz qüvvəyə çevrilib”.

Aydın Quliyev bildirib ki, bir sözlə, anım tədbirləri ölkədə prezidentin xalqla, xalqın prezidentlə olduğunu, ölkənin həqiqətən moniolit bir cəmiyyət və dövlət ətrafında sıx birləşmiş ictimia-siyasi qüvvə halına gəldiyini bütün dünyaya nümayiş etdirdi:

“Bu, həm də elə bir vaxtda edilir ki, əldə etdiyimiz qələbənin və şəhidlərin xatirəsinə lazımi ehtiramı göstərməyən beynəlxalq qüvvələr, bu qələbənin əhəmiyyətini azaltmaq istəyən dairələr var. Belə olan şəraitdə bu qələbə üçün bütün Azərbaycan xalqının prezidentin ətrafında yenilməz qüvvə kimi özünü göstərməsi dünyaya təsirli bir mesajdır ki, bir daha kənardan hər hansı qüvvə ölkəmizin ərazi bütövlüyünün pozulmasına cəsarət etməsin.

Əgər cəsarət ediləcəksə, o zaman bizim şəhidlərimiz də olacaq, qələbə də bizimlə olacaq və şəhidlərimizin ruhuna indiki kimi hörmət və xalq arasında birlik olacaq”.


Müəllif: Səxavət Həmid