Azərbaycanın Müstəqillik Günü münasibətilə ABŞ-ın Kaliforniya ştatının San-Xose şəhərinin meriyası qarşısında dövlət himnimizin sədaları altında təntənəli surətdə Azərbaycanın dövlət bayrağı qaldırılıb.
Bu barədə Teleqraf.com-a Azərbaycanın Los-Ancelesdəki baş konsulluğundan məlumat verilib. Dövlət bayrağının qaldırlması San-Xose şəhərində fəaliyyət göstərən Azərbaycan İcma Mərkəzinin sədri Mehriban Məmmədovanın səyləri və Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun dəstəyi ilə gerçəkləşdirilib. Mərasimdə Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev, San-Xose şəhərinin meri Çak Rid, vitse-meri Mədison Nquyen, şəhər şurasının üzvü Conni Xamis, eləcə də yerli Azərbaycan icmasının üzvləri və digər şəxslər iştirak edib.
Çıxış edən baş konsul N.Ağayev Azərbaycanın müstəqilliyinin bərpa olunmasına gedən yoldan, bu yolda Azərbaycan xalqının verdiyi qurbanlardan, müstəqil dövlət kimi ölkənin əldə etdiyi uğurlardan və qısa müddətdə bölgənin ən güclü dövlətinə çevrilməsindən söhbət açıb.
San-Xose şəhərinin meri Çak Rid isə çıxışında Azərbaycan bayrağının San-Xose meriyası qarşısında ilk dəfə qaldırılmasının əlamətdar hadisə olduğunu, Azərbaycanla ABŞ arasında münasibətlərin iki xalqın mənafelərinə uyğun olaraq daha da inkişaf etdirilməsinin vacib olduğunu diqqətə çatdırıb.
Azərbaycan İcma Mərkəzinin sədri Mehriban Məmmədova San-Xose şəhərində Azərbaycan bayrağının qaldırılması işinə verilən dəstəyə görə təşəkkürünü bildirib, bundan sonra bir ənənə olaraq hər il Müstəqillik Günü münasibətilə meriya qarşısında bayrağımızın qaldırılmasından məmnun olacaqlarını söyləyib.
Tədbirdə San-Xose vitse-meri M.Nquyen və şəhər şurasının üzvü C.Xamis də çıxış edərək, Müstəqillik Günü ilə bağlı təbriklərini çatdırıb, Azərbaycana bundan sonra da böyük uğurlar arzulayıblar.
Qeyd edək ki, San-Xose şəhəri dünyanın informasiya texnologiyaları mərkəzi olan “Silikon Vadisi”nin paytaxtıdır, ABŞ-ın 10-cu, Kaliforniyanın isə 3-cü ən böyük şəhəridir.
Səxavət