7 Dekabr 2020 14:14
597
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncədə erməni terroru nəticəsində böyük dağıntıların yarandığı əraziyə və Ermənistanın işğalından azad olunmuş Ağdam şəhərinə səfər edən İtaliya parlamentinin nümayəndə heyətinin üzvləri öz təəssüratlarını sosial şəbəkələrdəki hesablarında paylaşıblar.

Teleqraf.com xəbər verir ki, nümayəndə heyətinin rəhbəri, Deputatlar Palatasının sədr müavini Ettore Rosato Azərbaycanın ikinci böyük şəhəri Gəncədə mülki əhalinin bombalanmasının dəhşətli nəticələri ilə tanış olduqlarını və bu dramatik mənzərəni heç zaman unutmayacağını yazıb. Qarabağda şəhər və kəndlərin talan olunduğunu və tamamilə yerlə-yeksan edildiyini bildirən E.Rosato Ağdam məscidinin minarəsindən videogörüntülər də paylaşıb. Qarabağa səfər edən ilk Avropa parlament nümayəndə heyətinin rəhbəri videoda Ağdam şəhərindəki dağıntıları nümayiş etdirib və tezliklə burada həyatın bərpa olunacağına ümid ifadə edib.

İtaliya Senatının Xarici əlaqələr daimi komissiyasının üzvü, hakim “5 Ulduz Hərəkatı” partiyasından olan senator Canluka Ferrara “Qafqazın Xirosiması” adlanan Ağdama gedən yolun minalanmış ərazilərdən keçdiyini yazıb. 1993-cü ildə erməni qoşunları tərəfindən işğal edilən və dağıdılaraq “ruhlar şəhərinə“ çevrilən Ağdamda yeganə salamat binanın şəhər məscidi olduğunu qeyd edən C.Ferrara işğal illərində bu dini məbədin donuz tövləsi kimi istifadə edildiyini diqqətə çatdırıb. Bu dəhşəti, misli görünməmiş vəhşiliyi yaxından görə bilən ilk beynəlxalq missiyanın üzvü kimi o, səhraya dönmüş bu ərazilərə insanların tezliklə geri qayıdacaqlarına inam ifadə edib.

İtaliya parlamentində “İtaliya qardaşları” partiyasından olan senator, Senatın xarici əlaqələr daimi komissiyasının üzvü Adolfo Urso öz qeydlərində Gəncədə onlarla qadın, uşaq və qocanın ölümünə səbəb olan raket hücumundan bəhs edib. O, məhv olan ailələr, qətlə yetirilmiş uşaqların oyuncaqları, evlərin dağıdılmış divarlarını sağalması çətin olan yaranın təzahürləri kimi təqdim edib. Həmin dramatik hadisələrin bir daha təkrarlanmaması üçün bu yaraların və acıların sağaldılmalı olduğu qeyd edilib.

A.Urso Ağdamda məscidin donuz tövləsi kimi istifadəsini isə təhqir nümunəsi kimi dəyərləndirib və bu gördüklərinin təəssüf ki, ağrılı həqiqət olduğunu yazıb.

İtalyan parlamentari Alessandro Alfieri Gəncə və Ağdamda gördüyü vəziyyəti ətraflı təsvir edib. Bir zamanlar Azərbaycanın çiçəklənən şəhərlərindən biri olan Ağdama gedən yolda bütün üzüm bağlarının məhv edildiyi, əkin sahələrinin səhraya çevrildiyi, ətraf ərazilərin minalandığı və yalnız xüsusi hərbi hissələrin həmin ərazidə təmizləmə işləri apardığı bildirilir. Qeyd edilir ki, müharibə başa çatsa da, mülki əhali bu ərazilərə geri dönə bilmək üçün səbir etməlidir. O, yaxın günlərdə qohumlarının məzarlarını ziyarət etmək istəyərkən minaya düşən bir ailənin faciəsini də diqqətə çatdırır.

Parlamentari Ağdam haqqında təəssüratlarını müsbət notlarla bitirir. O qeyd edir ki, dəfələrlə Azərbaycan çempionu olmuş və Çempionlar Liqasında mübarizə aparmış Ağdamın “Qarabağ” futbol klubu bir neçə gün öncə öz ev stadionuna baş çəkdi və həmin mənzərə insanlarda təsirli hisslər doğurdu. Bu, bir daha göstərdi ki, dağıdılmış şəhər yenidən həyata geri dönə bilər.

Parlamentarilərin “Facebook“, “Twitter“ və “Instagram“ sosial şəbəkələrində birbaşa hadisə yerlərindən paylaşdıqları foto və videolar Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün ağır nəticələri barədə dolğun təsəvvürlər yaradıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər