“İcra hakimiyyəti institutu ləğv edilməli, öz səlahiyyətlərinin əsas hissəsini seçkili əsaslarla formalaşan yerli özünü idarəetmə orqanlarına ötürməlidir. Bakı şəhəri daxil olmaqla respublika tabeli böyük şəhərlərdə meriya institutu yaradılmalıdır. Həmçinin ölkə ərazisini əhatə edən 10 iqtisadi rayonda Prezidentin səlahiyyətli nümayəndəsi olaraq qubernatorlar təyin edilməlidir”.
Teleqraf.com xəbər verir ki, bu təkliflə iqtisadçı-ekspert Rəşad Həsənov Hüquq-mühafizə orqanlarının Cəlilabad Rayon İcra Hakimiyyətinin (RİH) inzibati binasında əməliyyat keçirməsinə münasibət bildirərkən çıxış edib.
O bildirib ki, qeyri-rəsmi məlumatlara görə, Cəlilabad rayon icra başçısı rüşvət alarkən tutulub:”Rayon icra başçılarının rüşvət alarkən tutulması faktı ilk deyil. Altı və ya yeddi bənzər fakt var. Ancaq yenə də icra başçılarına dərs olmur”.
İqtisadçı deyir ki, təklif etdiyi iki institutun effektiv işləməsi üçün seçki şəffaflığı təmin edilməlidir: “Bu yolla məsuliyyətin əhəmiyyətli hissəsi icmaların üzərinə ötürülə bilər. Yəni, "Sizlər seçmisiniz, daha yaxşısını seçərdiniz". Bu prinsip isə sonda icmaları yerli idarəetmədə iştirakçılığa təşviq etməklə daha düzgün qərarlar verilməsinə, seçilmişlərin isə daha məsuliyyətli davranmasına səbəb olacaq.
Elə icra başçıları var ki, müavinləri, köməkçiləri özündə cəsarət tapıb ona zəng edə bilmirlər. Yəni qurumdaxili "dedovşina" prinsipləri tətbiq edilir”.