8 Dekabr 2020 13:08
792
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan və İtaliya möhkəm təməllər üzərində qurulan əməkdaşlığı daim dəstəkləyib. Hər iki ölkə yüksək səviyyədə qurulmuş əlaqələrin genişləndirilməsində maraqlı olub.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

O qeyd edib ki, ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafı yolunda növbəti addım atılıb.

Deputat İtaliya parlamentinin Deputatlar Palatasının və Senatın nümayəndə heyətinin bu günlərdə Azərbaycana səfərinin yüksək marağa səbəb olduğunu söyləyib: “İtalyalı deputatlar Ağdamda, Gəncədə ermənilərin raket hücumlarının səbəb olduğu cinayət izləri ilə tanış olub. Nümayəndə heyəti Şəhidlər Xiyabanını ziyarət edib. Parlamentarilər faşist ideologiyalı Ermənistanın işğalçılıq siyasətinin nəticələrini, hərbi cinayətlərini öz gözləri ilə görüb, erməni vandalizmini müşahidə ediblər”.

Millət vəkili vurğulayıb ki, Prezident İlham Əliyevin İtaliya Deputatlar Palatasının sədr müavini Ettore Rosatonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən, onların Gəncəyə, Ağdama səfərlərinə xüsusi diqqət yetirdiyini söyləyib: “Cənab Prezident görüşdə italiyalı parlamenitarilərin Azərbaycana səfərini yüksək dəyərləndirib. Onların müharibədən sonra Azərbaycana səfər edən ilk Avropa nümayəndə heyəti olduqlarını qeyd edib. Bu da təsadüfi deyil. Hər iki ölkənin tarixində silinməz izlər qoyan qarşılıqlı səfərlər olub. 1997-ci ilin sentyabrında ulu öndər Heydər Əliyevin, 2005-ci ilin fevralında, 2008-ci ilin noyabrında və bu ilin fevralında Prezident İlham Əliyevin İtaliyaya rəsmi səfərləri əlaqələrimizin inkişafında xüsusi əhəmiyyət kəsb edib”.

Naqif Həmzəyevin fikrincə, İtaliya ilə Azərbaycan arasındakı əlaqələr çox sürətlə inkişaf edir: “Ötən il ölkələrarası ticarət dövriyyəsi 6 milyard dollara çatıb. Bunun böyük hissəsi enerji resurslarına aiddir. Gələcək illərdə qeyri-neft sektoru da əlaqələrin inkişafında xüsusi yer tutacaq. Energetika sektorunda TAP layihəsi istismara veriləcək. Bu da İtaliya-Azərbaycan əlaqələrini daha da möhkəmləndirəcək”.

Deputat söyləyib ki, İtaliya Azərbaycanın Avropa İttifaqı və ATƏT çərçivəsində sıx əməkdaşlıq etdiyi ölkədir: “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan müzakirələrdə həmişə Azərbaycanın haqlı mövqeyini dəstəkləyib. Ölkəmizin səmimi, qətiyyətli və sadiq tərəfdaşı olduğunu təsdiq edib. Azərbaycanın 44 günlük haqlı savaşından sonra Azərbaycana səfər edən elə ilk Avropa nümayəndə heyətinin məhz italiyalı parlamenitarilər olub”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər