Orta əsrlərdə möhtəşəm dövlətlərimiz olduğu dövrdə qələbə paradı praktikası olmayıb. XIX əsrin əvvəllərində müəyyən, bir çoxu isə bizdən asılı olmayan səbəblərdən müstəqilliyimizi itirdik. 1991-ci ildə yenidən müstəqilliyimizi bərpa etdik. Çox təəssüf ki, müasir dövlətçiliyimiz Ermənistan tərəfindən torpaqlarımızın bir hissəsinin işğalı ilə başladı.
Bunu Teleqraf.com-a Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi üzvü Aydın Mirzəzadə deyib.
Onun fikrincə, buna baxmayaraq Azərbaycan xalqı heç vaxt işğalla razılaşmadı:
"Hər zaman ərazi bütövlüyü, milli qürurumuzun yüksək tutulması üçün mübarizə aparmışıq. I Qarabağ müharibəsində də Azərbaycan əsgəri qəhərmanlıqla vuruşub. Hər qarış torpaq, hər bir kəndin müdafiəsi uğrunda mübarizə gedib. I Qarabağ müharibəsində mənim qardaşım da ən qaynar nöqtələrdə vətənimizin müdafiəsində iştirak edib”.
Millət vəkili bildirib ki, işğaldan 30 ilə yaxın müddət keçməsinə baxmayaraq Azərbaycan öz torpaqlarını azad etdi:
”Azərbaycan xalqı özünün torpaqlara sahibliyini bir daha nümayiş etdirdi”.
Aydın Mirzəzadənin sözlərinə görə, 10 dekabr Qələbə paradının özü bir tarixdir:
“Bu, Azərbaycan tarixində çox şərəfli bir gündür. Eyni zamanda bu əzəmətli bir bayramdır. Hər birimiz sonradan xırda detalına qədər xatırlayacağımız tarixi gün yaşayırıq. Bizə bu Qələbə paradı sevincini yaşadan liderimiz, Ali Baş Komandanımıza öz dərin təşəkkürümüzü bildiririk. Cənab Prezident İlham Əliyev Azərbaycan tarixini bu şərəfli səhifələrlə zənginləşdirdi. Bu günlər qəhrəman əsgərlərimizə öz təşəkkürümüzü bildiririk. Onlar həyatları hesabına tarixi torpaqlarımızı işğaldan azad etdilər. Azərbaycanın tarixi yerlərində Qələbə bayrağımız sancıldı”.
Komitə üzvü bildirib ki, bu gün dünyanın diqqəti Bakıdadır:
“Bütün dünya Azərbaycanın öz halal Qələbəsini qeyd etdiyinin fərqindədir. 10 dekabr Qələbə paradı bir daha göstərdi ki, Azərbaycan xalqının müstəqil dövlət kimi yaşamağa haqqı çatır. Onun öz ərazisinin bir santımetrini belə heç kəsə güzəştə getməyəcək qətiyyəti var. Xalqımızın cənab Ali Baş Komandan İlham Əliyev kimi tarix yazan, millətinin hüququnu qoruyan bir lideri var. 10 dekabr Qələbə paradı tariximizn çox şərəfli səhiflərindən biri olacaq”.