Parlamentin bu gün baş tutan plenar iclasında “Əmanətlərin tam sığortalanması haqqında” qanuna dəyişiklik layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.
Teleqraf.com bildirir ki, təklif edilən dəyişikliklərə görə, qanunun qüvvədə olma müddətinin 5 aprel 2021-ci il tarixinə qədər artırılması nəzərdə tutulub.
Qeyd edək ki, “Əmanətlərin tam sığortalanması haqqında” qanun 4 mart 2016-cı ildə, 3 il müddətinə qəbul edilib. Məqsəd manatın 2015-ci ildəki iki dəfə devalvasiyasından sonra, banklardan əmanətlərin geri götürülməsinin qarşısını almaq olub. Ötən il martın 4-də Milli Məclis qanunun qüvvədə olma müddətini 1 il, bu il martın 13-də isə daha 9 ay uzadıb.
Deputat Əli Məsimli qanun layihəsinin vacib olduğunu bildirib. Qeyd edib ki, bu addımlar ölkədə iqtisadi fəallığın qorunmasına xidmət edir. O, deputatları layihəni dəstəkləməyə dəvət edib. Layihə I oxunuşda qəbul edilib.