Dekabrın 11-də Yeni Azərbaycan Partiyasının nümayəndələri müasir müstəqil dövlətimizin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatının 17-ci ildönümü ilə əlaqədar Fəxri xiyabana gələrək Ulu Öndərin məzarını ziyarət ediblər. Partiyanın nümayəndələri dahi şəxsiyyətin əziz xatirəsini böyük ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.
Tarixin yetirdiyi nadir şəxsiyyətlərdən olan Ümummilli Lider Heydər Əliyevin parlaq siyasi zəkası sayəsində iki əsrin qovuşuğunda Azərbaycan öz milli mənəvi dəyərlərini qoruyaraq üçüncü minilliyə inamla qədəm qoyub.
Dahi şəxsiyyət, görkəmli dövlət xadimi Heydər Əliyev olduqca mürəkkəb bir dövrdə xalqın xidmətində dayandığını nümayiş etdirməklə yanaşı, həm də Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericiliyi çərçivəsində, özünün Nizamnaməsi və Proqramı əsasında fəaliyyət göstərən, öz sıralarında ölkəmizdə hüquqi dövlət, sabit və sosialyönümlü iqtisadiyyat, vətəndaş cəmiyyəti qurmaq ideyalarını qəbul edən vətəndaşları birləşdirən sağ mərkəzyönümlü siyasi partiya olan Yeni Azərbaycan Partiyasının yaradıcısıdır.
Əbədiyaşar liderimizin yaratdığı Yeni Azərbaycan Partiyası bu gün sıralarında 760 mindən çox üzvü birləşdirərək respublikamızın aparıcı siyasi qüvvəsi kimi ölkəmizdə YAP-ın Sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən nəhəng quruculuq proseslərinin önündə gedir.