12 Dekabr 2020 10:40
575
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan xalqı Ümummilli lider Heydər Əliyevi hər zaman böyük ehtiramla yad edir. Onun əziz xatirəsini daim uca tutur. 17 ildir ki, cismən aramızda olmasa da, ulu öndərimizin müəyyənləşdirdiyi siyasət daim ölkəmizə və xalqımıza işıqlı yol göstərib. Müstəqil Azərbaycanın qurucusu olan Heydər Əliyev dövlətimizin təməl prinsiplərini, onun inkişaf strategiyasını müəyyənləşdirib. Bu strategiya hər zaman Azərbaycana uğurlar qazandırıb.

Bu fikirləri Teleqraf.com-a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə xalqın min illərlə arzusunda olduğu niyyətləri gerçəyə çevrilib:

“Azərbaycan müstəqilliyə qovuşub. Xalqımızın böyük oğlu “Mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbaycan Respublikasıdır, Azərbaycan vətəndaşıdır” deyib. Dövlətçiliyin ideoloji-siyasi əsaslarını, milli dövlətçiliyin konsepsiyasını yaradıb. Müdrik idarəçilik sayəsində Azərbaycan demokratik təsisatların təşəkkül tapdığı müasir ölkə oldu”.

Millət vəkilinin sözlərinə görə, Ümummilli lider Heydər Əliyevin siyasi kursu sayəsində Azərbaycan Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynadı:

“Ölkəmiz dünyanın ən dinamik inkişaf edən dövlətlərindən biri oldu. Ulu öndər Azərbaycan dövlətinin müstəqilliyinin qorunması və inkişafı yolunda uğurlu siyasət apararaq xalqı öz ətrafında birləşdirməyi bacarıb. Ölkə rəhbəri kimi Heydər Əliyevin əsas siyasi kursu da bu prinsiplər əsasında həyata keçirilirib. O, Azərbaycan xalqının rahat, azad və əmin-amanlıq şəraitində yaşaması üçün çalışıb”.

S. Fətəliyeva Ulu öndər Heydər Əliyev mürəkkəb qlobal, regional vəziyyətin mövcudluğu şəraitində əsaslandırılmış xarici siyasət kursu həyata keçirdiyini söyləyib:

“Bu, Azərbaycan dövlətçiliyi üçün tarixi töhfə idi. Ulu öndərin müəyyənləşdirdiyi xarici siyasət kursunda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ən başlıca yer tuturdu. Belə ki, Heydər Əliyev bütün xarici səfərlərində, beynəlxalq tədbirlərdə, xarici ölkələrin nümayəndələrinin ölkəmizə səfərlərində Qarabağ həqiqətlərinə xüsusi yer verir, Ermənistanın işğalçılıq siyasətini ifşa edirdi. Məhz bu siyasət nəticəsində Azərbaycan diplomatik müstəvidə münaqişənin həlli ilə bağlı uğurlar qazanırdı. Dünya ölkələri, beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır və bu barədə sənədlər qəbul edirdilər. 44 günlük Vətən müharibəsində qazanılan qələbədə bu amillər də vacib rol oynadı. Çünki Ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş siyasi kursda milli maraqlarımız hər şeydən üstün dayanırdı. Bu kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticə etibarilə qələbəmizi şərtləndirdi. Müharibənin davam etdiyi günlərdə Ermənistan rəhbərliyinin, erməni lobbisiinin və diasporunun cəhdlərinə baxmayaraq, heç bir dövlət, beynəlxalq təşkilat Azərbaycana qarşı hər hansı addım atmadı, Dağlı Qarabağın Azərbaycanın tərkib hissəsi olduğu bəyan olundu”.

Deputat qeyd edib ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dünyanın inkişaf edən, yeniləşən, müasirləşən, demokratikləşən dövlətinə çevrilib:

“Qazanılan uğurlar, torpaqlarımızın işğaldan azad olunması isə regionda yeni vəziyyət yaradır. Bu amil Azərbaycanın beynəlxalq aləmdə mövqeyini əhəmiyyətli dərəcədə gücləndirəcək. Ümummilli liderin qurduğu dünyəvi Azərbaycan dövləti tarixinin şərəfli dövrünü yaşayır”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər