12 Dekabr 2020 12:03
355
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Heydər Əliyevin anım günüdür.

Oxuduğu məktəblərdə, işlədiyi vəzifələrdə, yaşadığı ailədə və cəmiyyətdə həmişə uğurlara imza atmış Heydər Əliyevi xoşbəxt insan hesab etmək olar. Əmək fəaliyyətinə başladığı zamandan həmişə işlərin ən çətinini, məsuliyyətin ən ağırını öz üzərinə götürmüş Heydər Əliyev harada çalışmasından asılı olmayaraq nəticə həmişə eyni olub – QƏLƏBƏ.

Böyük entuziazmla başladığı bütün işləri yeganə amalla – ölkəsinə və xalqına fayda vermək arzusu ilə başa çatdırıb uğur qazanmaq H. Əliyevin həyat kredosu idi. Sovet xüsusi xidmət orqanlarında uğurlu fəaliyyəti onu işlədiyi qurumun ən yüksək pilləsinə ucaltdı. Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsində ilk milli kadr kimi öz xalqının milli maraqlarını sovet rejiminin repressiyalarından qorumağı bacardı. Yeni vəzifədə qazandığı uğurlu təcrübə onu Azərbaycanın ali siyasi hakimiyyətinə gətirdi. Azərbaycana rəhbərlik etdiyi illər xalqımız üçün ardıcıl qələbələr və davamlı uğurlar silsiləsinə çevrildi. Azərbaycan İttifaq daxilində geridə qalmış aqrar bir ölkədən qabaqcıl sənaye və müasir elmi-texniki nailiyyətlər ölkəsinə çevrildi. Azərbaycanda öz vəzifəsini Qələbə ilə başa vuran Heydər Əliyevə Sovet İttifaqının ali idarəçiliyində ən yüksək vəzifələrdən biri həvalə olundu. Burada da Heydər Əliyev orijinal iş üslubu, xarizmatik lider xüsusiyyətləri ilə milyonların rəğbətini qazandı. Həyatı boyu pillə-pillə yüksəldiyi dövlət qulluğu vəzifələrində ən cəsarətli təşəbbüslərin, ən gözlənilməz həll yollarının və ən riskli siyasi gedişlərin müəllifi kimi yadda qalan Heydər Əliyev Sovetlər İttifaqının ən parlaq siyasi simalarından biri idi. O dünyanın üçdə birini təşkil edən ən böyük ölkəsində milyonların kumirinə çevrilə bilmişdi.

90-cı illər dünya tarixinə böyük dəyişiklər gətirdi. Qlobal miqyaslı dəyişikliklər dünya miqyaslı şəxsiyyətlərin də həyatında öz əksini tapır. Heydər Əliyevin də həyatında ən böyük qələbələri yetişdirəcək yeni tarix - dövlət müstəqilliyi tarixi başladı. Özünün dediyi kimi, “...həyatının qalan hissəsini də öz xalqına xidmətə həsr etdi.” Əvvəlki illərdən daha böyük əzmlə çalışan lider həyatının ən böyük uğurlarına imza atmağı bacardı. Böyük məharətlə ölkəsini vətəndaş müharibəsindən xilas edən Heydər Əliyev Azərbaycanın müstəqilliyini əbədi, dönməz və sarsılmaz etdi. Qarabağı işğaldan azad etməyə ömür vəfa etməsə də, o böyük inamla bu azadlığa aparan yolun əsasını qoydu. Qarabağın azadlığına aparan “yol xəritəsi”ni etibarlı əllərə həvalə etdi. Heydər Əliyevin sonuncu möhtəşəm Qələbəsi İlham Əliyev tərəfindən Qarabağın azad olunması ilə təmin edildi. Tarix göstərdi ki, Heydər Əliyev aramızda olmasa da onun siyasəti xalqımıza qələbələr qazandırmaqda davam edir.

Həyatı qələbələr salnaməsini xatırladan bu böyük insanın bioqrafiyasına baxanda öz həyatını heç zaman, heç bir şəraitdə özü üçün yaşamadığını görmək olur. Buna baxmayaraq onu tariximizin ən xoşbəxt adamlarından biri hesab etmək olar. Çünki o öz xoşbəxtliyini dövlətinin azadlığında və müstəqilliyində, öz xalqının xoşbəxtliyində görürdü. Bu gün xalqımız dünyanın ən xoşbəxt xalqlarından biridir. Azərbaycanın müstəqilliyi isə Heydər Əliyevin dediyi kimi, “əbədidir, dönməzdir və sarsılmazdır.”


Müəllif: Cavanşir Feyziyev

Oxşar xəbərlər